Terrorçu və işğalçı Ermənistanın başında duran Paşinyan hökumətinin Amerika milyarderi, bir sıra “rəngli inqilablar” layihələrinin müəllifi Corc Soros tərəfindən hakimiyyətə gətirilməsi və idarə olunması artıq ciddi qəbul olunan bir fakta çevrilib. Sorosun isə ABŞ-ın hazırda müxalifətdə olan Demokratlar partiyasıyla yaxınlığı hiss olunur. Bu baxımdan Prezident seçkiləri ərəfəsində olan Birləşmiş Ştatların siyasi dairələrinin Azərbaycanın torpaqlarının azadlığı üçün apardığı əməliyyatlara münasibəti çox maraqlı və ciddi məsələdir...
Təbii ki, əgər Paşinyan doğrudan da Sorosun adamıdırsa, onun hakimiyyətə gəlməsi üçün para qoyubsa, bu araqarışdıran milyarder mümkün yollarla Nikolun iqtidarda qalmasına da çalışacaq. Və bəlkə də bu gün onun Qarabağ savaşında da tam uduzmaması üçün də bacardığı dəstəyi verir...
Bəs noyabrda ABŞ-da keçiriləcək Prezident seçkilərinin nəticələri Ağ Evin, Pentaqonun Azərbaycanın Qarabağdakı əməliyyatlarına münasibətini hansı istiqamətə dəyişə bilər?..
Movzu ilə bağlı Moderator.az əməkdaşının bu və ya digər suallarını cavablandıran sabiq Xarici İşlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov nikbin danışıb.
“Dünyada və daxilində o qədər problemlər var ki, ABŞ üçün hazırda Qarabağ problemi o qədər də gündəmdə deyil. Real danışsaq, heç yada da düşmür. Və indiki mərhələdə həmin ölkədə hansısa siyasi dairələrin bu məsələ ilə ciddi maraqlanmağından danışmaq olmaz. Sadəcə, demokratlar bir az fəallıq göstərməyə çalışırlar; Ermənistana yardımla bağlı müəyyən bəyanatlar verdilər. Hesab edirəm ki, heç bəyanatdan o tərəfə gedən də olmayacq. Bir sözlə, Azərbaycanın uğurlu əməliyyatlar apardığı bir vaxtda ABŞ-ın başı daxili problemlərinə, siyasətə qarışıb. Və hazırda rəsmi Vaşinqtonun diqqətini Qarabağ mövzusuna dəyişməyə heç erməni lobbisinin də gücü çatmaz. Ona görə, zənnimcə, Amerikada Prezident seçkilərində də kimin seçilib-seçilməməsinin də Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı haqlı mübarizəyə o qədər təsiri olmayacaq. Bununla bağlı real siyasi addımlar yalnız 2021-ci ilin yanvarından, yəni artıq ABŞ-ın yeni Prezidentinin and içərək bilavasitə vəzifələrinin icrasına başlamasından sonra gözlənilir. Çünki o vaxta qədər Birləşmiş Ştatlarda xüsusi siyasi dövr hesab olunur. Əgər köhnə Prezident qalırsa, onun proqramı təzələnir, hansısa yeni elementlər daxil edilir. Yeni Prezident gəlirsə, onun proqramı bambaşqa olur...
Bir sözlə, düşünürəm ki, ABŞ Qarabağdakı hərbi əməliyyatlara ciddi müdaxilə edən deyil. Həm də ona görə ki, bir sıra aparıcı dövlətlər kimi Amerika da istəmir ki, Ermənistanın hazırkı anormal siyasətinə şərik olsun və ya onu bu və ya digər formada yeniləsin. Və digər ölkələrin də, hətta Fransanın belə, məsələyə münasibət və baxışlarını təhlil etsək, belə bir nəticəyə gəlmək olar ki, Qarabağ ətrafındakı beynəlxalq durum Azərbaycanın kontrolu altındadır...”- deyə politoloq inamla vurğulayıb.
“Amerikanın pərdəarxası qüvvələri, elə C.Sorosun özü müəyyən maraqları naminə Ermənistana, Paşinyan hakimiyyətinə dəstək verə bilməz ki? Rusiyanın bəzi nəşrləri Qarabağdakı hazırkı hərbi əməliyyatları hətta Soros-Ərdoğan savaşının təzahürü kimi qələmə verməyə çalışırlar. Belə çıxmır ki, elə Gəncəyə, Bakıya ballistik raketləri də Soros atdırır? Bəlkə digər regionlar kimi Güney Qafqazı da xaosa bələmək istəyir?”- suallarını isə T. Zülfüqarov belə cavablandırıb:
“Bilirsiz, Sorosun da imkanları məhduddur. Yəni o, müəyyən hadisə və proseslərə təsir edə bilir, amma bu, o demək deyil ki, dünyanı Soros idarə edir. Və ən başlıcası, dünyada Sorosdan başqa Azərbaycana yaxın olan digər daha güclü qüvvələr də var... Gəncədəki raket qətliamlarına gəlincə, bu, Ermənistanın zərərinə olan bir məsələdir. Çünki ermənilər bununla azdan-çoxdan onlara simpatiyası olanların da rəğbətini itirdilər. Bundan əlavə, biz başa düşməliyik ki, həmin raketlər Rusiyanı da müharibəyə cəlb etmək, bu ölkənin qoşunlarının bölgədə yerləşdirilməsinə şərait yaratmaq üçün atılıb. Təbii ki, Qərbin buna münasibəti birmənalı olacaq. Çünki Paşinyan bu terrorçuya xas addımıyla, demək olar ki, Avropa və ABŞ-ı da özündən uzaqlaşdırıb. Təbii ki, Qərbdə heç kəs istəməz ki, Rusiya hansısa sülhməramlı qüvvələr adıyla yenidən öz qoşunlarını Azərbaycan Respublikası ərazisində yerləşdirsin... Avropa İttifaqının bəyanatına səbəb olan əsas amillərdən biri də məhz budur. Bu, hərbi əməliyyatlar dövründə ermənilərə qarşı ən təsirli bəyanat oldu...”
Sultan Laçın
Fikirlər