Ermənistanda “FİTİL" çəkildi - düşmən ÖLKƏ QARIŞIR
Parlament kütləvi etirazlara rəğmən, qalmaqallı qanun layihəsini qəbul elədi; İrəvanın mərkəzində üsyançı tələbələrlə polis qüvvələri toqquşdu; daşnak təhsil naziri ən fəal gəncləri nəzarətə götürmək göstərişi verdi; Sərksiyan qanunu imzalayacaqmı? Dünən Ermənistan parlamenti tələblərin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” ziddiyyətli və ictimai qınağa tuş gələn qanun layihəsini ikinci oxunuşda və bütünlüklə qəbul edib. “Yeni Müsavat”ın proqnoz elədiyi kimi, gənclərin günlərdir davam edən kütləvi etiraz aksiyalarına rəğmən, sənəd təsdiqlənib. Çünki bunu labüd edən əsas səbəb orduya çağırışçı probleminin getdikcə daha kəskin xarakter almasıdır. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, 86 deputat qalmaqallı qanun layihəsinin leyinə, 6 deputat isə əleyhinə səs verib. Sonuncular müxalifətçi “Yelk” (“Çıxış”) blokunun üzvləridir. Blokun deputatı Ararat Mirzoyan səsvermə öncəsi çıxışında xatırladıb ki, tələbələrə möhlət hüququnun ləğvinə etiraz olaraq 4 tələbə aclıq aksiyasına başlayıb. O, 120 elmi tədqiqatçının da tələbə aksiyalarına qoşulduğunu deyərək həmkarlarını sənədin əleyhinə səs verməyə, qısa zamanda yeni qanun layihəsi hazırlamağa çağırışa da, nəticə olmayıb. Aydındır ki, yerdə qalan deputatlar hakimiyyətin diktəsinə tabe olduqları üçün sənədi müdafiə ediblər. Bu sırada özünü müxalıfətçi kimi göstərməyə çalışan “Tsarukyan” blokunun üzvləri də var (Real müxalifət parlamentdə, demək olar, təmsil olunmayıb). Xatırladaq ki, birinci səsvermədə qanun layihəsinin lehinə 89, əleyhinə 9 deputat səs vermişdi. Tələbə aksiyalarının təşkilatçılarından biri olan Vaqan Kostanyan qanunun qəbulunu şərh edərkən deyib ki, bununla da parlament tələbə-gənclərin səsini eşitmədiyini nümayş etdirib. “Parlament bizim səsimizi eşitmədiyi üçün biz parlamentin binası qarşısında sükut aksiyasına başlayırıq”, - deyə o bəyan edib. *****
Qanun layihəsi təsdiqlənəndən sonra tələbələr İrəvanın mərkəzi Baqramyan küçəsinə - parlamentin yerləşdiyi ünvana axışıblar, parlamentə girişi və yolu bağlayıblar. Vəziyyətin gərginləşdiyini görən polis qüvvələri isə etirazçılardan yolu açmağı tələb edib. Ancaq fəallar imtina edib. Bundan sonra etirazçılarla asayiş keşikçiləri arasında ilk toqquşma baş verib. “Yeni Müsavat”ın xəbərinə görə, baş verənlərlə bağlı “Joxovurd” qəzeti yazıb: “Bizim məlumatlarımıza görə, tələbələrin artıq ikinci həftədir davam edən və hərbi xidmətdən möhlət hüququnun ləğvinə qarşı olan aksiyaları hakimiyyətin ən yuxarı eşelonunda ciddi narahatlıq yaradıb. Belə ki, bu ərəfədə təhsil və elm naziri Levon Mkrtçyan bütün ali məktəblərin rektorlarını yığaraq iclas keçirib. İclasda nazir hər bir rektordan öz ali məktəblərində situasiyaya nə dərəcədə nəzarət etdiyini və kütləvi tətillərin qarşısını almaq üçün hansı tədbirləri gördüyünü soruşub. Aldığımız bilgilirə əsasən, ”Daşnaksütyun"ün üzvü olan təhsil naziri rektorlara ciddi şəkildə tapşırıb ki, öz müəllimlərini dərslərə gəlməyən bütün tələbələri qeydə almaq üçün təlimatlandırsınlar. Ancaq bu zaman onların ali məktəbdən xaric ediləcəyi barədə qətiyyən söhbət salmasınlar".
Erməni nəşrinin bu qeydləri tələbə fəallara qarşı repressiv tədbirlərin anonsu da sayıla bilər. ***** Beləliklə, Ermənistan parlamenti faktiki şəkildə “fitili” çəkib. Nəzərə alsaq ki, istənilən ölkədə ən fəal kəsim tələbə-gənclər hesab olunur, o zaman situasiyanın qarşıdakı günlərdə daha da gərginləşəcəyini, yeni etiraz formalarının tətbiq olunacağını proqnoz eləmək olar. Son sözü təbii ki, qanunu imzalamalı olacaq Ermənistan prezidenti Serj Sərkisyan deməlidir. Bəs, Sərksiyan sənədi imzalayacaqmı? Ehtimal ki, yeni insidentlərdən qaçmaq üçün Serj Sərkisyan bunu ən azı, Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammitinə qədər uzadacaq - hansı sammitə ki, onun özü də qatılmağa hazırlaşır. Sammitdə təşkilatla Ermənistan arasında çərçivə sazişinin taleyinə aydınlıq gəlməlidir.
Təbii ki, bu ərəfədə erməni prezident ölkədaxili situasiya, təməl insan haqları ilə bağlı əlavə problemlərlə üzləşmək istəməz. Lakin tələbə hərəkatını zəiflətmək və gözdən salmaq üçün hakimiyyətin hansısa addımlar atacağı da gözləniləndir. Ancaq “dəyənəyin ikinci ucu” da var. Başqa sözlə, gizli repressiv tədbirlər tələbələri daha radikal addımlara sövq edə, cəmiyyətin digər təbəqələri də onlara qoşula və ölkə qarışa bilər. Yəni, Sarksiyana sürpriz məsələsi. O da maraqlıdır ki, etiraz doğuran qanun layihəsi S.Sərksiyan ölkədə deyil, Moskvada olarkən qəbul edilib. Bu da əslində ona tələbələr qarşısında müəyyən manevr imkanı yaradır. O anlamda ki, guya baş verənlərdən bixəbər olub. Hər necə olmasa, yeni qanun məhz onun imzasından sonra qüvvəyə minəcək - əgər qüvvəyə minəcəksə.
Bir şey dəqiqdir ki, tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi gənclər də daxil, ölkədən kütləvi köçü sürətləndirəcək. Bunu kim bilməsə də müharibə şəraitind olan işğalçı ölkənin əhalisini 2040-ci ilədək 4 milyona çatdırmaq xülyası ilə yaşayan ölkə prezidenti hamıdan yaxşı bilməlidir. *****
Qəzet çapa gedərkən məlum oldu ki, 14 noyabrdan İrəvan Dövlət Universitetinin auditoriyalarından birində aclıq aksiyasına başlayan 5 tələbə də olduqları yeri tərk edərək parlament istiqamətində - Baqramyan küçəsində - toplaşan etirazçılara qoşulublar. Musavat.com-un məlumatına görə, onlar bildiriblər ki, sağlamlıqları yerindədir və aksiyanı davam etdirməkdə qərarlıdırlar. Aclıq edən tələbələr bəyan ediblər ki, parlament tələbələri təhsildən ayıran qanunu qəbul etdiyi üçün onlar su qəbulundan da imtina etməklə bağlı qərar veriblər. Etirazçıların sayı isə artmaqdadır. İrəvan Dövlət Universitetinin tələbələrinin aksiyasına İrəvan Dövlət Konservatoriyasının tələbələri də qoşulub. Onlar aksiyaya musiqi ifaları ilə dəstək verirlər. Tələbələr polisə xitabən “Bizə qoşulun!” çağırışları edirlər. Gənclərin etirazları davam edir.