Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə qovub? - TƏFƏRRÜAT
Sabiq deputat Elton Məmmədovun bu ilin aprel ayında AMEA-dakı İşlər idarəsinin müdiri vəzifəsindən azad olunmasının yeni təfərrüatları bəlli olub. Yenisabah.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, AMEA-nın prezidenti Ramiz Mehdiyev Elton Məmmədovu vəzifəyə təyin edərkən ondan şəxsi vəsaiti hesabına AMEA-da müəyyən təmir-bərpa işlərinin aparılmasını tələb edib. Mənbə bildirir ki, işdən çıxarılan məmurları "köhnə komanda"nın üzvləri adlandıran Ramiz Mehdiyev Elton Məmmədova bu şəxslərin birləşməsinin vacibliyini də bildirib. Nəticədə Elton Məmmədov AMEA-da öz şəxsi vəsaiti hesabına müəyyən təmir işləri həyata keçirib. İş bitəndən sonra isə Ramiz Mehdiyevin Elton Məmmədova olan münasibəti tamamilə dəyişib. Daha sonra isə o, yaxınları vasitəsilə Elton Məmmədova işdən azad olunduğu barədə xəbər göndərib. Məsələ ilə bağlı Demokrat.az Elton Məmmədovdan geniş müsahibə alıb. Sabiq deputatın fikirləri gün ərzində saytımızda dərc ediləcək. Onu da qeyd edək ki, Elton Məmmədov işdən qanunsuz çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırıb və məhkəmə onun iddiasını tələb edib.