“Ramiz Mehdiyev elmə nə qədər töhfə vermişdisə, İsa Həbibbəyli də...”

İsa Həbibbəyli yeyinti edib? - AMEA-dan iddialara cavab

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib.

73 yaşı olan İsa Həbibəylli bundan öncə AMEA-nin vitse-prezidenti idi. O həm də Azərbaycan parlamentinin deputatıdır, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktorudur.

Azərbaycan Prezident Administrasıyasının keçmiş rəhbəri olmuş akademin Ramiz Mehdiyev öz siyasi həmfikirləri, elm xadimləri və ictimai fəallar tərəfindən kəskin tənqidlərə məruz qaldıqdan sonra bu ilin fevralında AMEA-nın prezidenti vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Tarix elmləri doktoru Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində bildirib ki, akademiya sistemi ciddi böhran keçirir.

“Bu sistemdə islahatlar yarımçıq olub, ona görə də nəticəsi olmur. Nəyisə yazmaq, onu kitab formasına salmaq hələ iş deyil.”

İsa Həbibbəylinin akademiyanın prezidenti seçilməsindən danışarkən Həsənli deyib ki, “bilmirsən bu seçkiyə güləsən, ya ağlayacan. Bu akademiyanın ironiya mənbəyinə çevrilməsidir. O akademiyanın vitse-prezidenti idi. Bacarığı var idisə, o vəzifədə olarkən edə bilərdi. Bir adamın üzərinə bu qədər vəzifə qoymağın nə mənası var. O Milli Məclisin deputatıdır, Ədəbiyyat institutunun direktorudur, bölmə müdiridir, vitse-prezident idi. İndi də olub prezident. Ramiz Mehdiyev elmə nə qədər töhfə vermişdisə, İsa Həbibəyli də ondan qabağa gedə bilməyəcək. Akademiya artıq elmi təşkilatdan məmur təşkilatına çevrilir.”

O hesab edir ki, Həbibbəylinin prezident olması uğursuz seçimdir və akademiyanın daha da geri getməsinə səbəb olacaq. “Bu akademiyanın regional bir təşkilata çevrilməsinə dəlalət edən bir seçimdir.”

Elmlər doktoru AMEA-da islahatlardan danışarkən deyib ki, “bizim akademiya nə millidir, nə də elmidir.”

“Akademiyanı bölmək, bir hissəsini Elm və Təhsil Nazirliyinin tərkibinə vermək kökündən səhvdir. Uşaq bağçası, körpələr evi ilə fundamental elmlər bir nazirlik tərəfindən idarə edilə bilməz. Məsələn, indi akademiklər haranın akademiki olacaq, Elm və Təhsil Nazirliyinin akademiki olacaq? Yəni keçmiş SSRİ məkanında fundamental elmlərsiz akademiya yoxdur. İndi AMEA-da nətiəcsi olan tədqiqatlar yoxdur. İnsanlar eyni elmi iş ilə həm doktor olur, həm müxbir üzv olur, həm də akademik olur.”

 

Həsənli akademiya sistemində islahatları belə görür. “İslahat necə olmalıdır? Akademiyaya pul ayrılmalıdır. Ayrılan pul elmə sərf olunmalı, əldə olunan elmi nailiyyət isə istehsalatda tətbiq edilməlidir. Yəni maliyyə=elm=istehsalat olmalıdır,” o qeyd edib.






Fikirlər