"Şeyx Nəsrullahçılıq təkcə Azərbaycanda yox, bütün İSLAM aləmində davam edir"

İyul ayının 24- də, Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin yeni tamaşasına baxdıq. Unudulmaz bir axşam idi.

Çoxdan bəri bir teatr tamaşasından bu qədər razı qalmamış, bu qədər zövq almamışdım. 

"Ölülər" Azərbaycan və dünya dramaturgiyasının şah əsərlərindən biridir və ilk tamaşasından keçən 100 il ərzində müxtəlif teatrlar onu dəfələrlə səhnələşdirmişlər və tamaşaçılar biri- birindən maraqlı rejissor yanaşmalarının şahidi olmuşlar. Dünənki tamaşadan öncə tamaşanın məsləhətçisi, Cəlil Məmmədquluzadə yaradıcılığını ən dərindən araşdıran və bilən tədqiqatçı- alim, akademik İsa Həbibbəylinin dediyi kimi, Azərbaycan səhnəsində bir çox uğurlu tamaşa hazırlamış məşhur relissor Azər Paşa Nemətovun səhnələşdirdiyi "Ölülər" öz orijinallığı və müəllifin ruhuna yaxınlığı ilə seçilir və Milli teatrımızın uğurudur. Dəqiq qiymətdir. Bu münasibətlə həm rejissor dostumuzu, həm də tamaşanın yaradıcı heyətini ürəkdən təbrik edirəm.
Dünənki axşamın yadımda qalan bir neçə özəlliyi var. Əvvəla, son illərdə heç bir teatrımıza, heç bir tamaşaya eyni vaxtda bu qədər ziyalı gəlməyib. "Ölülər"ə baxmağa gələnlər arasında Milli Elmlər Akademiyasının alimləri və Millət vəkilləi çoxluq təşkil edirdilər. Teatrda bir mədəniyyət bayramı havası vardı və bu, şübhəsiz aktyor oyununa ciddi təsir göstərən hadisədir. Bu ziyalıların bir qismi teatra, yeni tamaşalara ardıcıl gəlib- getsələr, inanıram ki, tamaşaların keyfiyyəti bir xeyli yaxşılaşar, teatrın ani- havası dəyişilər...
İkincisi, köhnə həqiqət bir daha öz təsdiqini tapmışdır:teatr yaradıcılıq meydanıdır və onun simasını inzibati rəhbərlik yox, yaradıcı lider, yəni baş rejissor müəyyənləşdirir. Teatrlarımızın uzun müddət baş rejissorsuz qalması və direktorların iradəsinə uyğun keçici müqavilələrlə tamaşalar hazırlanması yanlış idi və yaxşı ki, qarşısı alınmışdır. Bu baxımdan haqqında danışdığımız tamaşanı hazırlayan Azər Paşa bəyin Milli teatrımızın baş relissoru olması uzun müddet çəkişmələr meydanı olmuş teatrımıza ciddi bir yaradıcılıq havasının gəldiyindən xəbər verir. Tamaşa üçün mükəmməl bir aktyor heyəti seçilib. Epizodik rollar belə tanınmış, istedadlı aktyorlara tapşırılmışdır və onlar tamaşa boyu cəmi iki- üç söz söyləsələr də tamaşaçı yaddaşına həkk olunurlar.
Tamaşada Şeyx Nəsrullah və Kefli İskəndər pollarının ifaçıları çox uğurlu seçilmişdir. Genc aktyor Anarın Kefli İskəndəri ölülər aləminin faciəli və çarəsiz qəhrəmanının öz mühitini dəyişmək yolunda mübarizəsi və yaşantılarını süni pafosdan uzaq, təsirli bir şəkildə təqdim edir. 
Tamaşanın əsas ağırlığı, şübhəsis, Şeyx Nəsrullah rolunun ifaçısı, Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlının çiynindədir. Azərbaycanın çağdaş aktyor sənətinin şəksiz lideri, səhnədə və filmlərdə biri-birindən parlaq obrazlar yaratmış görkəmli sənətkarımızı biz daha çox müsbət rolların ifaçısı, böyük tarixi qəhrəmanla öz təkrarsız ifası ilə əbədi həyat verən bir sənətkar kimi tanıyırıq. "Ölülər"də biz Nurəddin Mehdixanlının yaradıcılıq qüdrətinin yeni bir tərəfi ilə tanış oluruq. O səhnəyə ilk gəlışındən tamaşaçıları bir növ səhnədəkilər kimi, ovsunlayır, onları tamaşanın iştirakçısına çevirir və bu təsir tamaşa qurtarandan sonra da çəkilib getmir. Bu rolla Nurəddin Mehdixanlı bir daha Azərbaycan teatr sənətinin əsr yarımlıq tarixi boyu yetişdirdiyi ən istedadlı, ən böyük aktyorlardan biri olduğunu təsdiq edir. Bir daha göstərir ki, əsil sənətkar üçün rolun böyüyü- kiçiyi, mənfisi- müsbəti yoxdur...
Nəhayət, tamaşa bizi bir daha öz həyatımız və mühitimiz haqqında düşünməyə vadar edir və öz- özümüzə sual veririk: görəsən biz "Ölülər "in yazıldığı vaxtdan bəri çoxmu dəyişilmişik. 
Göz önünə həcc yolunu su yoluna döndərmiş pullular, lakin imansızlar sürüsü gəlir, İran mollalarının farsca üyüdüb tökdükləri və dinə dəxli olmayan cəfəngiyyatlara ağzını açıb heyranlıqla qulaq asan cahil məclisləri və 1400 il əvvəl ərəblərin tayfa və hakimiyyət davalarna bu gün də öz milli faciələrimizdən artıq yanan və göz yaşı axıdan, zəncir vuran, baş yaran düşüncə korları gəlir, islam adına yəhudi tarixinin uydurma miflərinə qulaq asmaqdan yorulmayan, adı müsəlman olsa da, bircə gün də müsəlman kimi yaşamayan, mayaları yalandan, haramdan, pislikdən, nankorluqdan yoğrulmuş bədbəxtlər gəlir, dirilərinə sayqı göstərməyənlərin ölülər üstündə bahalı məzarlar ucaltmaq yarışı gəlir, cənnət vədi, divar söküb, divar ucaltmaq xəstəliyi ilə xalqın sərvətini göyə sovuranların qorxu bilməyən oyunları, Allah deyə- deyə Allahsızlıq edənlərin cəzasızlığı gəlir...
Və öz- özümə düşünürəm: Yox, yüz ildə çox az şey dəyişilib, bəzi məsələlərdə bir az da geri getmişik. 
Ölülər mühiti də, Şeyx Nəsrullahçılıq da təkcə Azərbaycanda yox, bütün İslam aləmində və bütün dünyada davam edir. Kefli İskəndərin tamaşanın sonundakı "ölülər" pıçıltısı ölülərdən çox dirilərə, qan tökməkdən, işqaldan, terrordan, din və məzhəb savaşlarından yorulmayan ədalətsiz və ikiüzlü dünyaya aiddir. Görünür, bu pıçıltı dünya durduqca səslənəcək və səslənməlidir.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil...
26.06.2016 
Sabir Rüstəmxanlı, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-millət vəkili






Fikirlər