"Dağlıq Qarabağ münaqişəsinin Avropa Birliyi ilə Azərbaycan arasındakı ikitərəfli sazişlə əlaqəsi yoxdur. Qafqazda qoşunları olan Avropa Birliyi deyil. Hər iki tərəfi silahla təmin edən də Avropa Birliyi deyil" - bu sözləri Avropa Birliynin Xarici Fəaliyyət Xidmətinin adının çəkilməsini istəməyən rəsmisi Brüsselə ezam olunmuş Qaynarinfo-nun müxbirinə açıqlamasında bildirib.
"Avropa Birliyinin Qafqazda əmtəə və enerji nəqliyyatında çətinliklərin yaranmasında obyektiv marağı yoxdur. Əlbəttə ki, bu münaqişəni Avropa Birliyi başlamayıb. Təəsüf ki, Avropa Birliyi, bunu çox istəməsinə rəğmən, çözüm tətbiq etməyə qadir deyil. Avropa Birliyi niyə ikitərəfli müqavilə üçün cavabdeh olmadığı münaqişənin əsiri olmalıdır? Məntiq baxımından burada suallar doğur. Bu o demək deyil ki, biz həll tapa bilmərik. Prezident Əliyevin bu ilin fevral ayındakı səfəri yaxşı keçdi. Biz çətinlik yaratmayan dil tapa bildik.” - deyə o əlavə edib.
Azərbaycan ilə Avropa ölkələri arasında ticarət dövriyyəsi haqqnda da danışan AB rəsmisi maraq doğuran açıqlamalar edib:
"Azərbaycan ilə ticari münasibətlərimizdə böyük defisitimiz var. Biz çoxlu neft alırıq, əvəzində daha az əmtəə, avtomobil və nəqliyyat satırıq. Ticarət şəraitinin yaxşılaşdırılması üçün obyektiv marağımız var. Ümumdünya Ticarət Təşkilatına üzv olmayan ölkə ilə bu asan deyil, cünki sıfırdan başlamaq lazım olur. ÜTT-yə üzv ölkə ilə danışıqlar apararkən artıq ortaq baza mövcud olur və texniki çətinliklər olmur. Amma əgər Azərbaycan tərəfdən lazım olanı etmək üçün iradə varsa, bu maraqlı proses olacaq, əks halda Azərbaycanın özü zərər edəcək. Çünki Azərbaycan hökumətin dediyinə görə, Azərbaycan ölkə iqtisadiyyatını şaxələndirmək istəyir. Enerji qiymətlərinin düşməsi Azərbaycana mənfi təsir edib. İqtisadiyyatın şaxələndirilməsi üçün invetisiya lazımdır. İnvestisiya üçün müvafiq ticarət şərtləri lazımdır. ÜTT-yə üzvlük bu prosesi sadələşdirə bilər və Azərbaycan üçün də rahat olardı. Yeri gəlmişkən, dünyada ÜTT-yə üzv olmayan ölkə o qədər də çox deyil, olsa da onların iqtisadiyyatı elədə yüksək inkişaf etməyib. Önəmlisi odur ki, Azərbaycan tərəfdən açıq və rəqabətcil iqtisadiyyat üçün iradə var. Ümid edirik ki, Azərbaycan tərəfdən yeni sazişin irəliyə aparılması üçün iradə var”.