Kerrinin “xaçapuri sevgisi” və Qafqaz səmasında “NATO yumruğu”
ABŞ Dövlət katibi Con Kerrinin Gürcüstan səfərində yadda qalan bir sıra məqamlar oldu. Amerikanın baş diplomatının Tiflisdə xaçapuriyə qonaq edilməsi və onun buna heyran qaldığını deməsi, səfərin protokoldan kənar hissəsi idi. Lakin okeanın o tayından gələn adamın gürcü torpaqlarına əliboş gəlmədiyi də məlumdur.
Çantada gətirilən Qərb dəstəyi
Con Kerrinin Gürcüstan səfəri və burada verdiyi bəyanatlar, ardınca Ukraynaya getməsi Rusiyanın siyasətinə qarşı addımlar atıldığını deməyə əsas verir.
“Tamamilə aydındır ki, biz sizin bir ölkə kimi Qərbə üz tutmaq və cəzalandırılmadan Qərblə qarşılıqlı əlaqələr qurmaqla bağlı istəklərinizə böyük hörmət bəsləyirik”.
Baş naziri Georgi Kvirikaşvili və onun kabinetinin üzvləri ilə görüşdə Kerrinin bu fikirləri səsləndirməsi də onun səfərinin məqsədini açıq şəkildə göstərir.
Bununla yanaşı, Kerri Tiflisdə müdafiə və təhlükəsizlik sahəsində Gürcüstan-ABŞ memorandumu imzaladı. O, gürcü torpaqlarında işini bitirdikdən sonra Ukraynaya yollandı və Ukrayna rəsmiləri ilə təhlükəsizlik məsələlərini müzakirə etdi. Görünür, ABŞ Rusiya sərhədləri yaxınlığında möhkəmlənməyi sürətləndirir.
Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bildirib ki, ABŞ-ın Rusiya sərhədlərində istənilən fəallığı və qonşu ölkələri öz himayəsinə götürmək siyasəti Moskva tərəfindən narahatlığa səbəb olur: “Lakin düşünmürəm ki, amerikalılar Gürcüstan və Ukraynaya verdikləri sözü yerinə yetirə biləcəklər”.
Tiflis-Kiyev-Varşava və Rusiyaya qarşı “NATO yumruğu”
Rusiyalı siyasətçinin bu açıqlaması Kerrinin səfərindən Moskvanın narahat olduğunu göstərir. Lakin amerikalı diplomatın Tiflis və Kiyevə gəlməsi bu iki paytaxtın NATO ilə əlaqələrini gücləndirmək məqsədinə də xidmət edirdi. Onun Tiflisdən Kiyevə, oradan da Polşaya gedərək, NATO-nun bu gün Varşavada keçirilən sammitinə qatılması da bunu deməyə əsas verir.
Bu baxımdan, Kerrinin Tiflis-Kiyev-Varşava marşrutunu seçməsi onun çantasında Gürcüstan və Ukraynanın Şimal Alyansına qəbulu, yaxud bu yolda müzakirə olunması vacib olan məsələni daşıdığını hesab etmək olar. Dövlət katibi Tiflisdə olarkən Gürcüstanın NATO-ya girməsi üçün ABŞ-ın dəstək verəcəyini də açıqlamışdı.
Kerridən gürcülərə “təsəlliverici mükafat”
Gürcüstanlı ekspert Qeorqi Kalatozişvili bildirib ki, Con Kerrinin NATO sammiti ərəfəsində Tiflisə gəlməsi gürcü siyasətçilərində ümidlər yaratdı: “Lakin sammitin gedişində Gürcüstanın ittifaqa qəbul edilməsini gözləmək çətindir. Güman ki, xüsusi status veriləcək. Yəni Kerrinin səfəri gürcülər üçün “təsəlliverici mükafat” oldu”.
Gürcü ekspert qeyd edib ki, Kerrinin səfəri zamanı Gürcüstan-ABŞ hərbi əməkdaşlığı haqda imzalanan memorandum xüsusi əhəmiyyətə malikdir.
NATO-ya qəbul məsələsində gəlincə, Q. Kalatozişvili Kerrinin bununla bağlı konkret heç nə demədiyinə diqqət çəkib: “Yalnız bu yolda hər cür dəstək verəcəklərini açıqladı. Gürcüstanın baş naziri da açıqladı ki, Varşava sammitinin nəticəsində uyğun olaraq, NATO və Gürcüstan birgə bəyanatla çıxış edəcək. Əlbəttə, bunu Gürcüstanda gözləmirdilər. Lakin Kerri ictimaiyyəti sakitləşdirərək, məyus olmamağa dəvət etdi. Qeyd etdi ki, hazırda Suriya və Ukrayna məsələsinə görə ləngimələr var, lakin 2008-ci il Buxarest sammitinin qərarını həyata keçirmək mümkündür. Hansı ki, həmin qərarda “Gürcüstan mütləq NATO-ya üzv olacaq” deyə bildirilirdi”.
Rusiyalı senatordan “qıcıqlanırıq” açıqlaması
Konstantin Kosaçev isə Kerrinin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatını Tiflisin Şimal Alyansına üzvlüyünün real olduğu kimi qəbul etməyin tərəfdarı olmadığını deyib: “Hər şeydən öncə, Avropada bu fikirlərə ciddi rəqiblər var. Əgər məsələ səsverməyə çıxarılacaqsa, Rusiya haqda sanksiyalardan fərqli olaraq, Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı yekdil fikir olmayacaq”.
Rusiyalı senator hesab edir ki, Gürcüstan və Ukraynanın NATO-da potensial üzvlüyü Rusiyaya qarşı qıcıqlandırıcı və təzyiq addımıdır.
“Kerri bir qədər ruhdan düşmüş gürcüləri cəsarətləndirməyə və “möhkəm olun, Qərb sizə kömək edəcək” deməyə gəlmişdi”, - deyə Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri vurğulayıb.