İcra başçılarının yaxta «MƏRƏZİ» dəbə düşüb

Onların arasında Gülağa İslamov və Razim Məmmədovun adları hallanır

Hələ bir neçə il öncə Azərbaycanda yaxta əldə etməyin uzaq və həyata keçirilməsi illərlə kabinet «bazarlığı»na başı qarışmış geniş məmur kütləsi üçün bəlkə də mümkünsüz sayılırdı.

Lakin artıq elə bir zaman yetişib ki, özünə belə dəbdəbəni rəva bilənlər kifayət qədər vəsaiti qorxu-hürküsüz xərcləməkdən çəkinmir. Bəzi məmurlar isə hətta öz təmtəraqlı həyatını imkan daxilində reklam etməyi də unutmur. Əhalinin böyük bir qisminin problemlər içində yaşadığı indiki şəraitdə bunun nə demək olduğunu izah etməyə lüzum görmürük. Hər halda, düşünmək olar ki, aidiyyatı dövlət nəzarəti strukturları belə məqamları diqqətdən qaçırmır. Ölkədə vəzifəli şəxslərin gəlir bəyannamələri ilə bağlı qanunvericilyn tətbiqi məsələlərində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müəyyən işlər apardığını nəzərə alsaq, hər şeyin hər kəs üçün şəffaf olacağı ümidilə gələcəyə baxa bilərik. Ola bilsin, kreslosunu mamır basmış bir sıra məmular qanunsuz topladığı sərvətin də legitim xərclənməsi üzərində paralel iş aparır. Ona görə də, çoxları kimi Gundelik-Baku.com olaraq biz də bu sahədə mövcud qanunun tətbiqindən öncə bütün vəzifəli şəxslərə amnistiya verilməsinin tərəfdarıyıq. Baxmayaraq ki, istənilən halda, dövlət məmuru əldə etdiyi daşınar və ya daşınmaz əmlakın hesabatını gec-tez verməli olacaq. Əldə etdiyimiz məlumata görə, Azərbaycanda icra başçılarından yaxta sahibi olan bir neçə nəfərin adı hallanır. Onların arasında Bakının Xəzər və Xətai rayonlarının rəhbərləri Gülağa İslamov və Razim Məmmədovun adları hallanır. Bildirilir ki, Gülağa İslamov bu yaxınlarda «Princess» tipli motorlu yaxtaya sahib olub. Bununla bərabər qeyd edilir ki, başçı yaxın çevrəsi arasında belə yaxta sahibi olduğunu qəti şəkildə inkar edir. Xətainin icra başçısı Razim Məmmədovun da şəxsi yaxtaya malik olması xəbəri isə onu dəniz gəzintisində müşayiət edən yaxın adamının dilindən səslənib. Məlumata görə, Razim Məmmədovun xüsusi dizayna malik 25 metrlik «Galeon» yaxtası anoloji modellər arasında seçilir. İcra başçısının Xətai rayonu ərazisində yaxtası üçün liman tikdirdiyi barədə də məlumat var. Maraqlıdır ki, heç bir mənbədən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxta əldə etməsi barədə hər hansı dürüst məlumat əldə edə bilmədik. Bakının yaxta sahibinə çevrilmiş rayon icra başçılarından fərqli olaraq Hacıbala Abutalıbovun sərvətini ciddi şəkildə gözdən iraq saxlamaq imkanları ola bilsin onun adının belə məsələlərdə hallanmasını əngəlləyə bilir. Qeyd edək ki, bəzi icra başçıları ara-sıra Bakı Yaxta klubunda saxta adlarla yaxta kirayə edirlər. Adlarının gizli saxlanması şərtilə övladlarını xüsusi yaxta sürücülük kurslarına cəlb edən məmurlar da az deyil. Bu məmurların vəzifəsi ilə vidalaşacağı təqdirdə nə vaxtsa ölkəni tərk edərək dünyanın seçdiyi cənnət məkanlarından hansındasa firavan ömür sürmək imkanı həmişə var. Var olmayan isə, qanını sorduğu xalqın problemlərinə qarşı həssas məmur münasibətdir... AzMedia.info 






Fikirlər