İki ölkə arasında GƏRGİNLİK PİK HƏDDƏ - Böhran dərinləşir
ABŞ Dövlət Departamentinin sözçüsü Prays mətbuat konfransında gündəmlə bağlı qiymətləndirmələr aparıb, jurnalistlərin suallarını cavablandırıb. Prays bəyan edib ki, Çin dünyaya Rusiya-Ukrayna müharibəsində mövqe tutmadığını göstərməyə çalışır, ancaq Rusiyaya diplomatik, siyasi və iqtisadi dəstək verir. Musavat.com-un xəbərinə görə, Prays deyib ki, Çin dürüst vasitəçidən başqa hər şey olub. "Çinin hələ tədarük etmədiyi, lakin nəzərdən keçirdiyimiz silahlar məsələsini bir kənara qoysaq, Pekin artıq Rusiyaya əhəmiyyətli yardımlar edib. Rusiyanın təhlükəli təbliğatını, təhlükəli yalanlarını və dezinformasiyasını dünya səhnəsində təkrarlamaqla Rusiyaya diplomatik, siyasi, iqtisadi və ritorik dəstək verdi". Prays Çinin Ukrayna-Rusiya müharibəsi üçün son vaxtlar təqdim etdiyi sülh planının “sözdə” olduğunu ifadə edib:
“Çin bu yaxınlarda sözdə sülh planını yayımladı. Bu sülh planında birinci prinsip bütün ölkələrin suverenliyinə hörmət etməyə çağırmaq idi. Əgər Çin bu birinci prinsipə əməl etsəydi, açıq-aydın BMT Nizamnaməsinin tərəfini tutardı. O, açıq şəkildə beynəlxalq hüququn tərəfində olardı. Əgər elə olsaydı, Rusiyanın ərazi işğalı müharibəsində Pekin Moskvaya qarşı dayanan, Ukraynanın yanında olan hər kəsin yanında olardı”. Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq dünən verdiyi açıqlamada ABŞ-ın Ukrayna-Rusiya müharibəsi çərçivəsindəki hərəkətlərinin beynəlxalq hüquqda yeri olmadığını bildirib. “Çin Ukrayna ilə bağlı neytral və ədalətli mövqe tutur, sülh danışıqlarını irəlilətməyə və siyasi həlli dəstəkləməyə sadiqdir. Birləşmiş Ştatlar isə tərəflərdən birinə silah göndərmək səylərini gücləndirir, bu da sonsuz münaqişələrə səbəb olur və sülh üçün nəticə əldə edilə bilmir. O, Çinin Rusiyaya silah tədarükü ilə bağlı tez-tez yalan məlumatlar yaymaqla Çinə qarşı sanksiyalar tətbiq etmək fürsətindən istifadə edir. Bu, açıq-aşkar zorakılıq və ikili standartlardır ki, bu, ikiüzlülükdür. Qeyd etmək istərdim ki, Ukrayna böhranının eskalasiyasının birinci ildönümündə Çin Ukrayna böhranının siyasi həlli üçün rəy bəyanatı verdi, ABŞ isə Çin və digər ölkələrin şirkətlərinə sanksiya tətbiq etdi. Vəziyyəti yumşaltmaq üçün sülhü və danışıqları kimin təşviq etdiyini və kimin atəşi alovlandırdığını görmək mümkündür”.