Biliyin, zəhmətin və təcrübənin tərcümeyi-halı və ya şərəfli ömür yoluna bir neçə söz ardı...
“Kim hələ uşaqlıqdan bilirsə ki, əmək həyatın qanunudur, kim hələ gənclikdən başa düşübsə ki, çörək yalnız alın təri ilə qazanılır, o igidlik göstərməyə qadirdir, bunun üçün o özündə həmişə iradə və qüvvə tapa bilər” – bu hikmətli sözlərin müəllifi məşhur fransız yazıçısı Jül Verndir. Dahilərin əmək, zəhmətkeşlik haqqında onlarca, yüzlərcə bu cür qiymətli fikirləri, müdrik kəlamları var və bizim niyyətimiz qətiyyən onların hər birini burada sizə xatırlatmaq deyil. Elə Jül Vernin sözləri əməksevərliyin, zəhmətkeşliyin nə qədər qiymətli bir keyfiyyət, xarakter, vərdiş olduğunu ümumiləşdirmiş şəkildə ifadə edir. Bəzən isə müdriklərin bu mövzuda hikmətli sözlərini xatırlatmağa da ehtiyac yoxdur. Elə yazımızın qəhrəmanı – polis general-mayoru RAMİZ ZEYNALOV kimi! Bu gün onun keçdiyi zəngin həyat yolu,xidməti fəaliyyəti,yuxarıda qeyd etdiyimiz kimi əməyin qüdrətini gözlərimiz önünə sərməyə kifayətdir. Ömrünün 65-ci baharına doğru mətin addımlarla irəliləyən Ramiz müəllim artiq 21 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. O, bu məsul vəzifəyə məhz öz biliyinin və əməyinin sayəsində yüksəlib və bu gün də bu postda,öz vəzifəsini şərəflə,uğurla yerinə yetirməkdə davam edir. 1976-cı ildən daxili işlər orqanlarında işə başlayan Ramiz müəllimin tərcümeyi-halı həm də BİLİYİN, ƏMƏYİN, TƏCRÜBƏNİN bariz bir nümnəsidir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayan 22 yaşlı Ramiz Zeynalovun nə vaxtsa müstəqil Azərbaycan Respublikasının daxili işlər orqanlarında ən mühüm postlardan birini tutacağını kim təxmin edə bilərdi? Amma əgər ortada dərin bilik və bacarığa, zəhmət hissinə, çalışqanlıq əzminə malik bir insan xarakteri varsa, həmin xarakter sahibinin həyatda qazana bilməyəcəyi uğur, əldə edə bilməyəcəyi nailiyyət yoxdur. Ramiz müəllimin 65 yaşın astanasına gəlib çıxan zəngin həyat yolu, bizim bu qənaətimizin ən parlaq ifadəsidir. Bu həyat yolu şübhəsiz ki, yalnız hamar olmayıb, enişlərdən də keçib, yoxuşlardan da.Ömür yolunu maraqlı və dəyərli edən də elə budur. Ən əsası isə odur ki, bu yol indi ən ali səviyyədən tutmuş sıravi vətəndaşlaracan hamı tərəfindən yüksək qiymətləndirilir, layiq olduğu dəyəri alır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsinə yüksələn Ramiz müəllim, 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib. Bu onun 21 ildir rəhbərlik etdiyi Baş Dövlət Yol Polisi İdarəsindəki fəaliyyətinə verilən ən yüksək qiymətdir.Eyni zamanda onu da unutmamaq lazımdır ki, Ramiz müəllimin rəhbərlik etdiyi idarə kifayət qədər məsul bir qurum olmaqla bərabər, həm də vətəndaşlarla birbaşa təmas, ünsiyyət tələb edir. Bunun da öz çətinlikləri var – hər kəsin təqdirini qazanmaq çətin məsələdir. Amma açıq demək lazımdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi, Ramiz Zeynalov rəhbərlik etdiyi qurumun ötən illər ərzində öz işini müasir dövrün tələblərtinə uyğun qurmağa nail olub. Şübhəsiz, elə bunun nəticəsidir ki, o, uzun müddətdir öz vəzifəsini qoruyub-saxlayır. Xüsusilə son illərdə Azərbaycanda yol polisinə etimadın və etibarın daha da artması Ramiz müəllimin öz bilik və bacarığı,əməksevərliyi ilə illərdir qazandığı təcrübəni uğurla sintez etməsinin məntiqi sonluğudur. Heç kimdə şübhə yoxdur ki, bu vəhdət Baş Dövlət Yol Polisi İdarəsinin gələcək fəaliyyətində daha böyük nailiyyətlərə imza atılmasını şərtləndirəcək ən mühüm vacib amillərdən biri olacaqdır. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışan Ramiz müəllimin sadəliyi, səmimiliyi, işinə peşəkar münasibəti onun haqqında daim yüksək fikirlərin söylənilməsini şərtləndirir. RAMİZ ZEYNALOVun daha bir xüsusi keyfiyyəti onun heç vaxt görülən uğurlu işlərlə kifayətlənməməsi, daim nöqsanlara diqqət göstərməsi, onların qayğı və problemlərinin həlli istiqamətində ən zəruri addımların atılmasına daim çalışmasıdır. İş olan yerdə nöqsanın olması təbiidir. Əsas odur ki, həmin nöqsanı vaxtında görə və aradan qaldırasan. Ramiz müəllimin fəaliyyətini diqqətlə izləyənlər onda məhz belə bir keyfiyyəti də dərhal sezir və buna yüksək dəyər verirlər. O, daim görülməli işlərin çoxluğuna diqqət çəkir, həmin işlərin həyata keçirilməsi zərurətini vurğulayır. Bu da yüksək vəzifə tutan istənilən şəxs üçün mühüm, əhəmiyyətli xarakter göstəricisidir. RAMİZ ZEYNALOVun daha bir təqdirəlayiq keyfiyyəti onun AZƏRBAYCANIN MÜSTƏQİL DÖVLƏTÇİLİYİNƏ ETİBARI,SƏDAQƏTİDİR! Son zamanlar baş verənlər göstərir ki, heç də bütün vəzifə sahibləri Prezidentin onlara etimadını layiqincə dəyərləndirə bilmir az keçmir ki,bir çoxları yanlış yollara düşürlər. Bu mənada Ramiz Zeynalov kimi vəzifə sahiblərimizin həyat yolu, fəaliyyəti digərlərinə örnək olmalıdır. Unudulmamalıdır ki, vəzifələr insanları deyil, insanlar vəzifələri ucaldırlar.Ramiz Zeynalov kimi! İnsanın başqalarının hörmətini qazanması onun özünə, işinə hörmət etməsindən başlayır. Bu gün Ramiz müəllim haqqında yalnız yüksək fikirlər eşidir, onun barəsində hörmətlə danışıldığının şahidi oluruqsa bu ilk növbədə məhz Ramiz müəllimin özünə və işinə hörmətindən, tutduğu postda ilk növbədə dövlət və dövlətçilik maraqlarından çıxış etməsindən, Prezidentə və xalqa xidməti ön planda tutmasından irəli gəlir. Şübhəsiz ki, onun barəsində ara-sıra bəzi ağzıgöyçəklərin uydurmalarına da rast gəlinir, ancaq bunlara əhəmiyyət verən kimdir?! Hamı yaxşı başa düşür ki, bar verən ağaca daş atan həmişə tapılır. Amma nə yaxşı ki, müdrik ataların dediyi kimi, belə daşlar həmişə topuğa dəyir. Və ən sonda ovulub quma çevrilir. Yel qayadan heç vaxt heç nə apara bilməyib. İndi – Ramiz Zeynalov barədə də belədir. Onun dövlətə, Prezidentə və xalqa sədaqətdən yoğrulmuş xidmətlərinə qara yaxmağa çalışanlar bununla ilk növbədə özlərini gözdən saldıqlarının fərqində olmalıdırlar. Ben Svitland deyirdi ki, “uğur gedilən yoldur, çatdığın məkan deyil”. Bu mənada Ramiz Zeynalovun 65-ə yaxınlaşan ömründə qazandığı uğurlar da onun getdiyi yoldur. Bu yol hələ çox uzundur, çünki görüləcək çox işlər, qazanılacaq çox uğurlar var. Müstəqil Azərbaycan dövlətinin daha da güclənməsi, möhkəmlənməsi üçün Ramiz Zeynalov kimi kadrların bilik və bacarıqlarından,təcrübəsindən yararlanmaq, onların zəhmətkeşliyindən, dövlətə, Prezidentə və xalqa sədaqətindən çox şey öyrənmək, əxz etmək lazımdır. Biz də öz növbəmizdə RAMİZ ZEYNALOVa uzun ömür, cansağlığı arzulayır və deyirik:- sizin uğurlarınız,yəni gedilən yolunuz davam etsin ki, biz də Azərbaycan yollarında təhlükəsiz və etibarlı şəkildə şütüyə bilək! Azər Abdul.