Ermənilər təxribat törədə bilər – Keçmiş nazirdən XƏBƏRDARLIQ
Bundan sonra Ermənistandan Xankəndiyə gedəcək yükləri Azərbaycan Laçın dəhlizində yoxlayacaq, bəs bu yenilik sülh prosesinə necə təsir edəcək? Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, indi Azərbaycan üçün əsas çətinlik Qarabağın erməni icması ilə münasibətin necə qurulması olacaq. O gözləyir ki, erməni əhalini yeni vəziyyətə- Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurması faktına uyğunlaşdırmaq zaman alacaq: "Burda problem o zaman olacaq ki, hansısa təxribat baş verəcək. Ermənilər özləri də gərginlik yaratmaq üçün təxribat yaratmaq istəyəcək. Ona görə də indiki mərhələdə sülhməramlıların rolu vacibdir. Prosesə psixoloji cəhətdən baxmalıyıq. Qarabağda yaşayan ermənilərin iki nəslinin Azərbaycanla heç bir əlaqəsi olmayıb. Onları ardıcıl şəkildə yeni şəraitə öyrəşdirmək üçün vaxt lazımdır. Biz öhdəlik götürmüşük ki, onların hüquqları qorunacaq. Prosesi elə aparmalıyıq ki, bizim xeyrimizə olsun və erməniləri də yavaş-yavaş öyrəşdirək". Siyasi şərhçi Rauf Mirqədirov isə Qərbin açıqlamalarının bəyanat səviyyəsindən o yana keçəcəyini düşünmür. O hesab edir ki, real siyasətdə buraxılış məntəqəsinin qurulmasının nə sülh prosesinə, nə də Azərbaycanın imicinə ciddi təsiri olmayacaq. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın prinsip etibarilə mövqeyi belədir ki, Ermənistan qonşuları ilə münasibətləri yaxşılaşdırmaq istəyir, bunsuz Ermənistanın gələcəyi yoxdur. Odur ki, Ermənistanla danışıqlar da zəifləməyəcək. Siyasi şərhçinin fikrincə indi əsas məsələ odur ki, Azərbaycan doğrudan da erməni əhalini narazı salmasın və məhdudiyyəti yalnız silahlara tətbiq etsin: "Azərbaycan tərəfinin elan etdiyi şərtlər var. Azərbaycan deyir ki, biz ancaq silahlıların və silahların qarşısını almaq üçün bu nəzarət-buraxılış məntəqəsini quraşdırmışıq. Əgər Azərbaycan tərəfi bu işi düzgün təşkil edəcəksə, mülkilərin və mülki yüklərin gediş-gəlişinə mane olmayacaqsa və beynəlxalq ictimaiyyətə düzgün təqdim edəcəksə, düşünürəm ki, bu, Azərbaycan üçün hansısa ciddi fəsadlar törədə bilməz". Aprelin 24-də Rusiya xarici işlər nazirliyi də açıqlama verib və bildirib ki, 10 noyabr bəyanatının pozulmasının əleyhinədir. Amma Rusiya açıq şəkildə nəzarət buraxılış məntəqəsinin qurulmasını qeyd etməyib. Bəyanatda deyilir: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının baza qaydalarını pozan istənilən birtərəfli addımların qeyri-məqbul olduğunu xüsusilə qeyd edirik”. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, Ukrayna müharibəsində zəifləmiş Rusiya Laçın dəhlizində Azərbaycanla müştərək işləməyə razılaşacaq. Belə ki, səlahiyyət müddəti bitənə kimi Rusiya ermənilərin təhlükəsizliyinə zəmanət verəcək, Azərbaycan isə gömrük-sərhəd xidməti həyata keçirəcək. /Azadliq.org