Allah şahiddir ki, artıq hər şeydən bezmişəm, rahat yaşamaq istəyirəm, ancaq heyvan ola bilmirəm. Gözüm həyasızlıq görəndə susa, haqqı həyasızcasına tapdalanana başa düşmürəm deyə bilmirəm.
Bir daha təkrar edirəm bu ölkədə ən xoşbəxt insan ancaq qarnını düşünəndir.
İnanın ki, Vətən Müharibəsindən əvvəl belə deyildi. Bir az insanlara rəhm, onları anlamaq həvəsi var idi. İndi sanki qarşılarında düşməndir, vicdan, insaf, Allah yaddan çıxıb, talayan talayanındı. Məhz bunun nəticəsidir ki, həyasızlıq, əxlaqsızlıq baş alıb gedir.
Dəfələrlə Fontanlar bağındakı gül mafiyasından yazmışdım.
Məni mafiyadan çox yanlarında gənc qızlar olan oğlanların hər gün düşdükləri vəziyyət özümdən çıxarır, çünki addımbaşı mafiyadır.
Gənc oğlan qız görən kimi sanki yerin dibindən biri çıxıb gülü az qala qızın gözünə soxur. Biclikdən uzaq olan qızlar da gülləri əlinə alan kimi yanındakı oğlandan gül pulu istəyirlər.
Dəfələrlə həmin yazıq oğlanların qulaqlarına qədər qızararaq gözlərini döydüklərini görmüşəm və dəfələrlə bu barədə yazmışam.
Müvafiq strukturlara zəng etsəm də bu gün də vəziyyət eynidir.
Doğrudanmı pul bu qədər şirindir?
Aslan İsmayılov