19.05.2014. - “Azərbaycan rəqəmsal TV-yə tam hazırdır”

19.05.2014. -  “Azərbaycan rəqəmsal TV-yə tam hazırdır”Azərbaycan rəqəmsal TV-yə keçməyə tam hazırdır.

Trend-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 98%-nin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunub və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır. Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı önə çəkilib.

Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi və orta illik artım tempinin təqribən 15-20 faiz həddində olması nəzərdə tutulur. Bu dövrdə ölkənin İKT sahəsinə 4 milyard dollara yaxın investisiya qoyulması gözlənilir.
Onun sözlərinə görə, əhalinin 70%-i internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilib və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir.

Ə.Abbasov vurğulayıb ki, bu ildən bütün ölkə ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır: “Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək bu layihənin başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksəksürətli internetlə təmin etməkdir. Layihə üç il müddətində reallaşdırılacaq və layihənin həyata keçirilməsindən əsas gözləntilər ölkə ərazisində 30-100 Mbit/s genişzolaqlı xidmətlərə çıxış imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatmağa imkan verəcək”.

Naziri bildirib ki, respublikada internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir: “Sevindirici haldır ki, Azərbaycan “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir”.

O, əlavə edib ki, Azərbaycanda 2016-cı ilə Yer səthinin monitorinqi peykinin, 2017-ci ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır: “Bütün bunlar respublikamıza İKT sahəsində daha böyük infrastruktur layihələrini gerçəkləşdirməyə möhkəm zəmin yaradır”


"AzerTaym.az"






Fikirlər