Ukrayna üçün kritik 24 saat...

Ukrayna üçün kritik 24 saat...

Fevralın 28-də səhər saat 4-dən Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevi və Xarkov şəhərini atəşə tutmağa başlayıb. Bu arada Rusiya və Ukrayna nümayəndə heyətləri Belarus sərhədində danışıqlara başlamalıdırlar.

Bir gün öncə Prezident Vladimir Putin Rusiya nüvə qüvvələrini “xüsusi döyüş növbətçiliyi rejimi”nə gətirmək əmri verib. O qərarını NATO rəhbərlinini “aqressiv bəyanatları”na cavab olduğunu deyib. 

Ukrayna Rusiyanın Çerniqov şəhərini bütün gecəni atəşə tutduğunu bəyan edir. Paytaxt Kiyevdə və ölkənin ikinci böyük şəhəri Xarkovda partlayışlar baş verir.

Prezident Volodimir Zelenski fevralın 27-də deyib ki, növbəti 24 saat – Rusiyanın təcavüzünün beşinci günü Ukrayna üçün “həlledici” olacaq.

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə itkiləri etiraf etsə də, rəqəm açıqlamayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiya ordusunun 4500 itki verdiyini deyir.

Ukrayna Daxili İşlər Nazirliyi dinc əhali arasında itki sayını açıqlayıb – 352 nəfərin öldüyü, 1684 nəfərin yaralandığı bildirilir. 

Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon dollarlıq öldürücü silah göndərəcək. Bu, Aİ tarixində aktiv münaqişə zonasına ilk silah göndərişidir. Bundan başqa, Aİ-nin ayrı-ayrı üzvləri Ukraynaya döyüş təyyarələri verəcək.

Aİ-nin Xarici siyasət üzrə başçısı Jozep Borrel qeyd edib ki, Brüssel Ukraynanı müharibəni aparmaq üçün ciddi vasitələrlə təmin etməyə hazırdır.

 

Bazar günü Rusiyada müharibəyə qarşı etirazlarda 2700-dən çox, Belarusda azı 545 nəfər saxlanıb.

 

 






Fikirlər