Böyük Azərbaycan Partiyası İlham Əliyevi təbrik etdi - BƏYANAT
Böyük Azərbaycan Partiyası prezident seçkisi ilə bağlı bəyanat yayıb. Musavat.com həmin bəyanatı təqdim edir: Prezident seçkilərinə ölkə üçün taleyüklü məsələ, partiyanın güclənməsi və təcrübə qazanması üçün yeni sınaq kimi yanaşan Böyük Azərbaycan Partiyası bu seçkilərdə təkcə müşahidəçi qalmaq istəmədi və öz namizədi ilə birbaşa iştirak qərarı verdi. Partiyanın vahid namizədi, Partiyanın sədri Elşad Musayevin namizədliyi təsdiq ediləndən dərhal sonra ölkənin 60-dan çox seçki dairəsində üzvlərimizin və tərəfdarlarımızın köməyilə ilə namizəd üçün imza toplanmasına başlanıldı və uğurla, maneəsiz başa çatdırıldı. Aktiv seçki kampaniyasının başlanmasından sonra ölkənin bir çox şəhər və rayonunda Prezidentliyə namizəd Elşad Musayevin iştirakı ilə seçicilərlə görüşlər keçirildi. Bütün görüşlərdə E.Musayevin seçki platforması seçicilərə çatdırıldı, onları narahat edən məsələlər yerindəcə öyrənildi. Bütün bu görüşlərdə qeydə alınan vətəndaş müraciətləri namizədin televiziya, radio, qəzet və saytlar, sosial şəbəkələr vasitəsilə çıxışlarında ictimailəşdirildi. Hətta vətəndaş narahatlıqlarının bir çoxu elə seçki kampaniyası zamanı öz həllini tapdı. Aparılan təbliğat işinin nəticəsində həm yeni tərəfdarlar qazanıldı, həm də partiyaya üzvlük üçün müraciət edən vətəndaşlarımızın sayı artdı. Seçki günü ölkənin bütün seçki məntəqələrində və dairələrində müşahidəçilərimiz əvvəldən sona qədər seçkini müşahidə etdilər və Seçki qərargahını müşahidə edilən səsvermə prosesi ilə bağlı məlumatlandırdılar. Prezidentliyə namizəd Elşad Musayevin birbaşa görüşlər keçirdiyi şəhər və rayonlarda seçicilərimizin aktivliyi nəzərəçarpacaq qədər böyük olmuşdur. Müşahidəçilərin verdiyi məlumatlara əsasən bildiririk ki, seçki prosesi heç bir kənar müdaxilə olmadan keçirildi və seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinmədi. Seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə aparılan müşahidələr də səsvermə prosesinin rəvan və təhlükəsiz şəraitdə baş tutduğunu göstərdi. Səsvermə günü seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədi, seçici fəallığının əhəmiyyətli dərəcədə olması xüsusi diqqət çəkdi və səsvermə, səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etdiyinin təsdiqi oldu. Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra keçirilən bu seçkilərdə xalq yenidən öz qalib lideri olan İlham Əliyevə böyük etimad göstərdi. Seçkilərin ilkin nəticələrini legitim hesab edir və qələbə münasibətilə İlham Əliyevi səmimi qəlbdən təbrik edirik, ona çətin fəaliyyətində uğurlar arzulayırıq.