NƏHAYƏT, PUTİN KARTLARINI AÇDI... - Donbass da oldu növbəti Abxaziya və Cənubi Osetiya
Rusiyanın Kiyev başda olmaqla, az qala bütün Ukraynanın işğalı barədə iddialar və istəklər fiaskoya uğradı Moskvanın qərarı Rusiya iqtisadiyyatına çox baha başa gələcək Rusiya Təhlükəsizlik Şurasının fevralın 21-də keçirilən iclası bəlkə də Ukrayna ətrafındakı böhranın kulminasiya nöqtəsi sayıla bilər. Vladimir Putinin başçılığı ilə keçirilən iclasda qondarma “dnr” və “lnr”-in Rusiya tərəfindən tanınması məsələsi əsas müzakirə mövzusu olub və maraqlıdır ki, rəsmi Moskva hətta heç bir Qərb ölkəsinin tarixində görünməmiş formada, “demokrtik” şəkildə bu iclası yayımlayıb. Lakin iclasla bağlı ilk videolentlər yayımlanan kimi, onun rəsmi məlumatda deyiləndən daha əvvəl keçirildiyinə və efirə sonradan verildiyinə dair iddialar irəli sürülməyə başladı. Bunu təsdiqləyən sübutlardan biri həmin iclasda iştirak və çıxış edən Rusiyanın Müdafiə naziri Serqey Şoyqunun saatındakı vaxt olub. Belə ki, rəsmi məlumatda iclasın günün ikinci yarısında keçirildiyi bildirilsə də, Şoyqunun saatının əqrəbləri günün birinci yarısını göstərib və bu, iclasın videogörüntülərində öz əksini tapıb. Ancaq ən əsası bu xırda detallar deyil, nəhayət Rusiyanın nə istədiyinin böyük ölçüdə üzə çıxmasıdır. Belə ki, Moskvanın bir barmaq işarəsilə hazırlanan qondarma “lnr” və “dnr”-in adından separatçıların başçılarının səsləndirdiyi “müstəqilliyin tanınması” müraciəti, bundan əvvəl isə Dumanın oxşar sənədi Putinin bugünkü Təhlükəsizlik Şurasının(TŞ) toplantısının xəbərçiləri idi. Toplantının özünə gəlincə, iştirakçıların hamısı bir ağızdan qondarma qurumların tanınmasını istədi, başqa cür ola da bilməzdi, çünki qərarı TŞ üzvləri deyil, şəxsən Putinin verdiyi heç kimə sirr deyil... Ancaq digər tərəfdən, bu qərar bir növ Ukraynanın əl-qolunu açdı. Çünki bununla da Rusiya Minsk razılaşmasından çıxmış oldu. Həmin razılaşmaya görə Ukrayna rəsmən qondarma respublikalara yüksək status verməli idi. İndiki halda isə onsuz da Rusiyanın tam nəzarəti altında olan həmin ərazilərə aid heç bir statusu Ukrayna tanımır və “dnr”-lə “lnr” də 2008-ci ildə işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın durumuna düşür. Deməkli, həmin qondarma qurumlar hansı acınacaqlı durumdadırlarsa, “lnr”-lə “dnr” də eyni vəziyyətdə olacaqlar. Həmçinin, bu baş verənlər göstərir ki, Rusiya maksimum deyil, minimum hədəfinə çata biləcək. Yəni ki, Kiyev başda olmaqla, az qala bütün Ukraynanın işğalı barədə iddialar və istəklər fiaskoya uğradı və Moskva zatən onun nəzarətində olan əraziləri rəsmən tanımaqla kifayətlənməli olacaq. Uzağı, sərhəddəki rus qoşunları sülhməramlı adı altında Donbassa girib, onun Ukrayna Silahlı Qüvvələri ilə qarşı-qarşıya olan mövqelərində yerləşəcək. Ancaq bu addımın özünün Rusiyaya hansı qiymətə başa gələcəyini təsəvvür etmək elə də çətin deyil... Beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişdirilməsi, Rusiyaya əlavə təhlükəsizklik təminatlarının verilməsi, onun nüfuz dairəsinin genişləndirilməsi, hətta Şərqi Avropaya əl uzatmaq və s. bu kimi perspektivlər isə artıq Moskva üçün olduqca qaranlıq görünür. Həmçinin, bu baş verənlərin Rusiya iqtisadiyyatına çox baha başa gələcəyi də şübhə doğurmur. Artıq Rusiya rublunun və fond bazarının çalxalandığı müşahidə olunur. Fond bazarı demək olar ki, çökməkdədir. Milli valyutaya gəlincə isə məntiqlə və iqtisadi qanunlarla bu gün rus rublu neftin baha qiymətləri fonunda dəyər qazanmalı olduğu halda, əks proses baş verir və o, bir dollara görə 80 rubl diapazonunda vargəl edir. Həmçinin, əksər ekspertlərin fikrincə, bu gərginliyin və Moskvanın şıltaqlığının bundan sonrakı iqtisadi təsirləri mütləq daha geniş şəkildə özünü büruzə verəcək. Nəhayət, bu məsələdə bir simvolik məqam da var. Belə görünür ki, Putinin Pekində keçirilən Qış Olimpiadasına yollanması və çinli həmkarıyla görüşməsi öz “bəhrəsini” verib. Simvoliklik isə ondadır ki, 2008-ci ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” Pekin Yay Olimpiadasının bitməsindən 2 gün sonra tanımışdı. Tarix təkrarlanır və Moskva bu dəfə Pekin 2022-ci il Qış Olimpiadasından iki gün sonra Ukrayna ərazisindəki iki qondarma qurumu tanıyır və onlar da olur Gürcüstandakı nə bu günü, nə də gələcyi olan qurumların tayı... “AzPolitika.info”