“Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq”

“Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq”

“Əsas məsələ qalib gəlməkdir. Amma qələbənin möhkəmləndirilməsi, geridönməzliyin təmin edilməsi daha vacibdir. Ən əsası isə qələbədən sonra irəliyə getmək bacarığıdır. 100 gün əvvəl 30 illik məğlubiyyətə, 200 illik məzlum vəziyyətimizə son qoyduq, düşmənlə yerlərimizi dəyişdirdik. İndi onlar məzlum və məğlub durumdadırlar, fəlakət içərisindədirlər”. 

 "AzerTaym.az" bildirir ki, bunu QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında deyib. O, bildirib ki, vəzifəmiz onları bu vəziyyətdə saxlamaq, düşdükləri durumla barışmağa məcbur etməkdir.

“ Tam qələbə o vaxt olur ki , düşmən məğlubiyyətini etiraf etsin. Düşmən isə hələ də çabalayır, əlinin dalını yerə qoymur, vəziyyətdən çıxmağa çalışır. Rusiyanın oyunları, Ermənistanın hikkəli bəyanatları, Dağlıq Qarabağdakı quldurların hələ də sərbəst gəzməsi narahatlıq mənbəyimizdir. Son günlərin hadisələri yenidən nələrinsə baş verdiyini göstərir. Azərbaycandan iqtisadi əməkdaşlıqla bağlı böyük heyətin Türkiyə səfəri, orada yüksək səviyyədə görüşlərin keçirilməsi, Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları, Putinlə Paşinyanın telefon təmasları, xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr, baş terrorçu Araikin rus dili təşəbbüsləri, bütün bunlar yeni situasiyanın yarandığının əlamətləridir. Müşahidələr göstərir ki, Türkiyə regionda 10 noyabr proseslərinin davam etdirilməsinə çalışır, Rusiya bu məsələdə maraqlı görünmür, Ermənistan hər vəchlə prosesi yarımçıq kəsməyə cəhd edir. Azərbaycan hələlik tutduğu mövqelərin möhkəmləndirilməsi ilə məşğuldur”.

 

A.Nağı məsələnin hərb fazasına son qoyulduğunu güman etmir: “Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq. Çünki Ermənistan aldığı məğlubiyyətdən düzgün nəticələr çıxarmaq, başa düşmək istəmir ki, Azərbaycanın üstünlüyünü qəbul etməlidir, ermənilərə pay verdiyimiz dövləti qoruyub saxlamaq üçün Rusiya və ya başqa birisinə yox, Türkiyə və Azərbaycana sığınmalıdır. Ermənilər düşdükləri ağır vəziyyətdən yalnız Bakı və Ankaranın köməyi ilə çıxa bilər. Bunu anlamaq, bu yöndə çalışmaq əvəzinə revanşist hisslərə güc verirlər. Rusiya da onların bu sarsaqlığından son yüz ildə olduğu kimi, yenə də yararlanmağa çalışır. Ona görə də müharibə ehtimalı realdır. Azərbaycan yarımçıq nəticələrlə kifayətlənməyəcək və tam qələbə üçün yetərincə güclüdür. Azərbaycan cəmiyyəti də yarı-yolda dayanmağı qəbul etmir. Qələbədən ruhlanmış, milli qüruru bərpa olunmuş xalq Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağının dalğalanacığı günü səbirsizliklə gözləyir. Bu, pafos deyil, millətin ruhuna hakim kəsilmiş istək, sosial sifarişdir”.






Fikirlər