18.09.2014- Xətainin icra başçısının hansı postda gözü var? - Bir neçə iş üzrə ittiham olunan Razim Məmmədovun planları...

18.09.2014- Xətainin icra başçısının hansı postda gözü var? - Bir neçə iş üzrə ittiham olunan Razim Məmmədovun planları...Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovun fəaliyyətindəki qanun pozuntuları bütün çərçivələrdən çıxıb. Adı daim qalmaqallı məsələlərdə, yeyinti və mənimsəmə hallarında, vətəndaşların incidilməsi hadisələrində və digər xoşagəlməz işlərdə hallandırılan icra başçısı bütün bu əməllərini yüksək rütbəli şəxslərdən birinin adını çəkməklə ört-basdır etməyə çalışır. Amma bir çoxları, xüsusilə də Xətai rayonunun sakinləri icra başçısının hansı işləri törətdiyini hamıdan yaxşı bilir və görürlər.

Razim Məmmədovun gələcək planları və qanuna sığmayan əməlləri ilə bağlı əldə etdiyimiz məlumatlara keçid almamışdan öncə qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin rəhbəri 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. Paytaxtın ən böyük rayonlarından sayılan Xətaidə dəhşətli "yaşıl soyqırım" hadisələri törədən Razim Məmmədov ilk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti İdarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə 25 yaşında Moskva Kooperasiya İnstutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Burdan belə başa düşürük ki, icra başçısı hərbi xidmətə qədər ali təhsil almayıb. Yalnız hərbi xidməti başa vurandan sonra Moskvada o dövr üçün o qədər də məşhur sayılmayan Kooperasiya İnstitutuna daxil olub. Onun təhsil ocağına hansı yollarla daxil olması da çox maraqlıdır ki, bu barədə növbəti saylarımızda araşdırma aparacağıq. Məmur 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Prezidentin 2006-cı il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Həmin vaxta qədər heç bir dövlət və hökümət orqanlarında çalışmayıb. Göründüyü kimi, icra başçısının əmək fəaliyyətinin əsas hissəsi biznes məsələlərinə həsr olunub. Ki, o icra başçısı postuna təyin ediləndən sonra da bəzi biznes planlarını davam etdirib. Qəzetimizin ötən saylarından aydın olduğu kimi, Razim Məmmədov Xətai rayonu ərazisində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əkilən ağacları və salınan yaşıllıq sahələrini məhv edərək yerini müxtəlif iş adamlarına satıb. Bir sözlə, adıçəkilən məmur 8 illik fəaliyyəti dövründə Xətai sakinlərinin yox, ancaq və ancaq öz yaxın ətrafının qabağa getməsi üçün çalışıb. Elə bu səbəbdəndir ki, Xətai Bakının ən bərbad rayonlarından hesab edilir. Rayonun bu hala düşməsinin "memarı" isə sözsüz ki, Razim müəllimdir. Kim bilir o biznes fəaliyyəti ilə məşğul olanda bəlkə heç ağlına belə gətirməzdi ki, nə vaxtsa icra başçısı olar. Çünki icra başçısı vəzifəsi çox məsuliyyətli postdur. Bu vəzifəyə layiq görülənlər prezidentin yerlərdəki səlahiyyətli nümayəndəsi hesab olunur. Onlar nəyin bahasına olur-olsun vətəndaşlarla normal rəftar etməlidir. Əfsus ki, Xətainin başçısı bu vaxta kimi hələ də bunu hiss etməyib. Bəzi məmurlar kimi, Razim Məmmədov da vəzifə pillələrində yüksəklərə qalxmağı arzulayır. İnsanın maliyyə imkanları genişləndikcə, arzuları da çoxalır. Adətən insan həyatının gələcək mərhələsində yaşamaq istədiklərini yuxularında görür. Deyirlər, Razim Məmmədov da son vaxtlar yuxularını yaman qarışdırır. Belə ki, o Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı olmaq istəyir və bunu hətta yuxularında da görür. O hər yerdə, həmçinin yuxuda yatarkən belə Sumqayıta icra başçısı qoyulacağını bildirir. Yuxuya baxeee. Yuxular çox vaxt çin olmur, ay Razim müəllim boş yerə həvəslənməyin. Biz bilirik Xətainin rəhbəri nəyə görə Sumqayıtın icra hakimi olmaq istəyir. Bilməyənlər üçün deyək ki, Sumqayıtın ən varlı şəxslərindən biri olan və "Univermaq Zaman" kimi tanınan Zaman İsgəndərov Razim Məmmədovun dayısıdır. Bizdə olan məlumatlara görə, Zaman müəllimin Sumqayıt şəhəri ərazisində xeyli sayda obyektləri, ticarət mərkəzləri və böyük biznes şəbəkəsi var. Hələ Zaman müəllimin qızı Sevda xanımı demirik. O şəxs Sumqayıtda məşhur klinikalardan birinə rəhbərlik edir. Bu haqda sonra. Milli Məclisin sabiq deputatı Nizami İsgəndərov isə Razim Məmmədovun dayısı oğludur. Keçmiş millət vəkilinin də obyektlərinin sayı-hesabı yoxdur. Əldə etdiyimiz digər bilgilərə görə, icra başçısının qohum-əqrəbasının əksəriyyəti Sumqayıtda böyük biznes şəbəkələrinə malikdir. Razim Məmmədov buna görə Sumqayıtın icra başçısı olmaq istəyir. Ki, qohum-əqrəbalarına, yaxın çevrəsinə xidmət etsin, onlara daha yaxşı şərait yaratsın və dayaqlarını möhkəmləndirsin. Ona demək istəyirik ki, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri xalqa xidmət etməlidir. Prezident özünü xalqın xidmətçisi sayırsa, ikinci, üçüncü dərəcəli məmur kimdir ki, bu xətdən kənara çıxsın? Razim Məmmədovun yuxuda gördükləri yaxşı arzulardır. Amma bayaq dediyimiz kimi, hər yuxu çin çıxmır axı. Bəzi yuxular var ki, tərsinə çıxır. Yəni Razim Məmmədov Sumqayıtın icra başçısı təyin olunmaq istəyi ilə alışıb-yandığı bir vaxtda hazırkı vəzifəsini itirə bilər. Odur ki, "dekabrın sonuna kimi Sumqayıtın icra başçısı olacam" deməyin, Razim müəllim. Xətaidə hansı müsbət işləri gördünüz ki, Sumqayıtın icra başçısı olmaq istəyirsiniz? Yaxşısı budur yuxulara inanmayın və öz fəaliyyətinizlə vətəndaşların rəğbətini qazanmağa çalışın. Bu isə çox çətin görünür. 8 il ərzində bunu bacarmamısınızsa, bundan sonra çətin bacarasınız.
Bax belə...(Ardı mütləq olacaq)

(dia.az)






Fikirlər