Əli Əhmədov: TƏHSİL SAHƏSİNDƏ daha ciddi addımların atılmasına EHTİYAC VAR
Son 15 ildə 3500-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib. Bu, Azərbaycanın bütün dövrlədə inşa etdiyi məktəblərin 70 faizini təşkil edir. Bunu Baş nazirin müavini Əli Əhmədov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib. Ə.Əhmədov bildirib ki, dövlətin təhsilə qayğısı nəticəsində müəllimin həyat şəraiti, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması müşahidə edilir “Azərbaycanda təhsil yeni səviyyəyə qalxıb. Təhsilin məzmununda keyfiyyət dəyişikliyi ilə əlaqədar islahatlar öz bəhrəsini verir”. Baş nazirin müavini təhsil sahəsində qarşıda duran vəzifələr barədə danışıb. O bunun üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac olduğunu deyib: “İlk növbədə təhsilin məhsuldar qüvvəyə çevrilməsi, yeni texnologiyaların yaranması və həyatımızda tətbiqinə imkan yaradılmalıdır. Təhsilin milli sərvətə çevrilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı, təhsilin rəqabət qabiliyyətinin artırılması da vacib şərtlərdəndir. Bu gün təhsilin, yeni texnologiyaların tətbiqinə sərmayə qoyulan dövlətlər inkişaf edirlər”. Ə.Əhmədov qeyd edib ki, təhsilin ölkə əhalisinin həyat səviyyəsinə, məşğulluğun artmasına təsir göstərməsi təhsil siyasətinin qarşıda duran prioritetlərdəndir: “Təcrübə göstərir ki, yuxarı ali təhsil alanlar digərlərinə nisbətən 3 dəfədən çox əmək haqqı alırlar. Hər il əmək bazarına təhsili başa vuran 100 mindən çox yeni işçi qüvvəsi gəlir. Araşdırmalar göstərir ki, işlərini daha tez-tez itirənlər yüksək təhsil səviyyəsi olmayanlardır. Bu mənada, təhsilin səviyyəsinin yüksəlməsinin məşğulluğun yüksəlməsi ilə birbaşa əlaqədar olduğunu deyə bilərik. Bu gün ölkəmizdə hər bir təhsil alan gənc öz imkanlarının 60 faizini reallaşdıra bilir, inkişaf etmiş ölkələrdə bu, 75 faizdən yüksəkdir”. Ə.Əhmədov təhsildə əldə olunan uğurlarla yanaşı, neqativ halların müşahidə edildiyini vurğulayıb: “Təəssüf ki, təhsil sahəsində neqativ hallar var. Azərbaycan cəmiyyəti bunu görür və hiss edir. Təhsil Nazirliyi bu istiqamətində ciddi addımlar atır, lakin daha böyük səylərin göstərilməsinə ehtiyac var. ”.