Ekspert sirləri açdı: “Son 1 ayda ərzaq bazarında...”

Ekspert sirləri açdı: “Son 1 ayda ərzaq bazarında...”

Türkiyədə meyvə-tərəvəzlərin qiymətində hava şəraiti ilə əlaqədar artımlar müşahidə olunur. Bəs bu ölkəmizə idxal olunan məhsullarda özünü büruzə verəcəkmi?

Yenisabah.az məsələni iqtisadçı Xalid Kərimli ilə müzakirə edib. İqtisadçı ölkəmizdəki vəziyyətə nəzər salaraq bildirib:

“Son bir ayda ərzaq bazarında qiymət artımları müşahidə olunub. Meyvələrin qiyməti 2,1 faiz, tərəvəzlərin qiyməti isə 4 faiz bahalaşıb. Bu rəqəmlər dekabr-yanvar aralığındakı qiymət fərqini əks etdirir. Ümumilikdə, yanvar ayında qida məhsullarının qiymətində 0,6 faiz artım qeydə alınıb. Keçən ilin yanvar ayı ilə müqayisədə isə bu nisbət 5,2 faiz təşkil edir”.

X.Kərimli onu da vurğulayıb ki, qardaş ölkədə baş verən bahalaşmanın əsas səbəbi hava şəraiti deyil:

“Digər bir məqam isə Türkiyədə xüsusilə göyərtilərin qiymətində artımın baş verməsidir. Lakin həmin məhsullar ölkəmizə idxal olunmadığından yerli bazara birbaşa təsiri yoxdur. Bununla yanaşı, pomidor, bibər, badımcan kimi tərəvəzlər əsasən istixanalarda yetişdirilir. İstixana məhsullarının qiymət artımına hava şəraiti deyil, daha çox qaz və elektrik enerjisinin bahalaşması təsir edir. Həm Türkiyədə, həm də ölkəmizdə yeni ildən qaz və elektrik tariflərində dəyişikliklər baş verdiyindən, istixana şəraitində yetişdirilən tərəvəzlərin qiymətində də yüksəlmə müşahidə olunur.

Bu artımların səbəbi kimi iqlim dəyişikliyi, hava şəraiti və temperatur fərqləri göstərilə bilməz. Əsas faktor insan amilidir – konkret olaraq, dövlətin enerji tariflərində etdiyi dəyişikliklər. Türkiyədə də dövlət qazın, suyun və işığın qiymətini artırdığı üçün, həmçinin benzin və dizel qiymətlərində bahalaşma baş verdiyindən meyvə və tərəvəzlər də bundan təsirlənərək bahalaşıb. Şaxta, donvurma və digər təbii amillərin bu prosesə birbaşa təsiri yoxdur”.






Fikirlər