UKRAYNA RUSİYA İLƏ MÜHARİBƏDƏ QALİB GƏLƏ BİLƏRMİ? – “Putin öz məqsədinə nail ola bilmədi və...”

“Rusiya Putinli, ya Putinsiz müharibənin perspektivinin olmadığını qəbul edəcək”

Ukraynanın məşhur jurnalistlərindən və siyasi şərhçilərindən biri, “Senzor.net” dərgisinin baş redaktoru Yuri Butusov Rusiyanın Ukraynanaya mümkün hərbi müdaxiləsilə bağlı maraqlı şərh paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, ukraynalı şərhçi hazırda Ukrayna sərhədində Rusiya qoşunlarının toplaşması, bunun mümkün nəticələri və ölkəsinin müdafiə imkanlarına dair yazısında bir neçə taleyüklü sualı cavablandırmağa çalışıb: “Rusiya fevralın 16-da Ukraynaya qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacaqmı? Yox. Rusiya ordusu Ukrayna ilə sərhədə toplaşıb. Lakin düşmən Ukraynaya qarşı dərhal hücuma keçməyə hazır deyil.

Niyə Qərb hər gün müharibənin qaçılmaz olduğuna dair bəyanatlar verir və vəziyyəti gərginləşdirir? Bu, mütləq müharibə olacağı deməkdirmi? Yox.

ABŞ, Böyük Britaniya və onların müttəfiqləri müharibənin qaçılmazlığına dair bəyanatları ilə NATO-ya daxil olan bütün Avropa ölkələrini öz siyasi mövqelərini müəyyənləşdirməyə məcbur edirlər. ABŞ öz davranışları ilə Avropadakı vəziyyəti radikallaşdırır ki, Avropa ölkələri Ukraynanı dəstəkləmək üçün vahid cəbhə yaratsınlar və bununla da Putinlə “qoşulmamaq barədə” separat danışıqları pozsunlar. Bayden Ukrayna məsələsində Avropa ölkələrinin həmrəyliyinə nail olmağa çalışır. İndi NATO Ukraynadakı hibrid müharibəyə gerçəkdən qoşulur.

 

 

Prezident Zelenski Qərbi vəziyyəti gərginləşdirdiyinə və investorlar arasında panika yaratdığına görə söyür. Bəs, ABŞ və müttəfiqlərinin bu siyasəti bizə sərf edirmi? Bəli.

8 ildir davam edən müharibədə ilk dəfə NATO ölkələri Putinin hədələrinə qarşı hücum mövqeyi seçiblər. İlk dəfə bizə geniş miqyasda hərbi və maliyyə yardımı daxil olur. İlk dəfə NATO Rusiyanın mümkün müdaxiləsinə qarşı Ukrayna ilə sərhədə hərbi qüvvələr yerləşdirir. Bu, Ukrayna xalqı üçün nəhəng və ölçüyə gəlməz dərəcədə bir yardımdır. NATO-nun mövqeyi dərin minnətdarlığa layiqdir, bu, Ukraynanın Qərblə münasibətlərində tarixi dönüşdür.

Bu panika və müharibə bəyanatları bizim iqtisadiyyatı çökdürə bilərmi? Yox.

Bizim iqtisadiyyatı və dövləti 8 ildir Rusiya ilə davam edən müharibə, Putinin növbəti hədələri və xüsusilə də NATO yox, hakimiyyətin bacarıqsızlığı, bu böhranın yaratdığı geniş imkanlardan, beynəlxalq dəstəkdən istifadə etmək bacarığının olmaması zədələyir”.

 

 

Butusov daha sonra Rusiyanın hücum edəcəyi təqdirdə hansı nəticələrin olacağına toxunur: “Rusiya hücuma aviasiya və raket zərbələrilə başlayıb, sonradan quru qoşunlarını hərəkətə keçirə bilərmi? Bəli.

Lakin Rusiya hətta 2014-cü ildə də hava hücumuna keçməmişdi, çünki bu, çoxsaylı qurbanlara və bütün dünyada daha sərt anti-Rusiya reaksiyalarına səbəb ola bilər. Hava zərbələri Ukraynaya beynəlxalq dəstəyi daha da artıra bilər. Bütün dünyanın aparıcı KİV-lərinin jurnalistləri buradadır və hücum olacağı təqdirdə Rusiyanın hava terroruna dair videolar bütün dünyanın əsas mövzusuna çevriləcək. Avropa parlamenti böyük müharibə olacağı halda Rusiyanın enerji ixracını bloklamaq barədə bəyannamə qəbul edib. Rusiya iqtisadiyyatı buna dözə bilməz.

Rusiya hücumda maraqlıdırmı? Bəli.

Rusiya de-fakto Krımı və Donbası özünə birləşdirib. Rusiya ordusuna Ukraynanın atəşi dayandırması və onu Donetsklə Qorlovka istiqamətindən geri çəkilməyə məcbur etmək lazımdır. Biz istənilən an DNR-in ləğv edilməsi təhlükəsi yaradırıq və Rusiya oradakı hakimiyyətini stabilləşdirə bilmir. Məhz Donbass Rusiyanın quru əməliyyatını həyata keçirmək istədiyi cəbhədir.

Vətənsdaşların köçü və evakuasiyası lazımdırmı? Yox.

Bu müharibə illər, uzun illər boyu davam edəcək. Ukrayna varlı və geosiyasi cəhətdən vacib ölkə olduğu üçün çətin ki, qonşularımız bizi dinc qoya. Nə qədər ki, Putin hakimiyyətdədir, biz isə zəif və pis təşkil olunmuş dövlətik, təcəvüzkarın gözündə qurbanlıq olaraq qalacağıq.

 

 

Rusiya ilə müharibədə qalib gələ bilərikmi? Bəli.

NATO-nun dəstəyi bizim müqavimət gücümüzü kəskin şəkildə artırır və yeni imkanlar yaradır. Putin öz məqsədinə nail ola bilmədi, Yanukoviçin oyuncaq rejimini qaytara, Ukraynanın müqavimətini qıra bilmədi. Biz müstəqilliyimizin inkişafında misilsiz nailiyyətlər əldə etmişik və hər il bizim gücümüz artır. Putin də Hitler və Stalin kimi əbədi deyil. Əgər biz ilk növbədə təhlükəsizlik və müdafiə qabiliyyətini təşkil edə bilən liderlərə malik dövlət qura bilsək, Rusiya Putinli, ya Putinsiz müharibənin perspektivinin olmadığını qəbul edəcək. Ya Donbası və Krımı özü qaytaracaq, ya da biz özümüz müstəqil şəkildə buna nail olacağıq”.

C.Məmmədov

“AzPolitika.info”






Fikirlər