"Bəzilərimiz istəyirdi ki, Şuşanı azad edən kimi Xankəndiyə girək..."

Sülhməramlıların nəzarətində olan digər ərazilərin də Azərbaycanın tam nəzarətinə keçəcəyi günü də qeyd edəcəyik
 
Müasir dövrdə dünyada, xüsusilə də Ukrayna ərazisində baş verənlər sübut edir ki, Avropanın mərkəzində yerləşən ən böyük əraziyə və orduya malik ölkələr belə  hələ də təhlükəsizlik problemini və qonşularla münasibətlərini tam həll edə bilməyib. Əvvəllər təhlükəsizlik problemlərinə daha çox Yaxın Şərqdə, Afrikada və Qafqazda rast gəlinirdi, indi isə NATO divarlarına bitişik yerləşən və bütün dünyanın dəstəklədiyi Avropanın ikinci böyük ölkəsi tarixinin ən ağır günləri yaşayır. Beynəlxalq hüquqün aliliyindən danışan və Kiyevə dəstək söz verən dövlətlərdən heç biri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmədi. Nədənsə təhlükəsizliyə zəmanət verənlər, yalnız söz verdilər. Bəzi qərb ölkələrinin verdiyi maliyyə vəsaiti, yüngül və yaxın mənzilli silahlar isə təbii ki, nüvə silahını döyüş hazırlığı vəziyyətinə gətirən Rusiyanın imkanları qarşısında zəif görünür. 
 
Azərbaycan isə verilən sözlərə, ümumiyyətlə beynəlxalq hüquqa inamını 1990-cilin yanvarından itirməyə başlayıb. 1992-ci ilin fevralın 26-da baş verən Xocalı Soyqırımı ilə bərabər xalqımız beynəlxalq hüquqa olan az-çox inamını birdəfəlik dəfn edib. Artıq kimsəyə sirr deyil ki, beynəlxalq hüquq böyük dövlətlər tərəfindən hörmət olunan termin olmaqdan belə uzaqda qalıb. Sadəcə bu termin, zəif ölkələri əzmək üçün zaman zaman qlobal güclər tərəfindən alət kimi istifadə olunur. Rusiya isə Ukraynanı viran qoymaqla göstərdi ki, onun üçün isə belə bir anlayış çoxdan mövcud deyil. Dünyanın aparıcı dövlətləri də Rusiya kimi beynəlxalq hüquq normalarını dəfələrlə kobud şəkildə pozublar. Deməli dünyanın beynəlxalq münasibətlər və təhlükəsizlik sisteminin arxitekturası hələ də kifayət qədər həssas qalmaqda davam edir. 
 
Ukraynada baş verən hadisələrin mürəkkəb fonunda böyük güclərin maraq dairəsinin kəsişdiyi regionlarda yerləşən ölkələrin təhlükəsizlik problemlərinin həlli kifayət qədər planlı, praqmatik və ağıllı siyasət tələb edir. Paralel olaraq qlobal və geosiyasi reallıqlar nəzərə alınmalı, mümkün gələcək ssenarilər üçün doğru addımlar əvvəlcədən planlaşdırılmalıdır. 
 
Bu gün NATO və Avropa İttifaqı da daxil olmaqla dünyanın 140 ölkəsinin dəstəklədiyi Ukrayna, tək Rusiya və Belarus müdaxiləsi ilə bacara bilmir. Nə qədər zəifləmiş və sanksiya altında olsa da, Rusiya hələlik qlobal güc olaraq qalmaqdadır. Rusiyanın ətrafında yerləşən hər bir ölkədə müəyyən maraqları daim olub, indi də var və yaxın, bəlkə də uzaq gələcəkdə də olacaq. 
 
Xatırlayırsınızsa müharibənin son günlərində Azərbaycan Rusiyanın hərbi, ABŞ və Avropanın isə maliyyə sanksiyaları ilə təhdid edilirdi. Ordumuzu dayandırmaq üçün BMT-də müzakirələr belə təklif edilirdi. Rusiya müharibə zamanı ən azı atəşkəs barədə 3 dəfə təşəbbüs irəli sürsədə, nəticəsi olmamışdı. Şüşa qəhrəman Ordumuz tərəfindən azad edildikdən sonra Xankəndinin azad edilməsi də qaçılmaz idi. Məhz bu zaman Rusiyanın, Fransanın, ABŞ-ın və beynəlxalq qurumların təzyiqləri maksimuma çatdı. Yanımızda isə həmişə olduğu kimi, tək can qardaşımız Türkiyə var idi. 
 
Müharibənin son günlərində Rusiya qırıcılarının Xəzər üzərində sərhədlərimizi pozması (bu barədə ilk dəfədir yazıram), Ermənistandan 350- 400 km aralıda yerləşən Bakıda ətrafına və Şuşaya “İskəndər” operativ taktiki raket atmasını, Naxçıvan sərhəddində rus helikopterinin vurulmasını, Rusiyanın 102-ci hərbi bazasının Ermənistanın Azərbaycan ilə sərhəddində peyda olmasını, Gəncə, Mingəçevir və digər şəhərlərin mülki sakinlərinin intensiz raket zərbələrinə məruz qalmasını hamımız xatırlayırıq. Ən azından Ermənistan ordusunun taktiki raket buraxmaq imkanının məhdud olduğunu düşünsək, bunun kimlər tərəfindən həyata keçirdiyini ehtimal edə bilərik. Bütün bunlara baxmayaraq qərhəman Ordumuz Şuşaya qədər irəlləyib üçrəngli Bayrağımızı Şuşaya sancandan sonra  Ermənistan dizini yerə qoydu. Azərbaycan Prezidenti İ.Əliyev təhlükəsizlik məsələlərində mövcud reallıqları nəzərə almaqla 2020-ci il noyabrın 10-da
 
Ermənistanın təslim olduğunu təsdiqləyən üçtərəfli birgə Bəyanatı imzaladı. 
Bu günə qədər də bəzi vətəndaşlarımız Bəyanatın erkən imzalandığını, Xankəndi istiqamətində hücumları davam etdirməli olduğumuzu iddia edir. Baş verən hadisələr və yuxarıda sadaladığım faktlar göstərir ki, Azərbaycan Ordusunun Xankəndi istiqamətində əks hücum əməliyyatlarını davam etdirməsi, birmənalı olaraq Rusiyanın münaqişəyə birbaşa, ən azıından dolayısı ilə müdaxiləsinə imkan verə bilərdi. Buna görə də Azərbaycan Prezidenti İ.Əliyevin Şuşa azad ediləndən sonra birgə Bəyanatı imzalaması, mümkün kataklizmlərdən yayınmaq üçün atılan ən doğru və optimal bir addım idi. 
 
Xankəndinin və digər rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin azad edilməsi, təbii ki, hamımızın müqəddəs arzusudur, amma real müharibələr, xüsusilə də etnik kökləri olan hərbi münaqişələr heç də bir tərəfin arzu və istəklərinin yerinə yetirilməsi ilə yekunlaşmır. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin kökündə etnik elememntləri görmək üçün, ermənilərin Xocalı, Malıbəyli, Quşçu, Tuğ, Edilli, Başlıbel, Qaradağlı, Bağanis Ayrım faciələrini törətməsinə, məscidlərimizdə heyvan saxlamasına, qəbirdən vətəndaşlarımızın sümüklərini çıxarıb daşımasına və s. diqqət yetirmək kifayətdir. 
Son 40 ildə hərbi etnik münaqişə ilə Afrikanın 18 ölkəsi, Şimali və Cənubi Qafqaz, Ukrayna, Moldova, Orta və Mərkəzi Asiya, Balkan yarımadası, Şimali İrlandiya, Britaniya, İsrail, İspaniya və s. qarşılaşıb. İndiyə qədər bu ölkələrdən heç biri hərbi-hərbi etnik münaqişəni nəinki 1-2 ilə, hətta əonillərlə həll edə bilməyib. 60 ərəb ölkəsinə qarşı tək savaşıb qalib gələn İsrail, bir ovuc Fələstin ilə 70 ildir ki, problemləri həll edə bilmir. Çünki hərbi-etnik münaqişələrin birdəfəlik həlli olmur. Birdəfəlik həll, münaqişə tərəflərindən birinin fiziki cəhətdən tamamilə məhv edilməsi ilə mümkün ola bilər, lakin bu da müasir dünyada real məsələ deyil.
 
Hansı iqtidar, hərbçi və ya vətəndaş istəməzdi ki, Şuşa kimi ən mürəkkəb və çətin vəzifəni yerinə yetirəndən sonra ayağımızın altında qalan 30 kv.km əraziyə malik Xankəndində, soyqırıma məruz qaldığımız Xocalıda və ya yarısından çoxunu azad azad etdiyimiz Xocavənddə üçrəngli Bayrağımız dalğalanmasın? Bu hamımızın ən müqəddəs və haqlı arzusudur, amma reallıq Azərbaycan üçün buna görə ciddi təzyiqlər vəd edirdi. 
 
Ukraynada baş verənlərə nəzər salnda görürük ki, bütün dünya 8 gündür Kiyevə və digər şəhərlərə doğru irəlləyən Rusiya ordusunun hücumunu dayandıra bilmir. Bəzilərimiz isə istəyirdi ki, Qarabağda Şuşanı azad edən kimi Xankəndinə girək, buna görə hətta Rusiyaya qarşı olsa belə hərbi əməliyyatlara başlayaq, paralel olaraq ABŞ və Fransanın iqtisadi sanksiyalarını, bəlkə də bir çox ölkələrin  Ermənistana verəcəyi hərbi dəstəyi neytrallaşdırmaq üçün fəaliiyətlər göstərək. Bəzən reallıqları nəzərə almadan atılan siyasi-hərbi addımlar, ölkənin nəinki əldə etdiklərini, hətta müstəqilliyini və mövcudluğunu da şübhə altına ala bilir. Odur ki, Azərbaycan Prezidenti İ.Əliyev imkanlarımızı və Qarabağ ətrafında çərəyan edən mövcud reallıqları nəzərə almaqla maksimum sərfəli nəticə əldə etdikdən sonra birgə Bəyanatı imzalamaqla ən doğru addımı atdı. 
 
Sülhməramlıların Qarabağa dəvət olunmasına gəlincə isə, bu başa çatan istənilən münaqişə ocağında baş verən hadisədir, həmişə belə olub və gələcəkdə də belə olacaq. Qarabağda nizamlama prosesində sülhməramlıların iştirakına münaqişə tərəfləri 1994-cü ilin mayında razılıq verdiyini də qeyd etməliyik.
Azərbaycan Prezidenti İ.Əliyev müharibə və ondan sonrakı dövrdə on dəfələrlə Ermənistanı israrla sülhə, Qarabağ ermənisini isə birgə yaşayışa dəvət etməsini də görməzdən gələ bilmərik. Azərbaycan Ordusu Vətən Müharibəsində Rusiyanın gözü qarşısında strateji müttəfiqi olan Ermənistan ordusunu və onun silah arsenalını texnika parkı ilə birlikdə darmadağın etdi, nəticədə böyük qənimətlər əldə etdik və düşmən ordusunun tükənməsinə nail olduq. Ali Baş Komandan Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi nailiyyətləri qorumaq, müstəqilliyimiz və dövlətçiliyimiz üçün yarana biləcək təhdidləri sıfırlamaq üçün bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağa nail oldu. Bütün bu fəaliyyətlər ölkəmizin həm ərazi bütövlüyünün tam bərpa edilməsinə, həm də Azərbaycanın mümkün geosiyasi kataklizmlərdən sığortalanmasına xidmət edir. Azərbaycan Prezidenti İ.Əliyev Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi üzərinə düşən öhdəliklər kontekstindən kənara çıxmadan, Rusiya və Türkiyə müttəfiqlik haqqında bəyannamələr imzalayır və dünyanın çalxalandığı ən çətin dövrdə belə ölkənin təhlükəsizliyinə zəmanət əldə edə bilir. Hazırda postsovet məkanında Azərbaycan həm NATO, həm də KTMT ilə əməkdaşlıq edərək təhlükəsizliyini zəmanət altına alan tək ölkədir. Azərbaycan hakimiyyətini heç bir siyasi avantüralara cəlb etmək də mümkün deyil. Çünki qəbul edilən qərarlar dərin siyasi təhlilə əsaslanır, yalnız mövcud reallıqları kontektində real proqnozlar müəyyən edildikdən sonra fəaliyyət planı və prioritetlər təyin edilir. Verilən qərarlar dövlət və milli maraqlar prizmasından əsaslandırılır. Bu baxımdan regionun güclü dövlətləri ilə müsbət notlara köklənən münasibətlərin qurulması, həm Azərbaycanın ərazi bütövlüyünün və təhlüksizliyinın təminatında, o cümlədən Ermənistan ilə ən qısa müddətdə sülh sazişinin imzalanmasında böyük əhəmiyyətə malikdir. 
 
200 illik Qarabağ və Zəngəzur probleminin 44 günlük Müharibə ilə tam həllini mən də vətəndaş kimi arzu edirəm. Lakin beynəlxalq hüququn hər gün tapdandığı, BMT TŞ-nın qərarlarının belə yerinə yetirilmədiyi ədalətsiz dünyanın mövcud reallıqların hamısı bizim arzularımızdan asılı deyil. Qələbəmizi dünyaya həzm etdirmək üçün hər birimiz çalışmalıyıq, əks fəaliyyətdə olanlar bizim birliyimiz və müqəddəs arzularımız qarşısında məğlub olmalıdır və olacaqlar! İnanıram ki, sülhməramlıların nəzarətində olan digər ərazilərin də Azərbaycanın tam nəzarətinə keçəcəyi günü də birlikdə qeyd edəcəyik. 
 
Xankəndində üçrəngli Bayrağımızın mümkün olan ən qısa müddətdə dalğalanması arzusu ilə...
 
Hərbi ekspert Ədalət Verdiyev






Fikirlər