İranın qucağındakı “Soros uşağı” və 2018-ci il PLANI...
Ermənistanın kəmağıl xarici işlər naziri Mirzoyan Tehranda səy-səy danışdıqdan sonra İranın xarici siyasət idarəsinin başçısı Hüseyn Əmir Abdullahian Moskvaya getdi. Şübhə yoxdur ki, hər iki səfərdə mövzu Azərbaycan və Türkiyənin bölgədə sürətlə artan rolu barədədir. 44 günlük müharibənin sonunda qazanılan zəfər qonşularımızın hər ikisinin – Ermənistan və İranın rahatlığını pozub, gecə-gündüzləri yoxdur. Əslində, işğalçı Ermənistanın yuxuda sayıqlamasının səbəbi bəllidir, xüsusi təyinatlılar, “Bayraktar”lar düşmənə elə toy tutub ki, hələ on illərlə gecə ilə gündüzü səhv salacaqlar. Amma İranın davranışları əcaibdir. Nə olub, nə baş verib, niyə özünə gələ bilmir müsəlman qonşumuz?! Tehranın yürütdüyü siyasət adamda belə qənaət yaradır ki, deyəsən, axı, 2020-ci ildə Ermənistanı Tovuz istiqamətindən Azərbaycana hücuma keçməyə, Qərbin də maraq dairəsində olan neft-qaz yataqlarını hədəfə almağa həvəsləndirən...təkcə digər himayədarları olmayıb, həm də müsəlman qonşumuz olub. Bəlkə elə Rəcəb bəy “Ermənistanın boyunu aşan hücum” deyərkən həm də o zaman təxmin edə bilmədiyimiz ünvanı nişan verirmiş... Əks təqdirdə İrandan Ermənistanın xain hücumu ilə bağlı bircə bəyanat gələrdi, İrəvana qarşı sanksiyadan danışmırıq... Ermənistan Kəlbəcəri işğal edən gündən Türkiyə bu ölkənin üzünə qapıları bağlayıb, hələ də qərarında israrlıdır, son qərarı da Azərbaycanla birlikdə verəcəyini dəfələrlə bəyan edib. İran isə 1992-ci ilin 8 mayında Mehri “nəfəsliyi”ni Ermənistanın üzünə qapamalı idi, çünki erməni faşizmi həmin gün “dağlarda toy” adlı əməliyyatı ilə Şuşanı işğal etməklə həm də İranın vasitəçilik siyasətinə tüpürmüşdü. Azərbaycanı təhdid edən mollaların yaşı həmin hadisələri xatırlamağa imkan verir. On illər boyunca şimal qonşumuzu forpost Ermənistana silah-sursat verdiyinə görə qınamışıq. Amma İran müsəlman qonşusunun ərazisini işğalda saxlayan, məscidlərində donuz bəsləyən terrorçu ölkəyə qaz verməklə, onu mavi yanacaqla təmin etməklə, həm də onun işğalçı siyasətinə “qaz verib”. Bununla da Tehran Ermənistan üçün “oksigen balonu” rolunu oynayıb...Kim bilir, bəlkə elə son zamanlar ermənipərəst dairələrin, paytaxtların İrana qarşı sanksiyalarının yumşaldılması da rəsmi Tehranın Ermənistan siyasətilə birbaşa bağlı olub. Biz çox vaxt “mehriban düşmənlər”in – Rusiya və ABŞ-ın Qarabağ məsələsində üst-üstə düşən maraqlarından bəhs etmişik, təəccübümüzü ifadə etmişik. Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krımla bağlı Rusiyaya savaş elan edən, bu ölkəni sanksiyalar təhdidi altında saxlayan ABŞ Qarabağa gəldikdə “rusca” danışıb. Qarşılığında Kreml də “ingiliscə”. Bunlar məlum. Amma İran və ABŞ-ın da Qarabağ məsələsində “eyni dildə danışması”...bax, buna ciddi diqqət etməmişik. Amma yay aylarında İrəvandakı ABŞ və İran səfirlərinin növbə ilə Zəngəzura gəlib Azərbaycan postlarına boylanmaları, faktiki olaraq ermənilər üçün keşik çəkmələri 40 ilin düşmənlərinin ortaq maraqlarını nümayiş etdirdi. Sanki vaxtilə İranı Azərbaycan “Şeytan üçbucağı”na daxil etmişdi...
İran özünə yer tapa bilmir, daha doğrusu, Azərbaycana, Qarabağa girmək üçün. Axı, işğal dövründə çox rahat idi, hətta peyk görüntüləri də yayılmışdı, yük maşınlarını Araz çayı üzərindən Qarabağa yollayırdı, 30 il söküb daşıdılar şəhər və kəndlərimizi. Əvəzində “su qiymətinə” benzin daşıdılar erməni işğalçılar üçün. O asudəliyə, özbaşınalığa, talançılığa necə öyrənmişdisə, indi Gorus-Qafan magistralında Azərbaycana vergi ödədiyinə görə qəzəblidir. 2016-cı ilin aprel döyüşlərində Ermənistanın ovaxtkı xarici işlər naziri Nalbandyan özünü İrana yetirmişdi. Ara-sıra “Qarabağ İslam torpağıdır”, şüarını dilə gətirib, məscid dağıdanlara arxa-dayaq olan ölkə də əlindən gələn köməyi etmişdi. Hətta bir müddət sonra rusiyalı qatı millətçi Eduard Limonov Qarabağa qanunsuz səfərindən sonra işğal altındakı Azərbaycan ərazilərində İran TIR-larının necə şütüməsindən bəhs etmişdi. Və o TIR-ların qarşısı kəsiləndən sonra İran qeyzlənib. Niyə? Mən tarixi torpaqlarımıza, babalarımın gəldiyi Ərdəbilə yeddiqat yoxlanışdan sonra gedə bilirəmsə, indi İrana məxsus, naməlum yük daşıyan maşınlarının Qarabağda “nə iti azıb”?! İşğal dönəmində sərhədlərimizi “aşsüzən”ə döndərməsindən utanması lazım...Ancaq daha yetər!
Utanmaq demişkən, İran rəsmən Azərbaycana qarşı sanksiya tətbiq etdiyi, Naxçıvana uçan təyyarələrin uçuşuna qadağa qoyduğu gün...Ermənistan hava sərhədini Azərbaycana açdı. Təbii ki, xoşluqla etmədi bunu, ortada anlaşma, Dəmir yumruq və s. var. Ancaq İranın etdiyi İslam və qonşuluq adına həqarətdir. Azərbaycanın müstəqilliyini heç vaxt – nə 1918-də, nə də 1991-ci ildən bəri – həzm edə bilməyən İran ölkəmizə qarşı sanksiya qərarını müstəqillyimizi bərpa etməyimizin 30 illiyi ərəfəsində verdi, “təbrik” əvəzi. Olsun! Daha yaxşı tanımağımız üçün əlindən gələni “beş qaba çəksin”. Amma bilsin ki, onun himayə etdiyi Ermənistanın mövcud hakimiyyəti 2018-ci ilin noyabrında İranla qapısını bağlamaq üzrəydi. O vaxt “Soros uşağı” Nikol Paşinyan demişdi ki, mühüm bir diplomata görüşüb və...“regiondakı geosiyasi vəziyyət üzündən” ölkənin İranla sərhədləri istənilən vaxt - İranla ABŞ-ın münasibətlərinə, habelə mürəkkəb geosiyasi vəziyyətə görə - bağlana bilər. Hətta o zaman baş nazir səlahiyyətlərini icra edən Paşinyanın İran-Ermənistan sərhədinin bağlanması ehtimalı barədə bəyanatını ermənilər özləri də “görünməmiş bir hal və təhlükəli” adlandırmışdılar. Deyilmişdi ki, hətta keçən əsrin çətin 90-cı illərində İranla sərhədlər ümumiyyətlə, Ermənistan üçün yeganə həyat mənbəyi olub. Ardınca da eks-prezident Levon Ter-Petrosyanın “İran bizimçün nəfəslik rolundadır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan boğular”, sözləri xatırladılmışdı... Bax, İran çətin anda onu cəhənnəmin isti bucağına göndərməyə fürsət gəzən “Soros uşaqları”nın oyuncaq bir ölkəsinə görə kişiyana siyasəti ilə bütün təzyiqlərə sinə gərən Azərbaycanı təhdid edir. İllərdir rəsmi Bakı öz ərazisindən İrana qarşı təhdid meydanı kimi istifadəyə qarşı mərdi-mərdanə dayanıb. Bunun əvəzində hava yolumuzu bağlayır. Yolu e, “Əli yolu”nu. Özü də 30 ildir blokadada olan Naxçıvana qarşı...Bu gün də havada pilotsuzları uçurub. Bəs, biz uçuranda nə edəcəklər görəsən? Düşünmürlər ki, təklənirlər. Türkiyə qapısını qapayıb, Gürcüstan yük maşınlarını buraxmır, Pakistan da sərhədlərində təlimlərə başlayıb...Azərbaycanın dost-qardaşlarıdır... İran İsrail camışlarından qorxursa, bu, onun öz problemidir. Amma unutmasın, dar ayaqda onu amerikanlara satan, İrəvandakı səfirlikdə 2 min amerikanın mövqe tutmasına, laboratoriya yaratmasına imkan yaradan, üstəlik, İsraildə səfirliyini belə, açan qucağındakı Ermənistandır...İran öz siyasəti ilə özünü təkləyir. Hətta Ermənistan belə, təklikdən xilas üçün yollar arayıb da, hava dəhlizini açdığı məqamda...Elə bilməsin qucağındakı ona sadiq olacaq... 2018-ci il layihəsini xatırladıq axı... Elşad Paşasoy,
Musavat.com