“Qazaxıstan hadisələri keçmiş sovet respublikalarına bir dərsdir” - Nurəddin Mehdixanlı

“Qazaxıstan hadisələri keçmiş sovet respublikalarına bir dərsdir” - Nurəddin Mehdixanlı

“Bu, ğaldır. Hələ ki, işğalla üz-üzə qalmayan keçmiş sovet respublikaları bu barədə yaxşı düşünməlidirlər...”

Bu sözləri Yenisabah.az-a Qazaxıstanda baş verən hadisələrlə bağlı danışarkən Xalq artisti Nurəddin Mehdixanlı bildirib.

O, qeyd edib ki, Qazaxıstandakı qarmaqarışıq vəziyyət üzərindən xəyallar quranlardan nəticə çıxarılmalıdır:

“Qazaxıstanda baş verən hadisələr gözlənilən idi. Rusiyada hakimiyyət dəyişikliyindən sonra Vladimir Putin keçmiş SSRİ xəyalı ilə yaşayır. O, SSRİ-nin dağılmasını faciə hesab edir və keçmiş SSRİ-ni Rusiya imperiyası şəklində bərpa etmək planlaşdırır. Bu ideyasını da addım-addım yerinə yetirir. Keçmiş sovet respublikalarını müxtəlif vasitələrlə özündən asılı etməklə, əzməklə, hədə-qorxu gəlməklə, basqılar etməklə, sərhədlərində problem yaratmaqla bunu bacarır.

Bu gün sanki dünyanın yenidən bölüşdürülməsi prosesi davam edir. Bəzi ölkələr “Amerika, Çin yanımızda olacaq” vədlərinə inanaraq yanlış siyasət yürüdür. Onlar bir-bir rus ayısının qurduğu tələyə düşür.

Yadınızdadırsa, Rusiya qoşunları Tiflisin 20 kilometrliyinə qədər gəlib çıxmışdı Tiflisi sındırdılar, indi ortalıqda qalıblar. Bundan sonra Ukrayna ilə oyun qurdular, Ukrayna uduzdu. Əslində, demokratiya adı altında düşünülmüş siyasətlə keçmiş sovet imperiyasına daxil olan ölkələri yenidə Rusiyaya qurbanına vermək, təsir dairəsinə salmaq istəyirlər. Bu, düşünülmüş oyundur”.

N. Mehdixanlının sözlərinə görə, qiymət artımına etiraz adı altında təşkil olunan iğtişaşlar, bu hadisələrin təcavüz aktı kimi xarakterizə edilməsi, Qazaxıstanda “terror” təhlükəsinin aradan qaldırılması üçün bu ölkənin prezidenti tərəfindən KTMT-dən, əslində Rusiyadan yardım istənilməsi incəliyinə qədər öncədən hazırlanmış plan olub:

“Mən bir şeyi bilirəm ki, Qazaxıstanın bu gün müstəqilliyi artıq təhlükə altındadır. Bunun başqa adı yoxdur, biz müstəqil Qazaxıstandan danışanda ehtiyatlı olmalıyıq. Bu gün başqa ölkənin ordusu oradadırsa, hansı müstəqillikdən söhbət gedə bilər?! KTMT qüvvələri əslində, rus ordusudur və qəribədir ki, həmin təşkilatın sədri, Ermənistan hadisəyə anında reaksiya verdi və qüvvələrini ora göndərdi.

Əgər Rusiya patriarxı Kirill “Rus ordusu  tarixi torpaqlarına girib” deyirsə, bu işğaldır. Hələ ki, işğala məruz qalmayan keçmiş sovet respublikaları bu barədə yaxşı düşünməlidirlər. Bunu həm xalq, həm də dövlətin başında duranlar düşünməlidir. Vədlər verən çox olacaq, məsəl var: “Yetimə gəl-gəl deyən çox olar, amma çörək verən az”. Keçmiş sovet respublikaları ciddi müttəfiqlərin yanında olmalıdır”.

Sənətçi hazırki vəziyyətdə türk dövlətlərinin bir-birinin yanında olmasının vacib sayıb:

“Türk Dövlətləri Təşkilatı çox təəssüf ki, dişsiz bir bəyanat verdi. Hansı köməkdən danışırsınız, rus qoşunları Almatının küçələrində mülki insanları qırır. Mən bilmirəm güllə atanlar, polisin başını kəsənlər, sarayları, evləri yanğına verənlər kimdir. Amma yüzdə faiz əminəm ki, bu, Rusiya kəşfiyyat qurumlarının əməlləridir.

Səbəb yaradıldı və nəticə ortadadır. Tokayev bu yaxınlarda Moskvada dedi: “Nüvə silahına gərək yoxdur, firavan yaşamaq olar”. Putinin cavabı: “Səddam Hüseyn də elə düşünürdü”. Baxın, dörd gün sonra nə baş verdi. Bu gün Rusiyanın dövlət adamları, din adamları, KİV-ləri bir ağızdan deyir: “Qazaxıstan Rusiya torpaqlarıdır, biz öz torpaqlarımızdayıq”. Ona görə də kimsə Moskvanın göz yaşlarına inanmasın. Özümüzü qorumağı bacarmalıyıq. Türkiyə Cümhuriyyəti ilə daha ciddi bağlar qurmalıyıq. Türk dünyası olmaq cəsarət göstərə bilmirik. Əgər ölkə prezidenti “Xəbərdarlıq etmədən atəş açın” deyirsə, vəziyyət qəlizdir. Türk Dövlətləri Təşkilatının sözdə yox, əməldə bir olmasının vaxtı çatıb”.






Fikirlər