Yoluxucu xəstəliklər, o cümlədən qrip hər zaman cəmiyyətdə geniş müzakirə mövzusu olub. Çünki bu virusla milyonlarla insan xəstələnir və onlar arasında ölənlər də olur. Son dövrlər a/H1N1 virusunun dünyada yayılması, Azərbaycanda da aşkarlanması narahatlıqlara yol açıb. Bəs ümumən Azərbaycanda epidemioloji vəziyyət necədir?
"AzerTaym.az" bildirir ki, baş epidemioloqu İbadulla Ağayevin Medicina.az saytına müsahibəsində bu yöndə olan sualları cavablandırır:
- Ölkədə epidemioloji vəziyyət necədir?
- Ölkədə epidemioloji vəziyyət sakit və sabitdir. Yoluxucu xəstəliklərin heç biri ölkəmizdə epidemioloji həddi aşmayıb. Ara-sıra müəyyən vaxt ərzində baş verən yoluxucu xəstəliklər təbiidir, olmalıdır, illər boyu dünyada olub. O cümlədən Azərbaycanda da ayrı-ayrı hallarda, sporadik şəkildə yoluxucu xəstəliklərlə xəstələnmə halları olur. İndiki vaxtda KİV-də haqqında geniş danışılan və əhalini narahat edən əsas məsələlərdən biri qrip xəstəliyidir. Hər il dünyada milyonlarla insan qriplə xəstələnir. Təbiidir ki, bu xəstəliklərdən ölənlər var. Amma bu dəqiqə dünyanın heç bir ölkəsində qrip xəstəliyindən pandemiya yoxdur. O cümlədən Azərbaycanda da hər il olduğu səviyyədə qrip xəstəlikləri var. KİV-lərdən bir xahişim var ki, bunu şişirdib elə bir həddə çatdırmasınlar. Bəziləri yazır ki, guya, Azərbaycanda qrip xəstəliyi tüğyan edir. Xeyr, elə deyil.
Xəstələnməyə səbəb yalnız və yalnız özləridir. Qrip mövsümi xəstəlikdir. İnsanlar ona görə xəstələnir ki, bu mövsümdə özlərini qorumurlar. Yəni üst geyimlərinə fikir vermədikləri üçün xəstələnmə halları da tez-tez baş verir.
Bu, mövsümi xəstəlikdir, burada da risk qrupları olur. Təbii ki, uşaqlar, hamilə qadınlar, yaşlı insanlar qripə tez yoluxurlar. Bu insanları qorumaq üçün həm uşaqların valideynləri, 65 yaşından yuxarı insanlar da özlərini idarə etdikləri üçün özləri zəhmət çəkib, xəstələnməmələrinin qeydinə qalsınlar. Hamilə qadınlar təbii ki, hamiləlik dövründə bu infeksiyadan özlərini qorumalıdırlar. Əgər analıq məzuniyyətində evdədirlərsə, yaxud işləməyən hamilə qadınlarımız varsa, yaxşı olardı ki, evdə xəstə olduğu halda özlərini təcrid etsinlər. Həmin insanlara qulluq edənlər də müxtəlif vasitələrdən istifadə etməklə onlara qulluq etsinlər.
Bir daha təkrar edirəm ki, respublikamızda tam sakitlik, sabitlikdir. Heç bir epidemik həddi aşan nəinki qrip, digər yoluxucu xəstəliklər də yoxdur.
- Niyə ölkəmizdə də aşkarlanan H1N1 virusuna biz niyə "donuz qripi” demirik?
- İstər "donuz qripi”, istər "quş qripi”, istər insan qripi olsun, hansı adı verirlərsə versinlər, bir törədicisi var. Bu da virusdur. Sadəcə, yerdən asılı olaraq, həmin "donuz qripi” deyilən qrip Meksikada, fermada donuzdan yoluxub və ona görə də belə adlandırılıb. Amma törədici H1N1 virusudur. Yaxud 1968-ci ildə İranda keçirilən parazitoloqların qurultayından bir müddət sonra həkimlər arasında xəstələnmə olub. Aydınlaşdırılıb ki,Hon-Konqdan gələn 3 həkim yoluxmaya səbəb olub. Həmin vaxt da buna "Hon-Konq qripi” adı qoyublar. Yaxud "ispan qripi” var. Vaxtı ilə 20 milyondan artıq insan bu qripdən tələf olub. Bu qripə yoluxma ilk dəfə İspaniyada olduğu üçün belə adlandırılıb. Yəni törədici birdir - virusdur, vəssalam.
Mən əhalidən də xahiş edərdim. O şey ki, laboratoriya şəraitində və müəyyən elmi-tədqiqatlarla araşdırılandan sonra ya tədris olunur, ya yayılır, bu, qeyri-ixtisas sahibləri üçün vacib deyil. Qeyri-ixtisas sahibləri bunu bilməlidirlər ki, xəstəlik var və xəstəliyin qarşısını almaq mümkündür. Şayiələrə inanmadan tibb müəssisələrinə müraciət etmək lazımdı. Həkim təyinatından sonra da müalicəyə başlasınlar.
Ona görə də heç bir təşvişə səbəb yoxdur ki, bu, "donuz qripi”, "quş qripi”, yaxud insan qripidir. Hamısında bir törədici var.
- "Donuz qripi”nin müalicəsi nə dərəcədə asan, nə dərəcədə çətindir?
- Hər bir xəstəlikdə müalicə insanın özündən asılıdır. Qripdə də adından asılı olmayaraq, xəstəlik eyni şəkildə gedir. Amma müalicə həkim təyinatından sonra olmalıdır. Həkim təyinatı müalicəni asanlaşdırır. Kor-koranə aparılan müalicə xəstəliyi kəskinləşdirir. Ona görə də əhali apteklərə qaçmazdan əvvəl həkimin yanına getməlidir. Həkim təyinatından sonra gedib aptekdən müxtəlif dərmanlar alaraq qəbul etməlidir. Bu halda müalicə də asanlaşır. Müalicənin asan, çətin getməsi birmənalı olaraq insanın gigiyenik qaydalara riayət etməsindən asılıdır.
- Son dövrlər H1N1 virusuna qarşı peyvəndlənmənin aparılmasının vacibliyi barədə fikirlər də səslənir...
- Xəstəlik epidemik həddi aşmadığı üçün əhalinin kütləvi peyvəndlənməsinə heç bir ehtiyac duyulmur. Əgər xəstəlik pandemiya, epidemiya halında büruzə verərsə, dövlətimiz bunun qarşısını almaq iqtidarındadır. Səhiyyə Nazirliyi lazımı səviyyədə əhalinin peyvəndini apara bilər. Lakin buna ehtiyac yoxdur.
Ümumiyyətlə, burada şişirtmə var. Niyə peyvəndlənmə aparılmır?! Bir şeyin olmadığı halda nə lüzum var ki, peyvəndlənmə həyata keçirilsin? Bir məqamı da qeyd etmək istəyirəm. Dərman vasitələrinin bir orqana xeyri varsa, digər orqana ziyanı var. Dərman o zaman qəbul edilir ki, sən buna məcbursan. Ehtiyac olmadığı halda sporadik 5-3 nəfərin, 100 min nəfərin içərisində 100 nəfərin, 1000 nəfərin qriplə xəstələnməsi adi bir haldır. İnsanlar zəhmət çəkib, özlərini gözləsinlər. Peyvəndləməyə ehtiyac yoxdur.
- Mart ayında yuxarı yaş qrupları ilə əlaqədar qızılcaya qarşı vaksinlər gətiriləcək. Bu, nə dərəcədə vacib idi?
- Səhiyyəmizdə həm sovet dövründə, həm də indi planlı peyvəndləmə olub. Planlı peyvəndlər xəstəxanada yeni dünyaya gəlmiş uşaqlardan başlayaraq müəyyən həddə qədər aparılır. Bu, Səhiyyə Nazirliyinin nəzarətindədir. Səhiyyə Nazirliyinin bütün tibb müəssisələri lazım olan peyvəndləri aparır. Bu, nəzarətdən kənarda qoyulmur. Əhali bunu bilməlidir. Biz gərək, gündə deyək ki filan doğum evində neçə uşaq dünyaya gəldi, filan vaxtı filan poliklinikada mərhələlərlə hansı peyvəndlər aparıldı? Bunu sahə həkimləri, sahə həkimlərinin əhatə etdiyi ərazidə yaşayan əhali də çox gözəl bilir.
- Bu baxımdan yuxarı yaş qrupu üçün qızılcaya qarşı peyvənd lazım idi?
- Planlı peyvəndlər mütləq aparılır. Bunlar mütləq lazımdır.
- Ümumiyyətlə, Azərbaycanda gərgin epidemioloji vəziyyətlər nə zaman müşahidə edilib və belə hallara qarşı mübarizə necə aparılıb?
- Səhiyyə orqanlarının hamısında hesabat aparılır. Elə bir rayonumuz yoxdur ki, xəstəxanalarda yoluxucu xəstəliklər şöbəsi və gigiyena-epidemioloji mərkəzlər olmasın. Xəstəxanalarda bütün yoluxucu xəstəliklər, üzərində cərrahi əməliyyatlar keçirilənlər də qeydiyyatdadır. Hər bir xəstəxananın xüsusi statistik şöbəsi var. Bu məlumatlar da təbii ki, Səhiyyə Nazirliyinə ötürülür. O cümlədən Dövlət Statistika Komitəsi var. Bütün məlumatlar Dövlət Statistika Komitəsinə də verilir. Bizdə epidemioloji vəziyyət hazırda gərgin deyil, çox sakitlikdir. Hər hansı rayonun, kəndin ərazisində hər hansı yoluxucu xəstəlik olursa, mütləq mərkəzə məlumat ötürülür.
Mənim bir xahişim də var. Biz hər evə bir nəzarətçi qoya bilmərik ki, gözləyək ki, o evdə kim xəstələnib. Xəstələnən şəxs poliklinikalara, həkimlərə, kənddə olan məntəqələrimizə müraciət edən zaman qeydiyyata düşürlər. Biz qeydiyyata düşməyənləri tapa bilmərik. Bu, mümkünsüz bir şeydir. Kimsə evində oturub, həkimə müraciət etmir, türəçarədən sonra əlacı kəsiləndə müraciət edilməməlidir. Mən xalq təbabətinin əleyhinə deyiləm, amma savadlı xalq təbabəti olmalıdır. Müəyyən vaxtdan, xəstəliyin fəsadları kəskinləşənmdən sonra həkimə müraciət edirlər ki, xəstələniblər.
Əhali bir şeyi də bilməlidir. Hazırda respublikanın elə bir rayonu yoxdur ki, orada bizim xəstəxanalarımız təmir olunmasın və yeniləri tikilməsin. Dünyanın heç bir ölkəsində bu qədər diaqnostika mərkəzləri yoxdur. Azərbaycanın bütün regionlarında elə səviyyədə diaqnostika mərkəzləri tikilərək əhalinin istifadəsinı verilib ki, buna digər ölkələr həsəd apara bilərlər. Hımin diaqnostik mərkəzlər elə aparat və cihazlarla təmin olunub ki, qonşu ölkələrin, Rusiya kimi böyük ölkənin müəyyən regionlarında o cür diaqnostik mərkəzlər yoxdur. Bunu xaricdən gələn qonaqlar da təsdiq edir, hamı da bunu görür. Sadəcə, əhalimiz həmin diaqnostik mərkəzlərə, həkimlərə müraciət etsinlər. Azərbaycan səhiyyəsi hazırda inkişafının zirvəsindədir. Mən bizim həkimlərimizin səviyyəsini yüksək qiymətləndirirəm. Həkimlərimiz dünyanın heç bir ölkəsinin həkimlərindən səviyyəcə geri qalmırlar. Mən dəfələrlə demişəm ki, rayonlarımızda xəstələri müalicə edən, cərrahi əməliyyatları aparanlar kimlərdir? Bu müalicələr, əməliyyatlar Azərbaycan həkimləri tərəfindən aparılır. Həkimlərimizinsavadına heç kim şübhə etməsin. Təcrübəm də mənə bunu deməyə imkan verir. Əgər Bakı şəhərindən 400-500 km məsafədə olan rayonlarda cərrahi əməliyyatlar aparanlar kimlərdir? Başqa ölkələrdən dəvət edilən həkimlər deyil ki?! Bizim həkimlərimizdir.
- Tarixə nəzər salsaq, Azərbaycanda epidemioloji vəziyyət nə zaman gərgin olub?
- Dünyada pandemiyalar olan zaman Azərbaycanda hər zaman sakitlik olub. Mən 45 ildən artıqdır ki, həkim və epidemioloq kimi çalışıram. Bu müddət ərzində respublikamızda epidemioloji gərginlik olmayıb, yoluxucu xəstəliklərin pandemiyası baş verməyib. Müəyyən vaxt ərzində yoluxucu xəstəlilər olub. Biz SSRİ deyilən bir dövlətin tərkibində idik, hər hansı infeksiya yayılırdısa, anında onun qabağını ala bilirdik. İndi də müstəqil bir respublikayıq, dövlətimizin imkanı var. Respublikada hər hansı yoluxucu xəstəlik baş verərsə, kəskinləşərsə, həmin anda biz onun qarşısını almaq iqtidarındayıq. Bu, nəzarətdədir, əhali bunu bilməlidir.
- Bu gün dünyada hansı virusları qeyd etmək olar ki, onların epidemiya, pandemiya yaratmaq təhlükəsi var?
- Ən böyük pandemiyanı qripin müxtəlif tipləri yarada bilər. Virus mutasiya edir, öz strukturunu dəyişir, müəyyən vaxtdan sonra xəstələnmə qloballaşır. Amma bu dəqiqə belə pandemiya yoxdur. Amma buna heç kim də zəmanət verə bilməz. Virus təbiətdə həmişə dövr edir. Əlverişli şərait olmalıdır ki, insan yoluxsun. Yoluxmamaqla bağlı məsələnin 90 faizi də insanın özündən asılıdır. İnsan özünü qorumalı, orqanizmini nəzarətdə saxlamalıdır. Təbii ki, bu halda yoluxma ehtimalı azalır. Amma təəssüf ki, bəzən insanlar bilərəkdən özlərini xəstələndirir. Hər bir insan xəstəlik törədən amilləri özündən kənarlaşdırsa, xəstələnməyəcək.
İndi bəzən şayiələr yayılır ki, filan virusu filan yerdən buraxıblar, filan yerdən ölkəmizə nəsə gəlib. Belə bir şey yoxdur. Dünyanın heç bir ölkəsi əhalisinin xəstələnməsini istəmir. Əhalinin xəstələnməsi dövlətə ziyan gətirir. Əhali bilməlidir ki, heç bir yerdən ölkəmizə virus göndərilməsi mümkünsüz bir şeydir. Heç bir virus göndərilməyib. İnsanlarımız yaşasın, öz işləri ilə məşğul olsunlar. Biz həkimlərə də müraciət edin.
- Belə fikirlər var ki, yaşlı nəsillə müqayisədə hazırkı gənc nəsil xəstəliklərə qarşı daha dözümsüzdür. Gənclər haqqında niyə belə təəssürat var?
- Çünki gənc nəsil öz sağlamlığını qorumur. İnsan yaşlandıqca müəyyən həddə artıq bilir ki, yaşlıdır. Tibbin elə bir sahəsi icad olunmayıb ki, 70 yaşlı insanı 30 yaşlı edəsən. 70 yaşında olan insanlar bilir ki, hər zaman xəstələnə bilərlər. Ona görə də bu insanlar özlərini qoruyur. Cavanlarımız isə el dilində desək, ağına, bozuna baxmadan hərəkətdədirlər və sağlamlıqlarını qorumurlar.
- Qidalanma rejimi bu yöndə nə dərəcədə rol oynayır?
- Qidalanma rejimini gözləmək lazımdır. Marketlərinizdə satılan qida məhsullarını hər kəs alıb qəbul edir. Allah ölkəmizə o qədər zənginlik verib ki, bitməyən meyvə-tərəvəz yoxdur. Cavanlarımız həmin meyvə və tərəvəzlərdən istifadə etsinlər. Niyə digər məhsullara üstünlük verirlər?
- Söhbət hansı məhsullardan gedir?
- Məsələn, marketlərdə ən çox satılan bişmə məhsullarıdır, əhlinin 90 faizi bu məhsullara meyllidir. Məsələn, tort, keks, konfet, konserv və digər məhsullardan söhbət gedir. Həmin marketlərdə tərəvəz də, meyvə də satılır. Bizim müəyyən apteklərimizdə satılan vitaminlərin əvəzinə bu meyvə və tərəvəzlər alınmalıdır. Həmin vitaminlər gözümüzün qabağındadır, meyvə və tərəvəz alıb, qəbul edin. Təbii vitaminlə qəbul edən zaman da gənclərin sağlamlığı yerində olacaq.
Yaşlı insanlar gigiyenik normalara riayət edir. Cavanlarımızın çoxu isə gigiyenik normalara riayət etmirlər. Cavan olduqları üçün xəstələnməyəcəklərini düşünürlər. Ona görə də əksər hallarda xəstələnən cavanlar olurlar.
İnsanın qida rejimi məlumdur. İnsan gündə 3 dəfə qidalanmalıdır, 6-7 dəfə qidalananlar var. Səhərdən axşama qədər qidalanmağın qarşısında bu orqanizm nə etsin?! Dəmir, polad deyil ki, müəyyən vaxt ərzində müəyyən hissələri dəyişilsin. Hər bir insan özünü qidalanmasına diqqət yetirməli, gigiyenik normalara riayət etməlidir. Gigiyenik qaydaları biz kəşf etməmişik. Tarix boyu babalarımız, nənələrimiz də biliblər.
- 1960-1970-ci illərdə yaşayanlarla hazırda yaşayan insanların müqayisəsində də o dövrdə insanların daha sağlam olduğu qənaəti var. O dövrlərdə insanların bu qədər xəstələnməsi halları olmayıb, ancaq müasir dövrdə insanlar daha tez xəstələnirlər. Bu ümumilikdə, ekologiya, yoxsa qida ilə bağlıdır?
- Hər bir orqanizmin özünün fərdi xüsusiyyəti var. Eyni zamanda irsiyyətin böyük rolu var. Elə nəsil var ki, tam sağlam nəsildir, çox yaşayırlar,
xəstələnmirlər. Elə nəsil var ki, müəyyən vaxt üzvlərindən biri bir xəstəliyə düçar olub, müəyyən illərdən sonra da nəslin digər üzvlərində büruzə verir.
Təbiidir ki, texnikanın inkişafı da nəzərə alınmalıdır. Vaxtı ilə Bakıda 1 milyon əhali yaşamırdı, indi Bakıda 5 milyona yaxın əhali var. Ekologiyanın da müəyyən qədər sağlamlığa təsiri var. Bakıda vaxtı ilə 20 min ədəd avtomobil vardısa, indi bəlkə də 1 milyondan artıq avtomobil var. Atmosferə buraxılan bu qədər tüstünün, zərərli maddələrin də sağlamlığa təsiri var. Amma bunların hamısından artıq insan bu mühitdə də adi normativlərə riayət etdikdə özünü qoruya bilər. Məsələn, bizim gigiyenik normativlərdə hər bir insan müəyyən vaxt ərzində piyada gəzməli, su prosedurlarından istifadə etməlidir. İnsan gəzmir, su prosedurlarından istifadə etmirsə, təbii ki, xəstələnməyə daha meylli olacaq. Orqanizm bir yerdə oturduqda, tənbəlləşir, amma hərəkət etdikcə orqanizm bir maşın kimi işləyir, immuniteti yüksəlir. İnsan bu tələblərə riayət etməlidir.
Bütün dünyada qloballaşma gedir. İndi minlərlə nəqliyyat vasitəsi var. Azərbaycanda da ekologiyanı qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi var, onlar da bu işlərlə məşğul olurlar. Dövlət əhalinin sağlamlığının qeydinə qaldığı qədər insan özü sağlamlığının qeydinə qalmır. Dövlətin məramı, məqsədi odur ki, ərazisində yaşayan əhali sağlam olsun. Vaxtı ilə "Əhalinin epidemioloji sağlamlığı haqqında” qanun da qəbul edilib. Hamı buna riayət etsin.