BAKI-ANKARA ORTAQ “YOL XƏRİTƏSİ”: “Bir MILLƏT-bir ORDU”ya doğru…
Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki səfirlər arasında ilk olaraq Türkiyə dövlətinin rəsmi təmsilçisi Ərkan Özoralla görüşüb. XİN rəhbəri ilk görüşün məhz Türkiyə səfiri ilə reallaşmasının təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb. Söhbət zamanı səfir xarici işlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini Ceyhun Bayramovun diqqətinə çatdırıb. Böyük ehtimalla, xaricə ilk rəsmi səfər də məhz qardaş ölkəyə ediləcək. Ümumiyyətlə, Ermənistanın son sərhəd təxribatı Azərbaycanla Türkiyənin siyasi-diplomatik və hərbi sahələrdə daha da yaxınlaşmasına güclü stimul verib. “Bir millətin iki dövləti”nin heç vaxt olmadığı qədər sinxron və çevik siyasət aparmasını, regional problemlər, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı ortaq “Yol xəritəsi” işləyib hazırlamasını, həmçinin təbliğati-diaspora fəaliyyətlərinin koordinasiyasını, bütövlükdə müttəfiqlik müqaviləsini təzələməyi zəruri edib. ***** Belə yaxınlaşmanı indi həm də tarixi reallıqlar diktə edir. Tarix isə sanki təkrarlanır. Çünki regionda durum xeyli dərəcədə ötən əsrin əvvəllərindəki situasiyanı xatırladır. Demək, o vaxt buraxılan səhvləri təkrarlamamaq, əksinə, onlardan nəticə çıxarmaq, imkan düşdükcə isə buraxılmış səhvləri düzəltmək gərəkdir. Buna iki qardaş ölkənin potensialı tam yetər. Üstəlik, Azərbaycan və Türkiyənin Qərb üçün, Avropa üçün energetik önəmi (Türkiyə tranzit ölkə və energetik “xab” qismində) getdikcə artmaqda, Ermənistan isə Rusiyanın ucqar quberniyası kimi iqtisadi kollapsa doğru getməkdə və Qərb üçün lazımsız ölkəyə çevrilməkdədir. Sözsüz ki, Azərbaycanla Türkiyənin yeni müttəfiqliyi onsuz da blokadada saxlanılan Ermənistanı dünyadan daha da təcrid edəcək, inkişafdan saxlayacaq, onu bir az da küncə sıxışdıracaq. Sevindiricidir ki, sərhəd insidenti Türkiyənin siyasi-hərbi rəhbərliyindən Azərbaycana misli görünməmiş, İrəvanı və onun havadarlarını belə təəccübləndirən güclü dəstəyə, eyni zamanda, Ermənistana son dərəcədə sərt xəbərdarlıq mesajlarına nədən oldu. Hadisələr fonunda Azərbaycan müdafiə nazirinin iki müavini Ankarada oldu və Türkiyə müdafiə naziri Hülusi Akarla görüşdü. İşğalçı Ermənistanla sərhəddə Türkiyə dronları və hərbi təyyarələri havaya qaldırıldı. Son olaraq, prezident Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurası Suriya və Liviya məsələsi ilə yanaşı, Ermənistanın hərbi təxribatı məsələsini də müzakirəyə çıxardı, ermənilərə ən kəskin şəkildə nə qədər gec deyil ağlını başına yığmaqla bağlı mesaj verildi, ona yeri göstərildi. “İllərdir Azərbaycan torpaqlarını işğal altında sa9xlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq. Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir. Türkiyə xalqı Azərbaycan xalqının haqq işi uğrunda qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcək” – toplantı ilə bağlı yayılan rəsmi bəyanatda belə deyilir. Bundan əlavə, prezident Ərdoğan “Ermənistanın hücumları qarşısında Azərbaycanı heç vaxt yalqız qoymadıq, qoymayacağıq da”, – deyə İrəvanı və havadarlarını növbəti dəfə xəbərdar etdi. ***** İrəvanda Türkiyə dövlətinin zarafat etmədiyini artıq yaxşı bilirlər. Doğrudur, Türkiyə hələ ki, Rusiyanın məsuliyyət zonasına aid olan Ermənistana birbaşa həmlə etməz. Azərbaycan da buna getməz. Lakin qanuni ərazimiz olan Dağlıq Qarabağda qardaş ölkənin də hərbi-texniki və kəşfiyyat dəstəyi ilə Bakının uğurlu antiterror əməliyyatı aparmasına nə Rusiya, nə də Qərb əngəl ola bilməz. Ən azından, beynəlxalq hüquq, BMT nizamnaməsi və BMT TŞ-nin qətnamələri var. Başlıcası, Azərbaycanda Türkiyə hərbi mövcudluğunun güclənməsi, o sırada ölkəmizdə bir neçə hərbi bazanın qurulması işğalçı-separatçı qüvvələrin arxasında duran güclərə aydın bir mesaj olacaq ki, Azərbaycanı tənha bilib onun üzərinə gəlməyə, ona təzyiq göstərməyə, Bakıya təslimçi sülhü sırımağa heç vaxt kimsə cürət etməsin, Azərbaycan Ordusu isə Dağlıq Qarabağı və ətraf rayonları rahatca azad edə bilsin. ***** Bununla belə, Ermənistanda hadisələrin ermənilər üçün daha radikal və fəlakətli axarda inkişaf edə biləcəyini düşünənlər az deyil. Bu xüsusda erməni türkoloq Ruben Melkonyanın öz Facebook səhifəsində yazdığı şərh erməni cəmiyyətindəki panik ovqatı, müharibə xofunu yaxşı ifadə edir. Melkonyan Türkiyənin Azərbaycana verdiyi güclü dəstək, o cümlədən Ərdoğanın son bəyanatları ilə bağlı yazıb: “Ermənistanın Türkiyənin hərbi əməliyyatlar keçirdiyi ölkələrin (Suriya, İraq, Liviya) siyahısına daxil edilməsi hərbi kontekstli açıq bir siqnal idi, eyni zamanda ən azı son illər üçün (90-cı illər nəzərə alınmazsa) görünməmiş bir şey idi. Ermənistan-Azərbaycan sərhədindəki son gərginlikdən sonra bəzi gənc həmkarlarım və mən Türkiyənin reaksiyasının müəyyən mənada misli görünməmiş dərəcədə aktiv və aqressiv olduğunu qeyd etmişdik. Sonrakı günlərdə reaksiya daha aqressiv oldu. Dünənki (srağagünkü – red.) çıxışında isə Türkiyə prezidenti Ərdoğan Suriya, İraq, Liviya və Ermənistan problemlərini təqdim etdi. Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra rəsmi açıqlamada deyilir: ”Türk xalqı qardaş Azərbaycanın ədalətli işi çərçivəsində qəbul etdiyi istənilən qərarı dəstəkləyəcək…” Bütün bunlara indi Türkiyədə məlum “Tək millət, iki dövlət” şüarının yeni versiyasını – “Bir millət, bir ordu” şüarını əlavə eləmək heç də yersiz olmazdı…” Niyə də olmasın. Əlavə edək ki, bir sıra azərbaycanlı analitiklər Azərbaycanla Türkiyənin Rusiya-Ermənistan birgə qruplaşma tilində ortaq hərbi birləşmələr yaratmaq təklifi ilə çıxış ediblər… /musavat.com/