“Cahil” amerikalı general, dünyanın son günü, Əsədin qələbəsi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Hərbi çevriliş cəhdindən sonra Qərb və Türkiyə arasında gərginlik yüksələn xətt üzrə artır. ABŞ generalının hərbçilərin həbs olunmasına etdiyi etiraza Ankaranın cavabı olduqca sərt oldu. Ermənistanda isə vəziyyət gərgin olaraq qalır. Bəşər Əsəd isə vətəndaş müharibəsində ən böyük qələbəsini qazanmağa yaxındır. İrəvanda polislə qiyamçılar arasında atışma: yaralı var İrəvanda polis binasını tutan silahlı qrupla polis arasında silahlı qarşıdurma baş verib. Atışma nəticəsində polis binasını tutan silahlı qrupun üzvlərindən olan “Tənha canavar” ləqəbli Araik Xandoyan ayağından yaralanıb. Onu snayperlər vurublar. Polisdən bildirilib ki, binadakı silahlı qrup atəş açdıqları üçün onlara cavab atəşi açılıb. Silahlılar isə girov saxladığı həkimlərin azad edilməsi üçün şərtlərini açıqlayıb.Silahlı qrupun üzvü Varujan Avetisyan yeni briqadanın onları əvəz edəcəyi halda, girov saxladığı həkimləri buraxmağa hazır olduğunu deyib. “Burada girov yoxdur. Əgər yeni briqada onları əvəz edərsə, biz həkimləri bu dəqiqə azad etməyə hazırıq”, - Avetisyan bildirib. O, əlavə edib ki, tibb işciləri özlərini yaxşı hiss edirlər və peşə borclarını yerinə yetirirlər. Qeyd edək ki, 4 həkim silahlı qrup tərəfindən iyulun 27-də girov götürülüb. Qrup səhiyyə naziri Armen Muradyandan əraziyə gəlməsini və tibb işcilərinin əvəzinə girov kimi qalmasını tələb edib. Daha sonra həkimlərdən biri azad edilib. Hakimiyyət silahlıları növbəti dəfə təslim olmağa çağırıb. Ermənistanın baş prokuroru Qevorq Kostanyan deyib ki, İrəvanda polis alayının binasını ələ keçirən silahlılar təslim olsalar, onlara bəzi güzəştlər tətbiq olunacaq. Ərdoğandan ABŞ-a SƏRT CAVAB: “Sən kimsən...” “'Buna qərar vermək sənin işin deyil. Sən kimsən?” Bunu ABŞ Silahlı Qüvvələr Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Cosep Votelin “müttəfiqlərimiz həbs olundu” bəyanatına cavab verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Sən mənim ölkəmdə edilən hərbi çevriliş cəhdininn qarşısını alan dövlətə təşəkkür etməkdənsə, qiyamçıların yanında yer alırsan. Qiyamçı onsuz da sənin ölkəndədir. Onu sənin ölkəndə bəsləyirlər. Mənim millətimi əsla inandıra bilməzsiniz”, - Türkiyə prezidenti bildirib. Ərdoğanın sözlərinə görə, bu cür şərhlər hərbi çevriliş cəhdinin arxasında kimlərin olduğunu, üst ağlın kim olduğunu ortaya çıxarır. Qeyd edək ki, Türkiyədə hərbi çevrilişi şərh edən ABŞ Silahlı Qüvvələr Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Cosep Votel Türkiyə ordusundakı yaxın müttəfiqlərinin həbs olunduğunu bildirib. O, ikili münasibətlərin zərər görəcəyini bildirib və İŞİD-lə mübarizəyə uzunmüddətli təsir göstərəcəyinə dair narahatlığını dilə gətirib. Daha əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı generalın bəyanatını “məlumatsızlıq, cahillik” adlandırıb. “Türkiyənin İŞİD, PKK və digər təşkilatlarla mübarizəsində hərbi gücünü yalnız bunlarla məhdudlaşdırmaq başqa niyyətlərdən, yaxud da məlumatsızlıq və cahillikdən qaynaqlanır”, - Mövlud Çavuşoğlu deyib. Türkiyədə hərbi çevrilişə cəhd zamanı qiyamçılarınm qərargah kimi istifadə etdiyi Akıncı hərbi hava bazası bağlanacaq. Bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım bildirib. Böyük qətliam qapıda: 300 min insan məhv olacaq Üç yüz mindən çox vətəndaşın ölüm-dirim mübarizəsi verdiyi Suriyanın ən böyük şəhərlərindən olan Hələbdə bütün ərzaq anbarları tükənib. Türkiyə mediasının yazdığına görə, iyirmi gündən çoxdur çörək, su və tibbi yardımlar daxil olmayan şəhərdəki yüz minlərlə insanı böyük bir fəlakət gözləyir. Şəhər hazırda tamamilə mühasirə vəziyyətindədir. Hazırda şəhərdə Rusiya və Suriya hava qüvvələrinin bombardmanları davam edir. Suriya Müxalif və İnqilabi Güclər Koalisiyasının başçısı Enes Abdi yüz minlərlə insanın dünyanın gözü qarşısında fəlakətə məhkum edildiyini deyib. “Hələb həmişə inqilabın lokomotivi oldu. Türkiyədə hərbi çevrilişə cəhd edildiyi günlərdə bütün gücləri bu əhəmiyyətli mərkəzin ələ keçirilməsi üçün hücuma başladılar. Şeken Şebabi, Leyramon və Beni Zeyd bölgələrini ələ keçirən rejim Handaratda yerləşən güclərlə əlaqəni təmin edərək şəhəri tamamilə mühasirə altına alıb. İyirmi gündən çoxdur ki, Kastillo dəhlizi təhlükəli olduğu üçün şəhərə yardım edilmir. Şəhər mərkəzinin hələ də 55 faizlik hissəsi müxalifətdədir və burada 50 min ailə yaşayır. Anbarlarda ərzaq tükənib və həyati əhəmiyyət daşıyan istehlak məhsulları astronomik qiymətlərə satılmağa başlanıb”, - o, deyib. Abdi Hələbin qətliamın ən qorxunc nəticələrinə səhnə olacağını vurğulayıb. Bu gün dünya dağılacaq? İnternetdə apokalipsisin (dünyanın sonu) dəqiq vaxtını göstərən video yayılıb. “End Times Prophecies”in məlumatlarına əsasən, dünyamız iyulun 29-da axşam öz mövcudluğunu dayandıracaq. Artıq 2,7 milyondan çox baxış toplayan videoçarxın müəllifləri Bibliya kitabına istinad ediblər. Onların fikrincə, hər şey onu göstərir ki, iyulun 29-da dünyanın sonunu gözləmək lazımdır. İddiaya görə, bu, qorxunc zəlzələlər, canlı varlıqlar üçün tələfedici temperatur dəyişikliyi və Ayın qızartısı ilə müşayiət olunacaq.