Cavid Qurbanovdan 136 illik tarixə dəyişiklik
1955-ci ilin 13 oktyabrı “Azərbaycan Dəmir Yolları”nın ayrıca bir nəqliyyat idarəsi olaraq fəaliyyətə başlaması kimi tarixə düşüb. Yarandığı ilk 17 il ərzində Dövlət Dəmir Yolları adlanan qurum ölkə başçısının 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yenidən təşkil olunub, səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Artıq 12 ildir ki, Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmiryolçuların peşə bayramı kimi qeyd olunur. Əsr yarımlıq bir tarixi geridə qoyan Dəmir Yolları 2015-ci ilin fevralından bəri heç vaxt görmədiyi dinamik inkişaf dövrünü yaşayır. Bu isə birbaşa sədr Cavid Qurbanovun adı və həyata keçirdiyi böyük layihələrlə bağlıdır. Elə qocaman dəmiryolçu, Biləcəri deposunun rəisi Oqtay Abbasov da Modern.az -a bu qənaətdə olduğunu deyib. İlk dəfə 1975-ci ildə 17 yaşında çilingər olaraq çalışmağa başlayan Oqtay Abbasov ömrünün 41 ilini dəmir yollarına həsr edib. Burada çalışdığı müddətdə çilingərlikdən stansiya rəisliyinə qədər yüksəlib: “Burada olan stajımın 41 ilinin 30-nu bu depoda-komsomol katibi, mühəndis, baş mühəndis olaraq çalışmışam. Bu sahədə baş verən bütün dəyişikliklər, yeniliklər mənim gözüm qarşısında reallaşıb. Biləcəri deposuna 2016-cı ilin fevral ayında təyin olunmuşam. “Dəmir Yolları”nda əvvəlki illərlə indiki dövr arasında çox böyük fərq var. Xüsusilə Cavid Qurbanovun quruma sədr təyin olunmasından sonra baş verən dəyişiklik həddindən çoxdur. Bu da həqiqətdir. İlkin olaraq yollarda əsaslı təmir aparılıb, qatarların orta sürəti artıb, sərnişindaşıma xidməti yüksəlib, lokomativ təsərrüfatı üçün böyük işlər görülüb, yeni lokomotivlər alınıb. Hansı ki, neçə illərdir “Dəmir Yolları” yeni lokomotivlər almırdı”. Ömrünün yarıdan çoxunu dəmir yollarına həsr edən O.Abbasov qurumdakı yeniliklərdən də danışıb: “Bütün yeniliklər göz qarşısındadır. Bunu danmaq mümkün deyil. Son vaxtlarda “Dəmir Yolları”na 10 yeni teplovoz, 4 yeni elektrovoz alınıb. Bundan əlavə 7 elektrovoz əsaslı təmir olunub. Cavid müəllimin işinə olan məsuliyyəti işçilərinə də sirayət edib. Cənab sədrin iş vaxtı səhər saat 9-da başlamasına baxmayaraq, o, səhər saat 9 olmamış işdə olur. Stansiya rəisi olaraq mən və müavinlər də ən geci səhər saat 8-də işdə olmağa çalışırıq”. O bildirib ki, “Azərbaycan Dəmir Yolları” yenidənqurma işlərini davam etdirir: “Qeyd edim ki, ötən müddətdə həm sərnişindaşımanın səviyyəsi yüksəlib, həm də yollarda aparılan yenidənqurma işlərinə görə sürət artıb. Əvvəl sərnişin Bakıdan Gəncəyə 13-14 saata çatırdısa, bu gün həmin yolu 10 saata gedə bilir. Təbii ki, işlər hələ ki davam etdirilir. Hər yerdə olduğu kimi bizim işimizdə də qarşılaşdığımız çətin məqamlar olur. Bu həyat mübarizədir. Faktiki olaraq bu problemlərin həlli ilə məşğul olan rəhbərlik var. İnkişaf etmiş ölkələrdə, müasir idarə və müəssisələrdə də özünəməxsus problemlər müşahidə edilir. Fakt odur ki, bu problemlərin həlli üçün önəmli addımlar atılır”.