Putinin Donbassdakı separatçı rejimləri tanıması Qarabağa necə təsir edər?

{title}

Dünyanın diqqəti Ukraynadadır. Baxmayaraq ki, dünyanın başqa narahat və gərgin yerləri, münaqişə ocaqları da var, amma Ukrayna həyəcanı hamısını üstələyib.
Dünyanın narahat və gərgin yerlərindən biri də Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsidir ki, Ukrayna böhranının əsas səbəbkarı olan Rusiya Federasiyasının silahlı qüvvələri 15 aydır ora nəzarət edir. Deməli, Ukrayna böhranının həm birbaşa, həm də dolayısı şəkildə bizim də problemimizə mümkün təsirləri ola bilər. Böhranın inkişafı və nəticəsi yalnız Azərbaycanın deyil, Baltikyanı ölkələr istisna olmaqla digər postsovet respublikalarının da gələcəyinə, Rusiyanın bu ölkələri nə dərəcədə təsir və təzyiq altında saxlamaq imkanı və perspektivinə tam olmasa da bir aydınlıq gətirəcəyi proqnozlaşdırılan ehtimallardan biridir.
 
Ukrayna böhranından Rusiyanın uduşlu çıxmaq şansları çox aşağıdır.
Müharibənin olması, hətta kiçik miqyasda baş verməsi Rusiyanın dünyadan təcrid olunması, sanksiyalarla üzləşməsi, daxilində gərginliyin artması və ağır nəticələr verməsi ilə yekunlaşa bilər. Müharibə olmasa, Putin siyasi nüfuzunu qorumaq üçün çox güman ki, separatçı Donetsk Xalq Respublikasını və Luqansk Xalq Respublikasını tanıyacaq. Dövlət Dumasının tanınma ilə bağlı Putinə müraciətinin də məhz Kreml sahibinin göstərişi ilə baş tutmasına şübhə qalmır. Putinin müharibəyə başlamadığını minnət kimi Qərb qarşısında qoyub, Abxaziya və Cənubi Osetiyada olduğu kimi Donbas separatçı rejimlərini də müstəqil dövlət kimi tanıdığını elan edəcəyi çox real görünür.
 
Rusiya Dövlət Dumasının qəbul etdiyi bu qərarın dolayısı ilə Qarabağdakı separatçı rejimi də ruhlandırdığını və “Artsaxın Donbasdan nəyi əskikdir” fikirlərinin erməni mediasında yer almasını keçən təhlillərimizdə qeyd etmişdik. Hələ Dumanın qərarından ruhlanıb son bir həftədə ardıcıl təxribatlar törədən separatçıların Putinin Donbas planından, yəni separatçı rejimlərin tanınmasından sonra Qarabağda elə sülhməramlıların dəstəyi ilə vəziyyəti daha da gərginləşdirə biləcəyi tamamilə mümkündür.   
 
Onsuz da separatçı rejimin son həftədə təxribatları intensivləşib. Kəlbəcərə gedən yük maşınlarına rejim polisinin baxış keçirməsi, daha sonra Azərbaycan maşın karvanının hərəkətinə mane olaraq geri qaytarması və ikinci cəhddə də eyni hərəkəti təkrar etməsi, səngər qazıb istehkamlar qurması separatçıların son həftədə törətdiyi təxribatlardır və qarşısı nə sülhməramlılar, nə də bizim tərəfdən alınmayıb. Təxribatlar serialı bununla bitməyib, separatçılar qondarma parlamentlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı 1988-ci ilin 20 fevralında başlatdıqları hərəkəti 2022-ci ilin fevralında davam etdirib, məğlub olmaqlarına baxmayaraq yenidən keçmiş muxtar vilayətin ərazisinə, eyni zamanda Ağcakənd, Çaykənd ətrafı torpaqlara iddialı olduqları haqqında özlərindən başqa heç kimə lazım olmayan qərarlar qəbul ediblər. Üstəlik, 10 noyabr 2020 bəyanatından imtina edəcəkləri və bununla da 1994-cü il vəziyyətinə qayıtmaq barədə üçüncü qərar qəbul edəcəklərinə eyham vurublar. Bütün bunlar boğulanın sapan çöpündən yapışmasıdır, heç bir hüquqi əsası yoxdur, amma narahatlıq yaradan separatçıların hansı proseslərdən stimul almasıdır.  Bu stimul Ermənistanın Qarabağdakı qondarma respublikanın tanımasına gətirib çıxara bilərmi? Əgər Putin Donbasdakı separatçı rejimləri dövlət kimi tanısa, rəsmi İrəvan əvvəllər Putinin səsləndirdiyi “ heç Ermənistan Dağlıq Qarabağı tanımayıb” fikrinə əsaslanıb belə bir addım atmağa cəsarət edərmi? O zaman Azərbaycanın cavabı necə olacaq? Müharibə, yoxsa diplomatik danışıqlar? 
 Bütün bunlara Azərbaycanın seyrçi, sakit və rahat yanaşması nə dərəcədə doğrudur və bu siyasət  strateji təmkin adlanırmı? Strateji təmkin qarşındakının fəallığına, təxribatlarına susmaq deyil və əgər qarşıdakının da haradan dəstək aldığını biliriksə, bu təmkindən çox çəkingənliyə bənzəmirmi? Dünya Ukraynanın yanındadır, amma 44 günlük müharibədən əvvəlki dövrdə, müharibədən sonra da bizə olan münasibətdə yenə ikili standartları görürük. Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Litsenbergerin yerli mətbuat nümayəndələri ilə görüşündə söylədikləri dediyimizə nümunədir:
 
“Rusiya sülhməramlıları orada( Qarabağda) həmişəlik qalacaqlarmı? Bəs orada olmasalar, getsələr, orada vəziyyət necə olacaq? Hesab edirəm ki, bu suallara bizdə bütün cavablar yoxdur və məsələnin tam həlli beynəlxalq ictimaiyyətin dəstəyi ilə bütün maraqlı tərəflərin iştirakını tələb edəcəkdir”. Səfirin Rusiya sülhməramlıları ilə bağlı narahatlığı başadüşüləndirsə, onlar gedəndən sonra vəziyyətin necə olacağı və məsələnin həlli üçün “beynəlxalq ictimaiyyətin dəstəyi ilə bütün maraqlı tərəflərin iştirakının tələb edilməsi” fikirləri dolayısı yolla statusa və Minsk Qrupunun yenidən vasitəçi rolunda dövriyəyə girməsinə işarədir. 
 
Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri olacağı barədə məlumatlar yayılıb. Ukrayna böhranının o vaxta kimi hansı həddə olacağı hələlik qeyri-müəyyəndir. Moskva bu ərəfədə aqressivdir, amma tərəfdaşlara da ehtiyacı var və Qərblə gərgin münasibətlər yaşadığı bir zamanda Türkiyə və Azərbaycanla normal əlaqələr saxlamağa məcburdur. Azərbaycan indiyədək strateji təmkinini saxlaya bilib və bu həssas zamanda maraqlarımıza uyğun xarici siyasətini, konkret olaraq Rusiya ilə münasibətlərini balanslı şəkildə davam etdirəcəyinə şübhə yoxdur. Amma, separatçı rejimin məhz azərbaycanlıların doğma yurd yerlərində-Xocalıda, Malıbəylidə çoxsaylı bina və mənzil tikməsinə, Qarabağ daxili yollarını kəsməsinə, bir sözlə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlarına da sərt rəsmi reaksiya bildirib, 10 noyabr 2020 razılaşmasında göstərilən maddələrin yerinə yetirilməsi üçün konkret vaxt təyin etməlidir. Strateji təmkin taktiki gedişlərlə zənginləşməsə düşmən havadarı ilə ciddi problemlər yaratmağa hazırdır. 
 
İlham İsmayıl






Fikirlər