Xankəndiyə bayrağımız niyə bu tarixdə sancıldı? - İlham Əliyevin andı

Prezident İlham Əliyev Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə və Ağdərəyə bayraq sancaraq, Azərbaycanın suverenliyinin tam bərpa edilməsini rəsmiləşdirdi. 15 oktyabr artıq Azərbaycanın suverenliyinin bərpası günü olaraq tarixə keçdi.
Xankəndidə bayrağımızın niyə bu təqvimdə ucaldılması təsadüfi deyil. İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti seçilib. Əliyev 20 il öncə - ilk dəfə Prezident seçiləndə bütövlüyümüz və suverenliyimizin bərpa olunacağını bəyan etmişdi.
"Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” – Əliyev 20 il öncə belə deyirdi.
Və Prezident kimi bütün fəaliyyətini bu hədəfə çatmaq – torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək istiqamətində qurdu. 3 il öncə - 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, lakin erməni separatizmi təmizlənmədiyi üçün suverenliyimizin bərpası prosesi başa çatmamışdı. 3 il ərzində Prezident İlham Əliyev bütün cəbhələrdə mübarizə apararaq, suverenliyimizin bərpasına da nail oldu. Beləliklə, müstəqilliyin bərpasından sonra Azərbaycan ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərpa edilən dövlət oldu.
Prezident İlham Əliyev 20 il öncə ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və "Qurani-Kərimə” əl basaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyinə and içmişdi. Və 20 il sonra Xankəndiyə bayraq sancaraq, andına əməl etdi.
Asif Nərimanlı






Fikirlər