Dünyanı idarə edən AİLƏ neftdən çəkilir
Dünya neft sənayesinin yaranmasına istiqamət verən məşhur Rokfeller ailəsi, mineral (qalıq və ya fosil) və karbohidrogen ehtiyatlarından investisiyalarını çəkəcəyini açıqlayıb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rokfeller Ailə Fondu (Rockefeller Family Fund) ekoloji faktorlar və iqlim dəyişikliyini əsas gətirərək neft şirkətlərindəki hissələrini satacağını bildirib. Açıqlamada Rokfeller ailəsinin neft sənayesindən uzun illər boyunca qazanc əldə etdiyi bildirilir və “Ancaq tarix irəliləyir və irəliləməlidir” ifadəsinə yer verilib. Açıqlamada Con D. Rokfellerin 19-cu əsrdə qurduğu “Standard Oil” şirkətinin bugünkü varisi olan “ExxonMobil” şirkəti də tənqid olunub. Dünyanın ən böyük neft və təbii qaz şirkətlərindən olan “ExxonMobil”in davranışları “əxlaqi cəhətdən ayıb” qiymətləndirilib və şirkətin 1980-ci illərdən bu günə qədər cəmiyyəti iqlim dəyişikliyi mövzusunda səhv istiqamətləndirdiyi iddia edilib. Rokfeller Ailə Fondunun ən qısa müddətdə sahib olduğu “Exxonmobil” şirkətinin səhmlərini satacağı qeyd edilib, amma bu səhmlərin miqdarı haqqında isə heç bir məlumat verilməyib. Con D. Rokfellerin 1870-ci ildə qurduğu “Standard Oil” şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü "aktoru" mövqeyinə gələndən sonra ABŞ Konstitusiya Məhkəməsi tərəfindən “monopoliya yaratmaqda” ittiham olunaraq daha kiçik şirkətlərə bölünmüşdü. Yaranan şirkətlərdən “Standard Oil of New Jersey” “Exxon” adını almış, “Standard Oil of New York” isə Mobil adlandırılmışdı. İki şirkət 1999-cu ildə birləşərək Rokfellərin yaratdığı “Standard Oil” şirkətinin bugünkü ən böyük varisi olub. Qeyd edək ki, Rokfeller ailəsi beynəlxalq siyasətin əsas aktyorlarından biri hesab edilir. Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. XIX əsrin sonlarına doğru Con (1839-1937) və Uilyam Rokfeller (1841-1922) qardaşlarının "Standart Oil Company” vasitəsilə neft biznesində və "Chase Manhattan Bank” (hazırda JP Morgan Chase) vasitəsilə maliyyə sektorunda qazandıqları varidat bu ailəni gələcək dünyada əsas söz sahiblərindən birinə çevirdi. Rokfeller ailəsi beynəlxalq siyasətdə aktiv iştirakçıdır. Ailənin təmsilçiləri fəaliyyətləri ictimaiyyət üçün daha çox gizli saxlanılan bir çox beynəlxalq təşkilatların, habelə regional təsisatların yaradılmasında birbaşa iştirak etmiş və ya maliyyə yardımı göstərmişlər. Bu təşkilatlar arasında Bilderberq klubu, Üçtərəfli Komissiya, Asiya Cəmiyyəti, Karneqi Korporasiyası, Xarici Əlaqələr Şurası (CFR), Brookinq İnstitutu, Peterson İnstitutu, Sakit Okean Münasibətləri İnstitutu, Xarici Siyasət Assosasiyası, Davos İqtisadi Forumu, Millətlər Liqası, BMT-nin müxtəlif proqram və layihələri, 30-lar (G30) qrupu, Sosial Tədqiqatlar Şurası Rokfellerlərin müxtəlif məqsədlərinə xidmət etmək üçün maliyyələşdirilir. Rokfellerlər daha çox pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyirlər. Bunlardan biri Bilderberq klubudur. İctimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilər, qalanı isə maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləri arasından dəvət olunur. Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri sirri qorumaq ilə bağlı öhdəlik götürür. Mövcud siyasət səhnəsindən Marqaret Tetçer, Bill Klinton, Toni Bleyer, Angela Merkel, Romano Prodi, Henri Kissencer, Donald Ramsfeld klubun üzvləri olmuşlar. 1954-cü ildə ilk iclası keçirilən bu təşkilatın məqsədi artan kommunizm təhlükəsi qarşısında Avropada anti-amerikanizm meyllərinin qarşısının alınması, ABŞ və Qərbi Avropanın vahid atlantizm ideyalarına xidmət, siyasi, iqtisadi, müdafiə məsələləri sahəsində əməkdaşlığın müzakirəsidir. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Rokfellerlər bu klubun əsas maliyyə mənbələrindən və klubun fəaliyyətində əsas söz sahiblərindən biridirlər. Hazırda ailənin rəhbəri Devid Rokfeller Bilderberq klubunun Məsləhət qrupunun sədridir. Rokfellerlər II Dünya Müharibəsindən sonra dəyişən dünyada ABŞ üçün yeni təsir zonalarının yaradılmasının başlıca tərəfdarı olmuş və bu məqsədlə Yaponiyanın da Bilderburq klubunun hədəfinə çevrilməsinə çalışmışlar. Lakin ümumi konsensusun olmaması Rokfellerlərin 1972-ci ildə yeni bir qurumu - Üçtərəfli Komissiyanı yaratmasına səbəb olmuşdur. Bu Komissiya ilkin olaraq ABŞ-Qərbi Avropa-Yaponiya yaxınlaşmasını qarşısına məqsəd qoymuşdusa, sonradan Yaponiyaya bütünlükdə Cənub-Şərqi Asiya regionu əlavə olundu. Hazırda Komissiyada Şimali Amerikadan 120, Avropadan 170, Asiya-Sakit Okean hövzəsi regionundan 117 nümayəndə beyin mərkəzlərini təmsil edir. AzerTaym.az
2014-cü ilin sentyabr ayında Rokfellər Qardaşları Fondu da (Rokfeller Brothers Fund) başqa qurum və dərnəklərlə birlikdə, ümumilikdə 50 milyard dollarlıq fondu mineral yanacaqlardan kənar sahələrə qoyacaqlarını açıqlamışdı.