Səfər Mehdiyevin istefa şərti: “Gömrükdə rüşvət və inhisarçılıq olarsa...” – Komitə sədri üçün FAKTLAR
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin könüllü istefa verməsini şərtləndirən faktoloji baza gün-gündən “zənginləşir”. “Gömrükdə inhisarçılıq yoxdur”, “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Səfər Mehdiyev saydığını saysın, görün, gömrük şefinin “paqonlular”ının canını boğazına yığdığı vətəndaşlar nələr deyirlər? İnsanları qoyaq kənara, Komitənin özü bəzi əməkdaşlarının rüşvət aldıqlarına görə işdən azad edilmələrinə və onların barəsində cinayət işi açılmasına dair bir neçə dəfə rəsmi məlumat yayıb. Bəs rüşvət alan olsaydı, istefa verəcəkdi kimsə… Sosial şəbəkələrdə gömrük sistemindəki qanunsuzlularla bağlı bağlı kifayət qədər materiallar yayılmaqdadır. Məsələn, gömrük məntəqəsində özbaşınalıqla üzləşən vətəndaşlardan biri yazıb: “Gömrük komitəsi “qanuni mafiya”ya bənzəyir. 3 dollarılıq mala, 50 manat rüsum istədi”. Hələ bu harasıdır… Gömrük Komitəsi nəinki sadə vətəndaşları, iş adamlarını “qaralayıb”, hətta Xarici İşlər Nazirliyi əməkdaşlarının statuslarından irəli gələn bəzi imtiyazlarına da məhəl qoymur. Azərbaycanın da qoşulduğu Vyana Konvensiyasına görə, xaricdə 4-5 il işləyib vətənə dönən diplomatların ölkəyə gətirdikləri bəzi məhsullar üçün gömrük rüsumu tutulmamalıdır. Ancaq Gömrük Komitəsinin harınlamış işçiləri uzun müddət xaricdə işləyən XİN əməkdaşlarının ölkəyə gətirdikləri şəxsi avtomobillərdən gömrük rüsumi tələb edəcək qədər irəli getməkdən çəkinməyiblər. Həm də bildirirlər, bu iş Səfər Mehdiyevin icazəsi olmadan həll oluna bilməz. Üstəgəl, diplomatlara məxsus avtomobilləri noyabrdan bəri Komitənin pullu dayanacağında günü 10 manatdan saxlayırlar. Daha bir nümunə. Bir müddət əvvəl ölkəyə epilyasiya aparatı gətirən şəxs isə malı gömrükdən keçirə bilməməkdən şikayətlənib: “Deyirlər, bu malı yalnız br şirkət bu malı keçirə bilər. Aldığımız firma da malı geri götürmür”. Bəs Səfər Mehdiyev deyirdi, monopoliya yoxdur? Daha bir komik, hətta Ginnesin Rekordlar kitabına düşəcək məsələ. Gömrük Komitəsi 200 min manata alınmış işlənmiş avtobus üçün nə az, nə çox, düz 707 min manat rüsum tələb edib. Yəni avtobusun alındığı qiymətdən az qala 4 dəfə artıq məbləğ tələb olunub. Buna nə deyəcəksiniz, Səfər Mehdiyev? Sadalanan faktlar Sizə istefa şərtinizi xatırladacaq xırda məsələlərdir. Görün, hələ dərinə getsək, nələr üzə çıxar…