05.02.2014. - Rauf Həbibov yandırılan villasını 1 milyon dollara satdı - (Fotolar)
Bu barədə Quba Rayon İcra Hakimiyyətinin sabiq işçisi məlumat verib. O bildirib ki, keçmiş icra başçısı qohumu İmran adlı maklerin vasitəsilə satışa çıxarılan villa ilə bağlı kataloq tərtib etdirib. Ancaq həmin kataloqda villanın yanmadan öncəki şəkilləri dərc olunub.
Verilən məlumata görə, Rauf Həbibovun yanan villasını alan şəxsin kimliyi də məlumdur. Bu, əslən Türkiyənin Trabzon şəhərindən olan Ahmet Çetinkaya adlı biznesmendir. A.Çetinkaya mərkəzi Ankarada yerləşən “Yunus” adlı nəqliyyat şirkətinin sahibidir. Sözügedən şirkətin Bakıda Dərnəgül şossesində ofisi və “TIR” qarajı var. Türkiyə, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən şirkət ölkəmizə Türkiyədən tekstil məhsulları gətirir. Ahmet Çetinkaya keçmiş icra başçısı Rauf Həbibova yaxınlığı ilə tanınır. Rauf Həbibovla Ahmet Çetinkaya Qələduz kəndində Qudyalçayın yaxınlığında bağ qonşusu olublar. Onlar arasındakı dostluq münasibəti də elə o vaxtdan yaranıb.
Bu barədə məlumatı verən mənbə Rauf Həbibova məxsus villanın satış qiymətini də öyrənə bilib: “İlkin qiymət 1.5 milyon dollar olub. Qiymətin baha olmasının səbəbi isə həyətin çox böyük olması və yarımçıq bir tikilinin olması göstərilib. Villanın yanması və ciddi təmirə ehtiyacı olduğu üçün qiymət 800 min manata, yəni 1 milyon dollara qədər endirilib. Malikanənin yenidən təmir olunacağı gözlənilir”.
Rauf Həbibov işdən çıxarılandan sonra qəzetlər yazdı ki, sabiq icra başçısının Qubada mülkləri əl dəyişib. Amma bu məlumat bir müddət sonra təsdiqlənmədi. Rauf Həbibovun zamanında icra hakimiyyətində işləyən şəxs bizə bu barədə geniş məlumat verdi. Adının hallanmasını istəməyən icra hakimiyyətinin sabiq işçisi qeyd etdi ki, Rauf Həbibov qəzetlərin onun təkcə Qubada olan varidatını araşdıraraq ortaya çıxarmasından olduqca narahat olub: “Mülklərinin əlindən çıxacağını görən sabiq icra başçısı Qubada olan bütün əmlakını satışa çıxarıb. Rauf Həbibov bu işi Kamandar adlı bir şəxsə tapşırıb. Kamandar adlı şəxs nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır”.
Rauf Həbibovun Qubada icra başçısı işlədiyi dövrdə əldə etdiyi mülklər və torpaqların siyahısı bir neçə dəfə “Yeni Müsavat” da dərc olunub.
Xatırladaq ki, martın 1-də Qubada icra başçısı R.Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da, sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Həbibovun iki villası yandırılıb. Bundan sonra Daxili Qoşunlar və polis qüvvələri ilə yerli əhali arasında qarşıdurma olub. Əhali yalnız R.Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib.
Aksiyaçılar R.Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildiriblər.
R.Həbibovu bitirən "çıxışı".