“Heç kim deməyəcək ki, YAP yaltaqlanır, amma müxalifət etsə...” - Tural Abbaslı
“Təəssüf ki, Azərbaycannın siyasi səhnəsi istədiyimiz kimi formalaşmayıb. Demək olar ki, 2003-cü ildən bu yana siyasi münasibətlər tam başqa bir format alıb, siyasi protokolla siyasi etiket tam oturuşmayıb”. Bu sözləri açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. O, partiyalararası mübarizənin siyasi müstəvidən bəzən şəxsi mübarizəyə, hətta şəxsi ədavətə çevrilməsi məsələsinə münasibət bildirib: “Biz kommunizmdən demokratiyaya keçid etdik, amma demokratik ənənələri, sivil siyasi münasibətləri və siyasi etiketi mənimsəmədik. Demokratiya isə ümumiyyətlə, ala-yarımçıq qaldı. Ona görə də, Azərbaycanda hələ də siyasi partiyalar və siyasətçilərarası münasibətlər daha çox Meydan münasibətləridir. Kim kimi satdı, kim kimin agentidir, kim nə iş gördü və s. Bu, əslində, Meydandakı insanların bir-birinə münasibətidir. Axı niyə? O satdı, bu aldı, lap yaxşı, sənə nə o partiya nə edib?! Hə, səninlə rəqabət aparır, sən də onunla apar. Rəqabətlə düşmənçiliyi, yaxud siyasi münasibətlərlə şəxsi münasibətlərdən ayır”. T. Abbaslının sözlərinə görə, yaxın illərdə siyasi mühit Türkiyədəki nümunəyə yaxınlaşacaq: "Amma təbii ki, bu məsuliyyət daha çox iqtidarın üzərinə düşür. Çünki iqtidar partiyası səlahiyyət sahibidir, müəyyən mənada onun jestləru buna töhfə verə bilər. Məsələn, siyasi rəqabətə baxmayaraq, şad gündə təbrik, "ağır gün"də isə başsağlığı vermək, bir-birinin ziyarətə getmək vacibdir. YAP müxalifət partiyasına bunu etsə, heç kim deməyəcək ki, YAP yaltaqlanır, amma müxalifət etsə, deyəcəklər ki, onlar iqtidara yaltaqlanır. Odur ki, ənənəni yaratma məsuliyyəti daha çox iqtidarın üzərinə düşür. Amma o etmirsə, bu, o demək deyil ki, biz, müxalifət partiyaları bu ənənəni öz aramızda qorumayaq. Çalışırıq ki, digər partiyaları təftiş etməyək. Əsas rəqibimiz YAP-dır, amma Prezident İlham Əliyevin 60 illik yubileyini təbrik edən partiyalardan biri də bizik. Çünki iqtidar hər bayramda partiyamızı təbrik edir. Düşünürəm ki, bu qarşılıqlı olmalıdır. Əgər hər şey normal getsə, yaxın illərdə Azərbaycanda normal siyasi münasibətlər formalaşa bilər”.