Azərbaycanda yeni koalisiya yaranır - “Etibar Məmmədovla bir yerdə olacağıq”

Azərbaycanda yeni koalisiya yaranır - “Etibar Məmmədovla bir yerdə olacağıq”

“Bəzi həmkarlarımız Etibar Məmmədovun artıq tarix olmasını ilə bağlı deməklə çox böyük səhvə yol verir”

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, AMİP lideri Etibar Məmmədov haqqında iddiaların qısqanclıqdan irəli gəlməsi rəyindədir:

“Etibar Məmmədovun xalq hərəkatında müstəsna rolu var. Onun siyasətə qayıdışı çox normaldır və qayıtmasa belə, arzu edərdim ki, qayıtsın. Bu barədə aramızda müəyyən danışıqlar gedib. Düşünürəm ki, narazı qruplar onun siyasətə qayıdışını həzm etməyən insanlardır. 

AMİP lideri tarix yazıb və o tarixi silmək mümkün deyil. Hətta AXCP dövründə rəhmətlik Elçibəy onu Baş nazir qoymaq istəyirdi, amma içimizdə olan müəyyən satqınlar buna imkan vermədi. Əgər o vaxt Etibar bəy Baş nazir olsaydı, düşünürəm ki, 1992-1993 hadisələri Azərbaycanda baş verməzdi.

O, AMİP-in lideridir və AMİP ölkədə yaranan ilkin partiyalardandır, kifayət qədər də gücü var. İndi əlbəttə, müəyyən dairələr və qruplar onu istəmir, çünki nüfuzu olan adamı heç vaxt qəbul etmirlər. 

Siz nə zamansa görmüsünüz ki, Hafiz Hacıyev haqqında kimsə xoş bir söz desin?! Bu, mümkün deyil, çünki ictimaiyyət arasında nüfuzu olan adamlara siyasi dairələrdə həmişə qısqanclıqla yanaşıblar.

Hazırda bir qovluğu, bir də özü olan partiya sədrləri var. Müəyyən adamların vaxtilə himayəsində olan və müəyyən dairələrə xidmət edən insanlar indi cığallıq edirlər. Hər halda düşünürəm ki, bu reaksiyalar və ölkənin belə bir ağır günündə Etibar Məmmədovun siyasəti qayıdışı çox normaldır”.

AMİP liderinin koalisiya yaratması barədə şayiələrə toxunan H. Hacıyev yeni mesajlar verib:

“Koalisiya məsələsinə gəldikdə, bunu dəfələrlə Etibar bəylə müzakirə etmişik, demişik ki, vəziyyət gərginləşir, “5-ci kolon” ölkədə dövlətə çevrilişi etməyə hazırlaşır, Qarabağ məsələsində hələ də tam aydınlıq yoxdur, ermənilər bir tərəfdən, digər qonşu dövlətlər də o biri tərəfdən güclü təzyiq edir. Bu təzyiqin qabağında duruş gətirməkdən ötrü ölkədə güclü müxalifət lazımdır. O qüvvəni də biz təşkil edəcəyik və heç kim də narahat olmasın. Hər halda lazım olan anda Etibar Məmmədovla Hafiz Hacıyevin birləşib böyük bir koalisiya yaratmaq imkanı var. 

Bunu gizlətmirəm. Düşünürəm ki, bu yöndə Vətən, dövlət və dövlətçilik naminə ciddi addımlar atılacaq. Biz imkan verməyəcək ki, keçmiş KQB sədrinin əlaltıları, Ramiz Mehdiyevin adamları, yüz yerə işləyənlər və siyasətdən başı çıxmayan adamlar gəlib dövlətə meydan oxusun, at oynatsınlar. Ona görə də Etibar Məmmədovun siyasətə qayıdışı və koalisiya yaratması realdır. 

Kim qəbul edir, kim etmir, onun öz işidir. Zamanı çatan anda bir yerdə olacağıq”.

E. Məmmədovun İ. Ağazadə barəsində səsləndirdiyi məlum fikirləri şərh edən H. Hacıyev əlavə edib ki, o müxalifət sıralarında belə ittihamları qəbul etmir:

“Açığını deyim ki, mən müxalif həmkarlarımın bir-birinin ünvanına səsləndirdiyi ittihamları qəbul etmirəm. Belə bir qarışıq dövründə bu cür açıqlamlar vermək çox pisdir. Daxildə düşmən axtarmamalıyıq, çünki düşmənlərimiz bəllidir. Biz İranda, Rusiyada düşmən axtarmalıyıq. Daxilimizdə isə Ramiz Mehdiyev, ətrafı və hakimiyyətdəki müəyyən zümrələr, klanlar ölkəni uçuruma aparır.

 

Hər halda bir-birimizə əl uzatmalıyıq. Kim mənə söyübsə, mən kimə söymüşəmsə, bunun heç bir dəxli yoxdur. Bunu zamanın öhdəsinə buraxaq. Vaxtilə mən də çoxların ilə mübarizə aparmışam, çoxlarının başına butulka çırpmışam, çoxları məni öldürtmək istəyib. Bunlar qaldı tarixdə. İstəməzdim ki, köhnə palaniçi  tökülsün”.






Fikirlər