Rədd edilən EŞQ, qocalıqda evlilik, olmayan övlad - Nuru Paşanın UGURSUZ AİLƏ HƏYATI
Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək. Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında Bakının qurtuluşu və qurtuluşun memarı olan Nuru Paşa, onun Qafqaz İslam Ordusu barəsində də yazılar təqdim edəcəyik. Çünki 28 May tarixi bizim üçün nə qədər önəmlidirsə, Bakının xilas olunduğu 15 sentyabr da (1918) o dərəcədə əhəmiyyətlidir. Odur ki, bu şanlı tarixi gün və onun səbəbkarları da unudulmamalıdır. Bu dəfə Nuru Paşanın baş tutmayan ailə həyatından danışacağıq. Nuru Paşa yalnız ölümündən 3 il əvvəl ailə həyatı qurdu. O izdivacdan da heç bir övlad olmadı. Araşdırmaçı Mehman Süleymanovun “Nuru Paşa və silahdaşları”, yazıçı Manaf Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” adlı əsərlərindən istifadə edərək Nuru Paşanın uğursuz ailə həyatı haqqında bir neçə faktı təqdim edəcəyik: Nuru Paşanın gec ailə qurmasına səbəb, bəlkə də, Hacı Zeynalabdin Tağıyev olub. Nuru paşa Bakıda olarkən Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımla ailə həyatı qurmaq istəyirmiş. Sara xanımın bu barədə xatirələrini Manaf Süleymanov öz kitablarında çap etdirmişdi. Sara xanım bildirirdi ki, ona Buxara əmiri də elçi düşübmüş. Amma uzaqda olduğu üçün Hacı Zeynalabdin Tağıyev Sara xanımı verməyib. Məlumdur ki, Nuru paşa Bakıda olarkən Hacı Zeynalabdin Tağıyev onu böyük təntənə ilə qarşılamışdı və Xəlil paşaya da Bakıda qaldığı günlərdə evində yer vermişdi. Nuru paşa da ona Sara xanımla ailə həyatı qurmaq istədiyini demişdi. Sara xanım bu hadisəni belə xatırlayırdı:
“Adı dillər əzbəri olan İslam türk ordusunun baş komandanı Nuru paşa Bakını almışdı. Bir neçə dəfə görüşmüşdük. Hər şeyi başa düşürdüm. Romantik, şairanə arzularla yaşayırdım... Paşa bir neçə dəfə ziyafətdə olmuşdu. Bağımıza gəlmişdi... Gözlərimdə, elə hamının nəzərində qeyri-adi qəhrəman kimi görünürdü... Tək mənim yox, elə hamının... Hacıya ağız açıb mənə evlənmək istədiyini demişdi... Atam ona da Buxara əmirinə verdiyi cavabı vermişdi... O zaman Nuru Paşanın 29 yaşı var idi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya dərin ehtiram bəsləsə də, övladının gözündən uzaqda olmasına razılıq vermədi. Başqa bir kitabında Manaf Süleymanov Nuru Paşa ilə Sara xanımım görüşləri zamanı Nuru Paşanın ona şer oxumasını da qələmə almışdı. Sonradan Nuru Paşa uzun müddət ailə həyatı qurmaq fikrinə düşmədi. Çox güman ki, rastlaşdığı ağır həyat və sınaqlar onu ailə qurmaqdan çəkindirdi. 1921-ci ildə Nuru Paşa bir də ailə həyatı qurmaq barədə fikirləşməyə başladı. Yuxarıda qeyd edildiyi kimi, 1921-ci il avqust ayının 22-də Ənvər paşaya göndərdiyi məktubunda ailə həyatı qurmaq istəməsindən söz açır və onun nəzərində olan xanımlar barəsində Ənvər Paşaya məlumat verirdi. Nuru Paşa iki xanımın adını çəkir. Biri Karçıbaşılardan olan Həmidə xanımın qızı, bir də prinses İffət xanımın qızı. Əlavə olaraq Nuru Paşa Həmidə xanımın qızının gənc və gözəl bir xanım olduğunu bildirirdi. Amma həmin ildə M.Süleymanovun adıçəkilən əsərində Nuru Paşanın ailə həyatı haqqında bu cür bilgilər verilir: “Nuru Paşa ailə həyatı qurmadı. O bir də 1946-cı ildə, həlak olmasından 3 il əvvəl Ənvər Paşaya məktubunda adını çəkdiyi prinses İffət xanımım qızı Misli Mələk xanımla ailə həyatı qurdu. 1901-ci ildə doğulmuş olan Misli Mələk xanımın anası İffət xanım Misir prinsesi idi. Nuru Paşa ilə Misli Mələk xanımın övladı olmamışdı. Nuru Paşanın həlak olmasından sonra Misli Mələk xanım uzun bir həyat yaşamış və 1989-cu ildə dünyasını dəyişmişdi”.