İSGƏNDƏR HƏMİDOVUN “3-4 RAYONU ALAQ” AÇIQLAMASINA QAT-dan dəstək
Akif Nağı: “Biz savaşa başlasaq, bəlkə də onlar yenidən bir araya gələ bilməyəcəklər” Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bildirib ki, Qarabağ məsələsinin həllində ümid ancaq savaşa qalır. Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq, sonra danışıqlar masası arxasında söhbətlər aparıla bilər. Sabiq nazir həmçinin deyib ki, Ermənistanın daxilində hazırda qarışıqlıq hökm sürür. Bu fürsətdən yararlanmalıyıq: “Belə fürsətlər bizim əlimizə çox düşüb. Bundan əvvəl də seçkilər ərəfəsində Serj Sərkisyan Dağlıq Qarabağdakı qoşunu İrəvana çağırmışdı, onda əsl məqam yetişmişdi. Bu günlərdə də vəziyyət çox gərgindir. Ermənistanın döyüşən hissələri Dağlıq Qarabağdadır, onları geri çağıra bilərlər. Sözsüz ki, yenə də işğal altındakı ərazilərdən hərbi qüvvələri Ermənistana çağıracaqlar. Çünki Sərkisyan özü Dağlıq Qarabağdandır. Ermənistanda bunlara ”aziki" deyirlər. Sərkisyanın, Köçəryanın inandığı hərbçilər də Dağlıq Qarabağda olanlardır. Getdikcə ara qarışanda Dağlıq Qarabağdakı qoşun hissələrini Ermənistana aparacaqlar. O zaman Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb hərbi əməliyyatlara başlaya və ərazilərimizi azad edə bilər".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, müharibə başlanmalıdır, lakin 3-4 rayonla kifayətlənib dayandırılmamalıdır: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq sona qədər-bütün ərazilərimiz erməni işğalından azad edilənədək müharibənin tərəfdarıyıq. Sağlam məntiq də onu tələb edir ki, yarımçıq qələbə ilə ciddi və tam nəticələrə, Ermənistanın bütün iddialarından geri çəkilməsinə nail olmaq mümkün deyil. Cəmiyyətdə o cür fikirlər yer alır ki, 3-4 rayonu azad edəndən sonra ermənilər danışıqlarda daha yumşaq mövqe tuta bilər. Amma bu, inandırıcı deyil. Əksinə, bu cür yarımçıq qələbə ilə, yarımçıq nəticə ilə kifayətlənməli ola və ərazilərimizin xeyli hissəsini həmişəlik itirə bilərik. Hazırkı məqamla bağlı mən də hesab edirəm ki, düşmən tərəfdə siyasi böhranın, daxili gərginliyin olmasından istifadə etmək gərəkdir. Serj Sərkisyan bu vəziyyətdən, yəqin ki, çıxacaq, baş nazirliyi ələ keçirəcək, amma ondan sonra vəziyyət böyük ehtimalla daha gərgin olacaq. Həmin fürsəti gözləmək bəlkə daha əlverişli olar. Belə bir məsələ də var ki, ermənilər Azərbaycan tərəfindən real təhlükə yaranan kimi dərhal hər şeyi unudub bir araya gəlirlər. Amma indi deyəsən hakimiyyət hərislərinin mübarizəsi, Serjin hakimiyyət ehtirası o qədər yüksək həddə çatıb, elə geriyədönməz hala gəlib ki, biz savaşa başlasaq, bəlkə də onlar yenidən bir araya gələ bilməyəcəklər. Ona görə də başlamaq lazımdır”.
Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, indiki vəziyyətdə Azərbaycanın müharibəyə başlaması Serj Sərkisyanın daxildə mövqelərinin möhkəmlənməsinə dolayısı ilə səbəb ola bilər: “Əvvəla, Ermənistanda ara Rusiyanın icazə verdiyi yerə qədər qarışıb. Digər tərəfdən, indiki şəraitdə Ermənistana qarşı hansısa addımların atılması yalnız və yalnız Qarabağ kartı üzərindən hakimiyyətini qoruyub saxlamağa çalışan Serj Sərkisyanın mövqelərini möhkəmləndirə bilər. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Ermənistanda yaranmış ”fürsətli vəziyyət"dən daha çox digər, bu söhbətimiz əsnasında sadalamaq istəmədiyim amillərlə bağlıdır. Azərbaycanın öz torpaqlarını işğaldan hərbi əməliyyatlar vasitəsilə azad etmək potensialına gəldikdə isə, mən bu potensialı Ermənistan daxilindəki hər hansı bir fürsətlə əlaqələndirməyi doğru saymıram. Silahlı Qüvvələrimiz kifayət qədər güclüdür".