Zelenskinin İstanbula “qaçış planı”

Ukrayna prezidentinin  şəxsi təhlükəsizliyi  və Türkiyəyə  gizli təxliyyəsi üçün xüsusi təyyarə  hazırlandığını hansı kəşfiyyat  ələ keçirib?; Putinin Donbas əhalisini köçürmək qərarı "Rusiyanı ağılla anlamaq mümkün deyil " deyimini bir daha yada salır

Putinin Donbasda rusdilli əhalinin Rostova köçürmək qərarını nə vaxt verdiyini söyləmək çətindir. Əlbəttə ki, müharibə başlayacağı təqdirdə bu variant zatən masaya gəlməli idi. Hansı müharibədə qaçqın olmur ki? O baxımdan, Kremlin belə bir planı mütləqdir ki, olub.  Bunun isə təkcə dünyada deyil, Rusiyada doğurduğu əks reaksiyanı da hakimiyyət nəzərə almaya bilməzdi. Çünki  hara qaçqın gəlirsə, orada narahatlıq, yerli əhalidə isə bir etiraz var. Bunun müvəqqəti ola biləcəyini, donbaslıların tezliklə öz yurdlarına qayıdacağına ümid çoxdur.   Bunun bir siyasi tryuk, bəlkə də Rusiyanın vəziyyətdən çıxmaq üçün şansı kimi qiymətləndirirlər.  Amma  rus şairi Fyodr Tyutçev (1803-1873) haqlı olaraq yazırdı ki, "Rusiyanı ağılla anlamaq mümkün deyil". Bu sözləri bəlkə, bütünlüklə ruslara- fərqi yoxdur piterli olsun, moskvalı, ya da donbaslı- aid etmək olar. O səbəbdən Putinin qərarı ilə paralel rusların reaksiyası da çox əhəmiyyətlidir. Hakimiyyət rusların psixologiyasını yaxşı bilir, ona görə Rusiyada qismən mobilizasiya elan olundu.  

Baxın, bütün növ Rusiya qoşunları təlimlər adı altında  dayanmır. Bu gün “İsgəndər” də daxil olmaqla, iki hipersürətli raket sistemi, Putinin “ “Başlayın!” işarəsi ilə “şərti düşmən”hədəflərini vurdu. “Şərti düşmən”in “Rusiya ayısı”nın əsəbi ilə oynaması öz nəticəsini verdi, Moskva qəzəbini göstərdi. Bəlkə də Qərbin beyin mərkəzləri indi təhlil edirlər ki, Rusiya bundan sonra nə edəcək, hansı addımı atacaq? Görünən odur ki, Qərb Putinin bu gedişinə hazırlıqlı olmayıb. Bilsəydilər, Putinin müharibə edəcəyi ilə bağlı münəccimlik  etmək əvəzinə, belə bir planı olduğunu ifşa edərdilər, o halda Rusiya bu avantüraya getməzdi.

Rusiyanın növbəti addımının qondarma respublikaların müstəqilliyini tanıyacağı ilə bağlı olacağı deyilir. Kommunistlərin hazırladığı layihəni Dumadakı hakim “Vahid Rusiya” partiyasının birmənalı dəstəkləməsi belə rəy yaradıb. Ukraynada isə deyirlər ki, Moskva separatçıların  müstəqilliyini tanıyarsa, bu, Rusiyanın Minsk  razılaşmasından çıxması kimi qiymətləndirilməlidir. Dövlət Dumasının qətnaməsi simvolik olaraq Putinin əllərini açır. Bir tərəfdən, Rusiya prezidenti deputatların müraciətini istədiyi müddətə cavabsız buraxa bilər. Digər tərəfdən,  bunu “kozır” kimi saxlaya, separatçıların müstəqilliyi tanıyacağı ilə bağlı Qərbi və Ukraynanı illərlə hədələyə bilər. Amma  Kreml açıq şəkildə hələ danışıqlar üçün açıq qapı saxlayır. Putin son olaraq Ukrayna prezidentini separatçı respublikalarla danışıqlar masasına oturmağa çağırıb.

Zelenskinin isə indi gündəmi bir az fərlidir, ölkəsindəki gərginliyə baxmayaraq, Münhen Təhlükəsizlik Konfransında çıxış etməyə həvəslidir. Rusiya mediası isə kəşfiyyat mənbələrinə istinadən Ukrayna prezidenti haqda maraqlı iddialar irəli sürürlər.

“Ərdoğan Zelenskini təxliyyə etməyə hazırdır”. Həmin materiallardan biri belə adlanır. Bildirilir ki, rəsmi mənbələrə yaxın NEZYGAR Telegram kanalı hazırda dünyanın tanınmış kəşfiyyat strukturlarının Ukraynadakı hadisələri peyklərlə birbaşa izlədiklərini yazır. “NEZYGAR xəbər verir ki, peyklər ABŞ, Böyük Britaniya, Fransa və İlon Mask şirkətinin kiçik peyk qrupuna məxsusdur.  Donbas ərazisi  və Ukraynanın ona bitişik rayonları təkcə Rusiya Müdafiə Nazirliyinin deyil, Çinin də peyki vasitəsilə kosmosdan izlənilir. Kanal bildirir ki, Ukraynada tam elektronlaşdırılmış(insan faktorundan kənar) kəşfiyyat xidmətləri işləyir və onlar təkcə Ukrayna Müdafiə Nazirliyinin deyil,  Prezident Administrasiyasının yüksək çinli  məmurlarının  təhlükəsiz rabitə kanallarına da müdaxilə edə, onları dinləyə bilirlər”.  İddia olunur ki, Rusiya kəşfiyyatı təkcə Ukrayna hakimiyyətində baş verənlərdən deyil, həm də guya nələr hazırlandığından xəbərdardır. “Zelenskinin şəxsi təhlükəsizliyi Türkiyə prezidenti Ərdoğanın təhlükəsizlik xidməti əvəzləyib və gücləndirib. Ukrayna prezidentinin İstanbula gizli təxliyəsi üçün xüsusi təyyarə də hazırdır” deyə, yazıda bildirilir.

Rusiya mediasının konkret mənbəyə istinadən iddiası diqqət çəksə də, qərəzli görünür. Çünki Rusiyanın müəyyən hakim dairələri Türkiyə prezidentinin Ukrayna-Rusiya danışıqlarına vasitəçilik etmək təklifinə qısqanclıqla yanaşırlar. Türkiyənin Ukrayna ilə xüsusilə hərbi sahədə əməkdaşlığı genişləndirməsi, Krım məsələsində  dəyişməz mövqeyi Rusiyada tənqidi qarşılanır. Son olaraq bu ayın əvvəlində Ərdoğan Kiyevdə rəsmi səfərdə olub və vasitəçilik təklifini yenidən təzələyib. Zelenski bu təşəbbüsünə görə təşəkkür etsə də, Kreml yalnız ümumi sözlərlə kifayətlənib. Belə görünür ki, bu cür “kəşfiyyat xarakterli” informasiyaların mediaya ötürülməsi də təsadüfi deyil, məqsədlidir...

Nazim SABİROĞLU,
Musavat.com






Fikirlər