Nizami rayonunda təhsilə həsr olunan KONFRANS KEÇİRİLİB

Nizami rayonunda təhsilə həsr olunan konfrans keçirilib  

Nizami rayonunda 2016/2017-ci tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2017/2018-ci dərs ilinə hazırlığın vəziyyəti barədə konfrans keçirilib.

AzerTaym.az xəbər verir ki, konfransda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yola salınan tədris ilində Nizami rayon məktəblərinin qazandıqları nailiyyətləri yüksək qiymətləndirərək təhsil müəssisələrinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2016/2017-ci tədris ilinin yekunları və rayonun təhsil müəssisələrinin yeni 2017/2018-ci dərs ilinə hazırlıq vəziyyəti barədə çıxış edib.

2016-cı ildə Dövlət Proqramı çərçivəsində 32 №-li orta məktəbdə 800 şagird yerlik (40 sinif), 238 №-li orta məktəbdə 320 şagird yerlik (16 sinif), 12 №-li orta məktəbdə isə 360 şagird yerlik (18 sinif) əlavə tədris korpusları tikildiyini, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən Kimya-biologiya təmayüllü Respublika liseyinin əsas korpusu, yardımçı otaqları və yeməkxanasının əsaslı təmir olunduğunu, yataqxana korpusunda isə cari təmir işlərinin görüldüyünü söyləyib.

Konfransın sonunda 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, 2016/2017-ci dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1977 nəfər şagird bitirib, onlardan 1825 nəfəri ali məktəblərə sənəd verib və Dövlət İmtahan Mərkəzinin verdiyi rəsmi məlumata görə, sənəd verənlərin 1191 nəfəri, yəni 65,3%-i tələbə adını qazanıb (ötən ilki qəbul 58,6%). 

2017-ci ildə rayon üzrə 1 məzun 700 bal (ötən ildə də 1 nəfər), 123 məzun isə 600-dən yuxarı bal (ötən il 121 nəfər) toplayıb, onlardan da 58 nəfəri (ötən il 41 nəfər) 650 baldan yüksək nəticə göstərib.

 



 






Fikirlər