Rəsul Quliyevdən Milli Şuraya ağır sözlər : “Cəmil Həsənli ağzı KÖPÜKLƏNƏ-KÖPÜKLƏNƏ...”
Zahid Oruc: “Özlərini qərbpərəst aparanlar indi dindarlarla birləşiblər”; Milli Şuranın 8 apreldə keçirdiyi mitinqlə bağlı müzakirələr səngimək bilmir. Aksiyada iştirakçıların sayı daha çox müzakirə olunmaqla yanaşı, aksiyaçıların təmsil etdiyi qütblər və cərəyanlar da ciddi şəkildə gündəm olub. Xüsusilə mitinqdə əsasən dindarların iştirakı ilə bağlı çoxsaylı fikirlər var. Mitinqdən öncə Milli Şura daxilində dindarların aksiyada iştirakı ilə bağlı ciddi fikir ayrılığının yarandığı barədə məlumat vermişdik. Hətta jurnalist Xədicə İsmayılın bu təbəqənin meydana gələcəyi təqdirdə aksiyada iştirak etməyəcəyi barədə Milli Şura rəhbərliyinin qarşısında şərt qoyduğu da üzə çıxmışdı. Amma mitinq günü həm X.İsmayılı, həm də dindarları meydanda gördük. Aksiya günü səslənən dini şüarlar, qaldırılan dini plakatlar da geniş müzakirə edilir. Çoxları hesab edir ki, bir siyasi qurumun tədbirində dindarların bu şəkildə iştirakı Azərbaycanın Qərbə inteqrasiyasına da ciddi zərbədir. Qərbin bu faktordan ölkəmizə qarşı istifadəsi üçün bəhanələrin verildiyi vurğulanır. Mitinqdə Avropa Birliyinin bayraqları ilə yanaşı, dini cərəyanların bayraqlarının dalğalanmasının çox qorxulu tendensiya yaratdığı qeyd edilir. Bir siyasi qurumun meydana daha çox insan toplamaq üçün hər cür varianta əl atması, dövlətçilik dəyərlərini tapdalaması sərt şəkildə tənqid olunur. Maraqlıdır ki, aksiyadan sonrakı günlər ərzində bu məsələ sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələr yaratmasa da, hələ mitinq təşkilatçıları bununla bağlı bir mövqe belə sərgiləməyiblər.
Mitinqlə bağlı hazırda Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev də status yazıb. O, Milli Şuranın rəhbərliyinin ünvanına ağır sözlər deyib. Həmin statusu təqdim edirik: “Fotoreportyor Rüstəmxanlının Məhsul stadionunun yanındakı evin yuxarı mərtəbəsindən çəkdiyi mitinqin ponoraması çox neqativ təsir bağışlayır. İlk növbədə o meydanda (15 minlik stadionda) 800-900 adam gözə dəyir. Nəzərə alsaq ki, o adamların ən azı 400-ü mülkü formada olan dövlət məmurları və 200-ə yaxını islamçılardır, Milli Şuranın professorunun çağırışına maksimum 300-400 adam səs verib. Özünün 2013-cü ildə prezident seçildiyini (65 faizlə) iddia edən professorun 15 gün bundan öncə əminliklə və ağzı köpüklənə-köpüklənə ”mitinq keçirmək xalqın sosial tələbidir və bu işi görmək bu gün zərurətdən irəli gəlir" şüarı bu insanın real həyatdan hansı səviyyədə uzaq olduğunu bir daha göstərir..." Rəsul Quliyev Milli Şuranın belə aksiyalarının hakimiyyətin xeyrinə olduğunu bildirib.
İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bunları dedi ki, uzun illər hakimiyyət əleyhdarları Nardaranda mövcud olan münasibətləri ciddi irad kimi irəli sürüblər: “Hətta bundan uzağa gedən siyasi nəticələr çıxarır, burada da iqtidarı günahlandırmağa cəhd edirdilər. Əlbəttə, bunların haqsız olduğunu iqtidar təmsilçiləri real faktlarla sübut etsələr də, vəziyyət dəyişmədiyindən problem ortalıqda qalmaqda idi. Həmin qüvvələr iddia edirdilər ki, guya Nardaranda dini faktorun güclü olması, burada bir ölkənin təsirinin olması, Azərbaycan Konstitusiyasının orada bərqərar olmaması iqtidara Qərbi şantaj etmək üçün vacibdir. Yəni guya iqtidar həmin dini qüvvələri öz alternativi kimi guya hakimiyyətin əlində saxladığı bu vasitə ilə hansısa xarici təzyiqlərdən sığortalanırmış. Bunlar istənilən halda qeyri-real mövqelər idi. İndi isə çox maraqlı hadisələr baş verməkdədir. MTN hadisələrindən sonra hakimiyyət fəal şəkildə Nardarandakı prosesləri ölkənin siyasi ahənginə uyğunlaşdırdı, orada mühüm tədbirlər həyata keçirdi. Bundan sonra orada münasibətlər normal axarı ilə getməyə başladı. Lakin əvəzində orada fundamentalizmi təşkil edən müxtəlif qüvvələr dini bayraq altında özlərinin gələcək talelərini siyasi müxalifətin ən radikal hissəsi ilə birləşdirdi. Çox unikal bir tendensiya yaranıb. Özlərini qərbpərəst aparanlar, bu vasitə ilə guya ölkədəki rus və iranpərəstlərə savaş açdıqlarını deyənlər, özlərini daha çox demokratik göstərənlər indi dindarlarla birləşiblər. Açığı, bilmirəm onlara nə dərəcədə demokrat demək olar. Belə şəraitdə Azərbaycanın daxilini müşahidə edən, öz ölkələrinə məxfi məlumatlar göndərənlər də bundan mühüm nəticə çıxarırlar. Sosial elektorat kimi tükəndiklərindən, başqa alternativ variantları olmadığından belə vəziyyət yaranıb. Əslində yüz minləri inandırsaydılar, o sayda insanı meydana toplaya bilsəydilər, dindarların iştirakı da o sayda iştirakçının içərisində ya çox görünməzdi, ya da normal qəbul olunardı. Amma indi görünən odur ki, dindarlar azsaylı müxalifət tərəfdarlarının içərisində çoxluluq təşkil edirlər. Açığı, bu, Azərbaycan bayrağının bir rəngi qədər inqilab istəkləri kimi təzahür edir. Bunlar müxalifətin dini cərəyanlara yuvarlanması deməkdir. Amma onlar bir ”Məhsul" stadionunu doldurmayacaq qədər azdırlar".