ABŞ eyni vaxtda bir neçə dövlətə zərbə vurmaqla HEGEMONLUĞUNU NÜMAYİŞ ETDİRİR
Məhəmməd Talıblı: "Rahib Brunson olmasaydı da, Türkiyəni zəiflətmək planı üçün hansısa səbəb tapılacaqdı" "Müttəfiqlik içində olan dövlətlərin qardaş Türkiyəyə münasibətləri dəyişməlidir, onlar başa düşməlidirlər ki, Türkiyə bir çadır dövləti deyil!" "Uzun illərdir ki, Türkiyədə yaşayan rahib Branson Türkiyəni daxildən parçalamaq üçün dağıdıcı qüvvələri davamlı olaraq maliyyələşdirməkdə ittiham olunaraq həbs olundu. Bronsona işgəncə verilmədi. Sonradan isə o, ev dustaqlığı ilə əvəz olundu. Sonda isə o, azadlığa buraxıldı. Rza Zərrabın “pul yuma” əməliyyatında heç bir suçu olmayan məmur “Halkbank”ın rəhbərlərindən olan Hakan Atilla həbs olanaraq ABŞ-a aparıldı. ABŞ ekstradisiya edilən Rza ABŞ-da azadlığa buraxıldı, lakin heç günahı sübut olunmayan Atilla həbsxanada qaldı. Atilla da bir insandır, rahib Branson da". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblıya məxsusdur.
O, qeyd edir ki, ABŞ Bransona görə, Türkiyəyə qarşı iqtisadi sanksiyaya əl atdı və qardaş ölkədən idxal olunan 2 məhsula yüksək səviyyədə rüsum tətbiq etdi: "Halbuki, Türkiyədən ABŞ-a ixrac olunan polad və aliminiuma qoyulan yüksək rüsum proteksionist (himayədarlıq) siyasəti ilə bağlı deyil. Bu birbaşa Türkiyənin ixrac hesabına dollarla daxilolma imkanlarından məhrum olması və Beynəlxalq Valyuta Fondunun dollar borcu almaq üçün onun qapısına getmək məcburiyyətində olmaq üçün edilir". İqtisadçı ekspertin sözlərinə görə, ABŞ tərəfindən analoji addım 17 il bundan öncə atıldıqda Türkiyənin üzv olduğu Ümümdünya Ticarət Təşkilatı buna görə Vaşinqtona etiraz etmişdi: "O zaman ABŞ bunu milli təhlükəsizliyinə təhdid (232) maddəsinin pozulması ilə əsaslandırmağa çalışmışdı. Tramp rahib Bronsonun ev dustaqlığından azadlığa buraxılmasına baxmayaraq, yüksək rüsumu aradan qaldırmadı. Tramp deyib ki, Brunsonun azad edilməsi bizim Türkiyəyə münasibətimizi dəyişən deyil. Demək, məsələ Brunsonla da bağlı deyil. Məntiqlə rahib olmasaydı da, Türkiyəni zəiflətmək planı üçün hansısa səbəb tapılacaqdı. El dilində desək, məsələ yorğan davası deyilmiş, un davasıdır. PKK, bu terror təşkilatının iki törəməsi olan YPG və PYD, FETÖ kimi yüksək rüsum siyasəti də Türkiyənin regionda ABŞ-la müttəfiqlik münasibətində əl dəyişməsi üçün edilirmiş. Çünki məntiqlə rahib Brunson 2 ildir həbs olunub, niyə indi ABŞ-ın yadına düşüb? Brunson söhbəti çox da inandırıcı deyil". ABŞ-ın hazırda eyni vaxtda bir neçə dövlətə qarşı cəbhə açdığını vurğulayan Məhəmməd Talıblı hesab edir ki, Ağ Ev asimmetrik əməkdaşlıq yox, hegemonluq diqtəsi ilə regionlarda oturmaq istəyir: "ABŞ hazırda bir neçə dövlətə qarşı eyni vaxtda zərbə vurmaq kimi hədəfləri ilə ortada: Türkiyəyə polad və aliminium rüsumlarında artımlar, Çində ticarət savaşı, İrana qarşı embarqo, Rusiyaya sanksiya, Aİ-a xüsusilə avtomobillərə olan rüsumların 25 faiz artırılması ilə böyük bir cəbhə açıb. Bütün bunlar göstərir ki, indiki halda ABŞ asimmetrik əməkdaşlıq yox, hegemonluq diqtəsi ilə regionlarda oturmaq istəyir. Əvvələr isə demokratiya, təhlükəsizlik və insan hüquqları ilə birgə əməkdaşlıq üçbucağı əsasən elan edilirdi. Əslində müttəfiqlik münasibətləri ortaq dövlət maraqları və sivil münasibətləri nəzərə tutmalıdır. Türkiyə ilə 40 ildir ki, Avropa İttifaqı, yaxın keçmişdə Rusiya, indi isə ABŞ fərqli dövlət statusu ilə yanaşıblar. Bu münasibətlərin sağlam əsaslar üzərində qurulması üçün müttəfiqlik içində olan dövlətlərin qardaş Türkiyəyə münasibətləri dəyişməlidir. Onlar başa düşməlidirlər ki, Türkiyə bir çadır dövləti deyil!"