Tanınmış müğənni Fədayə Laçın Moderator.az-ın suallarını cavablandırıb.
- Fədayə xanım, öncə sizi salamlayıram. Uzun müddətdir ki, Rusiyadasınız. Nə vaxt vətənə qayıtmağı düşünürsünüz?
- 3 ildir ki, oğlum Əlhəmlə birlikdə Moskvadayıq. Biz əslində bura qalmaq fikri ilə gəlməmişdik. Konsertə gəlmişdik, bir-iki toya saxladılar. O toyları biz oxuyub qayıdana qədər pandemiya düşdü, yollar bağlandı. 2 ay qapalı şəraitdə evdə oturduq. 2 aydan sonra burada hər şey qaydasına düşdü. Toylar başladı, mənim üçün də darıxdıqlarına görə toylara tez-tez dəvətlər almağa başladım. Başım toylara qarışdı. Azərbaycanda da olanda başım toylara qarışırdı, çünki gəlirim ordan olur. Fikirləşdim ki, nə fərqi var? Ya orada, ya burada mən dolana bilərəm. Ona görə də burada qaldım. Adam bir az çox qaldıqca məskunlaşır, öyrəşir. Azərbaycana birdəfəlik gəlmək haqqında düşünmürəm. Çünki bəzi işlərimi burada qurmuşam. Toylar olanda dəvət edirlər, gəlib-gedirəm. Həm də ailəmlə, əzizlərimlə görüşürəm. Telefonla tez-tez əlaqə saxlayırıq.
- Heç darıxmırsınız?
- Vətənim üçün çox darıxıram. Əzizlərim, ailəm, həm də səhnələr, efirlər üçün çox darıxıram. Qazandığımdan ailəm üçün də göndərirəm. Anam hər zəng vuranda deyir ki, çıx gəl. Bəzən də deyir ki, o uşağı göndər bura. Əlhəm bir balaca xəstələnən kimi deyir ki, uşağı niyə xəstələndirdin?! Elə bil ki, qəsdən xəstələndirmişəm. Mən də anam üçün darıxıram.
- Oğlunuzu evləndirmək fikriniz yoxdur?
- Oğlumu evləndirib, nənə olmaq fikrim həmişə var. Əsas onun fikridir. Bu işləri oğluma buraxmışam. Mən hazıram, özü nə vaxt hazır olsa elçi gedəcəm. Ala bilməsəm mənə nə deyirsən de! (gülür). Hansı qapıya getsəm mənə yox deməzlər. Özü sevib, seçməlidir. Mən yaşamayacam ki, özü yaşayacaq da.
- Yenidən sevmək istəyirsiniz?
- Xeyr! Övladım mənim hər şeyimdir. Həyatımdakı sevgini o doldurur.
- Fədayə xanım, sizdə nə dəyişib? Mənə elə gəlir ki, daha çox əlçatmaz olmusunuz.
- Mən heç vaxt əlçatmaz olmamışam. Çünki əlçatmaz ulduzlardır, onlar da göydədir. Əlimizi nə qədər də uzatsaq, nə qədər də göyə açsaq ona əlimiz çatmır. Təyyarə ilə gedəndə öz-özümə deyirəm ki, mən niyə bu ulduza çata bilmirəm?! Həqiqətən də ulduzlar əlçatmazdır. Mən ulduz deyiləm, insanam. Allahın yaratdığı insan. Bəlkə uzaqdayam deyə, məsafələr bizi ayırır deyə bu cür düşünürsünüz. Mən elimin, obamın içində olan, kasıb həyatı yaşayan biriyəm.
- Sizin yerli şou-biznesdə olmamağınızdan istifadə edən həmkarlarınız olurmu?
- Əlbəttə ki, yeri genələnlər var. Olmalıdır da. Amma şir həmişə şirdir, mənim qərdeşim (gülür).
- Fədayə xanım, bir müddətdir ki, sənətkar bacınız İlahə Fəda ilə Tacir Şahmalıoğlu arasında soyuq küləklər əsir. Bu qalmaqala səbəb də bacınızın sizi müdafiə etməyi oldu. Amma nədənsə siz kənarda qaldınız, onlar mövzunu davam etdirdilər. Bəlkə bu mövzuya elə müsahibəmiz vasitəsilə son qoyasınız?
- Mən qalmaqaldan həmişə kənardayam. İstəyir söhbət məndən, yaxud qeyrisində getsin. Əgər qalmaqaldırsa, mən kənardayam. Əgər ciddi bir söhbət deyilsə, mən kənara çəkilirəm. Mən ciddi söhbətlərə gedirəm. Ciddi söhbətlər də efirdə yox, kənarda olur. Bu qalmaqalı mən başlatmamışam ki, son qoyum. Mən sənət nümayiş etdirirəm. Tacir da gözəl sənətkardır, bacım İlahə də. Mən istərdim ki, hamı sənət nümayiş etdirsin. Mənasız söhbətlərə getməsinlər.