OBAMA PUTİNƏ ZƏNG ETDİ – prezidentlər nəyi müzakirə etdi?

ABŞ prezident Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasnda telefon danışığı olub.

 Azərtaym.az verir ki, Barak Obamanın təşəbbüsü ilə baş tutan danışıqda Ukraynadakı münaqişənin həlli, Suriya böhranının həll yollarının axtarılması başda olmaqla Yaxın Şərq problemi, Koreya yarımadasındakı vəziyyət müzakirə olunub. 

Vladimir Putin İŞİD və digər ekstremist qruplaşmalara qarşı mübarizədə geniş koalisiyanın yaradılması zərurətini yenidən qeyd edib. Eyni zamanda Rusiya prezidenti terrorçu təşkilatların siyahısının tezliklə hazırlanmasının aktuallığını vurğulayıb. 

Liderlər Səudiyyə Ərəbistanıyla İran arasındakı münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasının da vacibliyini vurğulayıblar. Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyinin hidrogen bombasını sınaqdan keçirdiyi barədə bəyanatı da danışıq zamanı müzakirə olunub. Hər iki ölkə lideri belə bir faktın doğrulanacağı təqdirdə, bunun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasını göstərdiyini və sərt beynəlxalq reaksiya ilə üzləşməsinin vacibliyini qeyd ediblər. 

Bununla yanaşı, Vladimir Putin Rusiyanın Koreya münaqişəsinin diplomatik yolla həll edilməsi istiqamətində dəyişməz mövqeyini bir daha diqqətə çatdırıb. Rusiya prezidenti vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün maraqlı dövlətlərin maksimal dözümlülük göstərməli olduğunu və Şimal-Şərqi Asiyada hərbi eskalasiyaya stimullaşdıra biləcək fəaliyyətdən yayınmağa çağırıb. 

Telefon danışığı zamanı ümumi maraqlar çərçivəsində bir sıra digər məsələlərə də toxunulub. Danışıq açıq və işgüzar xarakter daşıyıb.






Fikirlər