Nazirlər Azad Rəhimov, Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri, Şahmat Federasiyasının prezidenti Elmar Rüstəmovun da iştirak edəcəyi tədbirdə Dövlət Proqramının yekunlarına nəzər salınacaq.
Xatırladaq ki, 5 may 2009-cu il tarixdə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Bu Sərəncamın Bakı şəhərində keçirilmiş və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş möhtəşəm Azərbaycan-FİDE Dünya matçı ərəfəsində imzalanması təsadüf deyil. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən Respublikamızın 60-a yaxın şəhər və rayonlarında uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib. Hələ Sovetlər İttifaqı dövründə Dünya Şahmat Tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 80-dən çox medal, o cümlədən 32 qızıl medal qazanıbar. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 beynəlxalq hakim və 16 FİDE hakimi vardır. Azərbaycan şahmatı dünya arenasında artıq elə bir yüksəlişə keçib ki, hətta 2014-cü ildə Norveçdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında komandamız 179 ölkə arasında 2-5-ci yerləri bölüşdürüb.
Dövlət Proqramının əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasının təmin edilməsidir. Ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədbirlər planının həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir.
Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müəyyən edilmişdi. Keçən dövr ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyası ilə birlikdə 40-a yaxın müxtəlif Azərbaycan birinciliyi və çempionatları, o cümlədən Ulu öndər Heydər Əliyevin xatirəsinə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat festivalları keçirilib. Misal üçün qeyd edək ki, 2014 və 2015-ci illərdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş, hal-hazırki dünya çempionu Maqnus Karlsen və digər keçmiş dünya çempionalarının iştirakı ilə, dünyanın ən yüksək kateqoriyalı beynəlxalq turnirləri ölkəmizdə keçirilib. Gənclər və idman nazirliyinin Təhsil Nazirliyi ilə aparılan birgə işlər nəticəsində respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində “şahmat” fənninin tədrisinə başlanılmışdır.
Dövlət Proqramının başa çatmasından keçən dövr ərzində Proqram əsasında görülən işlər dərin təhlil edilmiş, hansı işlərin tam icra edildiyi, hansı işlərin isə daha yüksək səviyyədə təşkil edilə bilməsi imkanları araşdırılmışdır.
AzerTaym.az