ELDAR NAMAZOV: “Ölkənin bütün hərbi və məxfi sənədləri prezidentə mənim vasitəmlə çatırdı”

Eldar Namazov: “Ölkənin bütün hərbi və məxfi sənədləri prezidentə mənim vasitəmlə çatırdı”

Politoloq: “4 günlük hərbi əməliyyatlarda Azərbaycan ordusunun gücünün ən çoxu beş faizi istifadə olundu”; “24 saat ərzində bu kəşfiyyat döyüşü bütün bizə lazım olan nəticələri verəndən sonra Azərbaycan rəhbərliyi elan etdi ki, biz birtərəfli qaydada atəşkəs elan edirik” 

 

“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov iki il sürən müalicə kursunun ardından aprelin 22-də “Yeni Müsavat”ın redaksiyasında olub və geniş müsahibə verib. 
 
Eldar Namazov “Azərbaycan Naminə” İctimai Forumun hazırladığı iki cildlik “Gələcək 10 il” adlı kitabları da redaksiyaya gətirib, qəzetimizin kitabxanasına hədiyə edib. Bu gün Azərbaycanda baş verənlər, həyata keçirilməli işlər barədə hələ 10 il öncə dəyərli ekspertlərlə hazırlayıb kitab paket halında həmin kitabda əksini tapır. Onunla söhbətə də elə bu kitabdan başladıq. 
Eldar Namazovla geniş müsahibənin birinci hissəsini təqdim edirik.
- Eldar bəy, bu kitabda yazılanların 10 il öncə tətbiqinə başlansaydı iddia edirsiniz ki, Azərbaycanda vəziyyət indi fərqli formada olardı?
- Şübhəsiz. Mən bu barədə danışmazdan və verəcəyiniz digər sualları cavablandırmadan öncə Sizə və mətbuatda çalışan digər dostlarımıza təşəkkürümü bildirirəm. Ona görə ki, mən iki il öncə məcburiyyət qarşısında uzun bir müalicə kursuna başlayanda Rauf Arifoğlu ilə və mətbuatdakı digər dostlarla görüşdüm, xeyli müddət mediada olmayacağımı, tədbirlərə qatılmayacağımı bildirdim. Bu dostlarımla məsləhətləşdim ki, başqa söz-söhbətlər meydana çıxmaması üçün bəlkə bunu əvvəldən elan edim? Rauf bəy və digər dostlar dedi ki, əvvəldən elan edilsə, ajiotaj daha çox olacaq, ona görə də elan etmə, biz səni yola verəcəyik, müalicənlə məşğul ol. Buna görə hər birinə təşəkkürümü bildirirəm. 
- Biz yola verdik, dözdük. Siz necə dözdünüz bu müddət ərzində? Siyasətçi üçün ölkəsində mühüm proseslər gedəndə onu ancaq müşahidə etmək, danışmamaq çətin deyilmi? Bu müddətdə necə dözdünüz, necə susa bildiniz?
- Bir çox hallarda mən prosesləri heç müşahidə də  edə bilmədim. Ona görə ki, bu iki ərzində mənim əsas müalicə keçdiyim yer Tiflis şəhəri idi. 7-8 dəfə Tiflisə səfər etdim, 3-4 dəfə Moskvada İsveçrə klinikasında yoxlanış prosedurlarından keçdim. 3 dəfə də müalicəmlə əlaqədar Avropada oldum. Ona görə bir çox hallarda heç müşahidə də edə bilmirdim. İkincisi, əvvəldən həkimlərin mənimlə şərtləşdiyi bir məqam var idi. Onlar deyirdilər biz başa düşürük ki, siz uzun müddət kənarda qala bilməzsiniz, sizin də öz fəaliyyətiniz var, ancaq iki il çox kritik bir dövrdür, statistikaya görə iki ilin ərzində bu xəstəlik özünü yenidən büruzə versə, onun altından çıxmaq çətin olacaq...
- Oxucular üçün bir xatırlatma vermək olarmı, nə idi problem?
- Bu ilin sonlarında mənim 60 yaşım tamam olacaq və məni tanıyanlar da bilir ki, mən şikayət eləyən adam deyil. Rəhmətlik atam deyərdi ki, sən Allahın şükürlü bəndəsisən, səndən heç vaxt şikayət eşitməmişəm. Bu baxımdan da mən dediyiniz məsələ haqda da çox danışmaq istəmirəm. Mən çox gec bildim ki, səhhətimdə problem yaranıb. Mən bunu 2013-cü ilin sonlarında bildim. Xaricdə iki günlük müayinədən keçdim və mənə dedilər ki, sənin xəbərin varmı ki, təxminən 8 ay əvvəl insult keçirmisən...
- Milli Şuranın yarandığı dövrə düşür, deməli...
- Yox. Ondan bir az əvvəlki dövrə düşür. Təxminən 2013-cü ilin əvvəllərinə təsadüf edib. Mən də bunu hiss etməmişəm. İlk vaxtdan müalicəyə başlamaq əvəzinə çox gərgin proseslərdə iştirak etdim. O dövrdəki proseslərdə bilirsiniz ki, əsas təşkilati işlər mənim çiynimdə idi. Sən demə, o dövrlərdə mən əslinə qalsa müalicə olunmalı imişəm. Ancaq dekabr ayında həkimlər müəyyən etdi ki, insult baş verib. Həkimlər mənə demişdilər ki, kritik məqam bu iki ildir, müalicə davam edəcək və iki ildə təkrar bir şey olmasa siz sonradan fəaliyyətinizi bərpa edərsiniz. Ona görə də müalicəm müddətində fəaliyyətimi məhdudlaşdırmalı oldum. 
 
- Sonuncu dəfə Tiflisdə nə vaxt olmusunuz?
 

“Əminliklə deyə bilərəm ki, dörd günlük müharibədən sonra bizim siyasi üstünlüyümüz hərbi üstünlüyümüzdən də qat-qat yüksəldi”

- Təqribən bir ay əvvəl. 
 
- Sizin həmin vaxt orada olmağınızla ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Tiflisdə olması üst-üstə düşür. Dostluq kanallarımızla əldə etdiyimiz məlumata görə, Uorliklə orada təmasınız olub...
- Bu iki ildə yeganə qatıldığım tədbirlər Qarabağ problemi ilə bağlı müəyyən tədbirlər olub. Son bir ayı götürsək, Minsk Qrupunun həmsədrləri ilə də, Böyük Britaniyanın Bakıda və İrəvandakı səfirləri ilə də görüşlərim olub. İrəvandakı səfirlə Tiflisdə görüşmüşəm. Avropa Birliyinin təmsilçiləri ilə görüşüm olub. Konkret sizin dediyiniz görüşlə bağlı deyim ki, Uorliklə yanaşı digər həmsədrlərlə də görüşmüşəm. 
- Onlarla özəlmi görüşünüz oldu, yoxsa konfrans müstəvisində təmasınız baş tutdu?
- Buna konfrans demək olmazdı. Çox məhdud sayda adamların iştirakı ilə görüş idi. Həmin görüşdən əvvəl də, sonra da təşkilatçılar bizdən xahiş eləmişdilər ki, bu görüşlər və müzakirələr haqda mediaya yalnız onların məlumat verməsi məqsədəuyğundur. Ona görə də öhdəliklər mənə bir az imkan vermir ki, bu haqda daha geniş danışım. Bir məsələni xüsusi qeyd edim ki, mənim sizinlə söhbətlərimdə, mediada Qarabağla bağlı verdiyim açıqlamalarla qapalı görüşlərdə ifadə etdiyim mövqe arasında heç bir fərq yoxdur. Mediada açıqladığım mövqeyimi əmin olun ki, bütün beynəlxalq təşkilatlarla görüşlərdə də ortaya qoyuram. 
- Camaatı əsas maraqlandıran odur ki, Qarabağ məsələsində bir irəliləyiş varmı?
- Mən sonuncu görüşlərimdə də gördüm ki, müzakirələr artıq o həddə gəlib çatıb ki, açıq hərbi toqquşma ehtimalı çox yüksəkdir...
 
- Deməli, siz hərbi toqquşmanın olacağını öncədən hesablamışdınız?
 

- Bəli. Mən martın ortalarında Tiflisdə həmin görüşlərdə iştirak etmişəm. Limitin tükəndiyini və hərbi toqquşmaların ortaya çıxacağını  şərtləndirən vəziyyət xeyli vaxt idi yetişirdi. Şəxsən mənim özüm sonuncu danışıqlarda çox sərt danışmışam. Qeyri-rəsmi müzakirələrdən sonra qeyri-rəsmi söhbətlər zamanı mən ermənilərə dedim ki, belə getsə hərbi toqquşma qaçılmaz olacaq, Ermənistan geri addım atmalıdır. Ermənilərə bildirdim ki, atəşkəs razılaşmasına görə Azərbaycan 22 ildir öz üzərinə düşən şərtə riayət edir, ancaq 22 ildir Ermənistan ona aid olan şərtə riayət etmir, bir kənddən belə, qoşunlarını çəkmir. Ona görə ki, Ermənistan özünü qalib hesab edir və Azərbaycanın gücünün olmadığını hesab edir. Ermənilərin aprelin 1-dək düşüncəsi məhz belə olub ki, Azərbaycan ordusu 22 ildir mövcud olan vəziyyəti dəyişməyə cəhd eləsə, erməni ordusu gəlib Gəncəni də tutacaq. Mən mart ayında ermənilərə dedim ki, sizin bu mövqeyiniz Azərbaycana öz gücünü sizə sübut etməkdən başqa yol qoymur. Bəyan etmişdim ki, Azərbaycan ordusu güclüdür və güc tətbiq edib torpaqları erməni işğalından azad edə bilər.
- Siz bunu məntiqlə hesablamışdınız, yoxsa hakimiyyətlə müəyyən bir əlaqələr var idi, ordunun imkanlarını bilirdiniz? 
 
 

Əvvəldən həkimlərin mənimlə şərtləşdiyi bir məqam var idi”

- Siz bilirsiniz ki, mən vaxtilə 6 il Azərbaycan prezidentinin yanında işlədiyim dövrdə həmçinin milli təhlükəsizlik məsələləri ilə də məşğul idim. Ölkənin bütün hərbi və məxfi sənədləri prezidentə mənim vasitəmlə çatırdı. Yalnız mən onlarla işləyirdim. Ona görə də qərarlar nə cür qəbul olunur, vəziyyət nə cür inkişaf edir, bilirəm, pərdə arxasında prezidentlərin hətta təkbətək danışıqlarında iştirak eləmişəm. Mənim üçün aydın olan prosesin inkişafı, hansısa bir mərhələdə qərarların qəbul olunmasına təsir edən amillər var. Birincisi, danışıqlar artıq çoxdandır dayanmışdı, ermənilər Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda qəti olaraq mərhələli plana razılıq vermirdilər və onların əsas şüarı o idi ki, biz qalibik, bizim ordumuz sizin ordunuzdan güclüdür, ona görə də Dağlıq Qarabağın müstəqilliyini tanımalısınız, ya da Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verməlisiniz. Digər tərəfdən, xatırlayın Rusiyanın Çeçenistanla apardığı müharibəni. Birinci müharibəni Rusiya uduzdu və Xasavyurd razılaşmasına imza atdı. Ancaq Çeçenistanla Rusiyanın iqtisadi, hərbi, insanı potensialını müqayisə edəndə Rusiya 100 dəfə üstündür. Belə olmasına rəğmən, Çeçenistanın Rusiyanı udması onunla bağlı idi ki, Rusiyada həmin vaxtlar bir dərəbəylik var idi, ordu quruculuğu getmirdi, hər şey darmadağın olmuşdu. 
Çeçenistanda isə güclü birlik var idi, beynəlxalq aləmdən də çeçen xalqına dəstək var idi. Ancaq bir müddətdən sonra güclərin balansı öz sözünü dedi və Rusiya ikinci müharibədə Çeçenistan üzərində öz nəzarətini bərpa elədi. Azərbaycanın da potensialı Ermənistanın potensialından qat-qat güclüdür. İstər insani, istər iqtisadi, istər hərbi potensialı müqayisə etsək, fərqin Azərbaycanın xeyrinə nə qədər çox olduğunu görərik. Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən az qala iki dəfə çoxdur. Gec-tez bu potensial öz rolunu oynamalıydı və real güc balansı hansısa toqquşma ilə üzə çıxmalı idi. Aprelin ilk günlərində bu baş verdi. Aprelin 2-də və ondan sonrakı üç gündə cəbhədə baş verənlər Azərbaycanın çox böyük irəliləyişi idi. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, bizim ordumuz həm professionallıq, həm ruh yüksəkliyi, həm hərbi texnoloji üstünlük baxımından həmin 4 gün ərzində Ermənistan ordusundan xeyli yüksəkdə olduğunu göstərdi. 

Hərbi toqquşmaların ortaya çıxacağını şərtləndirən vəziyyət xeyli vaxt idi yetişirdi”

 
- Qərar vermə səlahiyyətinə malik beynəlxalq qurumların bir qismi ilə təmasdasınız. Son hərbi əməliyyatların Dağlıq Qarabağla bağlı bundan sonrakı prosesdə əhəmiyyəti olacaqmı? Çox adamı maraqlandıran budur ki, şəhid verməyimiz boşuna getmədi ki? Bu hərbi əməliyyatlar Qarabağ danışıqlarında Azərbaycanı hansı dərəcədə gücləndirdi?
- Əminliklə deyə bilərəm ki, dörd günlük müharibədən sonra bizim siyasi üstünlüyümüz hərbi üstünlüyümüzdən də qat-qat yüksəldi. Ermənilərin indiyə qədər danışıqlarda özünü güclü, ordusunun bizim ordudan güclü olduğunu bildirərək bizimlə hədə tonunda danışması beynəlxalq təşkilatlarda iki sual yaradırdı. Birinci sual: Azərbaycanın bir dövlət kimi siyasi iradəsi çatacaqmı ki, güc tətbiq edib hansısa ərazilərini azad eləsin? İkinci sual: Azərbaycan buna cəhd eləsə, nəticəsi nə olacaq? Azərbaycan ordusu cəbhə xəttini yara biləcəkmi, heç olmasa bir məntəqəni ələ keçirə biləcəkmi? Bu suallara aprel döyüşləri cavab verdi. Cavab o oldu ki, Azərbaycan ordusu ilk gündəcə çox məhdud qüvvələri cəlb etməklə Ermənistanın ordusunu əzmək gücündə olduğunu ortaya qoydu. 4 günlük hərbi əməliyyatlarda Azərbaycan ordusunun gücünün ən çoxu, beş faizi istifadə olundu. Beynəlxalq hərbi ekspertlərin qiymətləndirmələrinə görə, yalnız iki briqada bu əməliyyatlarda iştiraka cəlb olunub. Yəni Azərbaycan ordusu çox məhdud gücündən istifadə edib. 
Ermənilərin özləri etiraf elədi ki, 8 hərbi blok postu Azərbaycan ordusu tərəfindən ələ keçirilib. Hərbi blok postu yol polisi postu deyil ey... Hərbi blok postu ələ keçirmək çox ciddi professionallıq və qəhrəmanlıq tələb edən əməliyyatdır. Azərbaycan ordusunun azad etdiyi yüksəkliklər adi yüksəkliklər deyil. Həmin yüksəkliklər çox böyük ərazilərə nəzarət imkanı verir. Bu yüksəkliklər cəmi 24 saat ərzində aparılan döyüşdə azad edilib. 24 saat ərzində bu kəşfiyyat döyüşü bütün bizə lazım olan nəticələri verəndən sonra Azərbaycan rəhbərliyi elan etdi ki, biz birtərəfli qaydada atəşkəs elan edirik. Kəşfiyyat döyüşü nəticəsində lazım olan nəticələr artıq əldə olunmuşdu. Sonrakı üç günlük savaşı ermənilər itirdikləri mövqelərini geri almaq üçün apardılar və Azərbaycan ordusu onların qarşısını aldı...
 
- Belə bir situasiyada əməliyyatların dayandırılması düzmü oldu? Xalqın istəyi bu idi ki, ordumuz irəliləməkdə davam etsin. Davam edilsəydi, nəticə nə olardı?
 

- Xalqda olan bu əhval-ruhiyyə də Azərbaycanın bir üstünlüyüdür və bunu mən yüksək qiymətləndirirəm. Həmin günlərdə Azərbaycan cəmiyyətinin bütün təbəqələri, eyni zamanda müxalifət də lazım olan bəyanatlar verdi. Bütün cəmiyyətdə böyük ruh yüksəkliyi hiss olunurdu. Ancaq hərb məsələlərində emosional yanaşma ilə hərəkət etmək olmaz. Bu cür hərəkət zərər vurur. 1990-cı illərin əvvəllərində bunun nəticəsində itkilərimiz oldu. Bu kəşfiyyat döyüşünün məqsədi odur ki, gələcəkdə daha böyük əməliyyatlar keçirmək üçün detallı planları hazırlayaq. O kəşfiyyat döyüşü imkan verdi ki, ermənilərin müdafiə sisteminin nə cür qurulduğunu öyrənək, dərindən oraya hansı ehtiyatların gələ biləcəyini, nə vaxt gələ biləcəyini öyrənək. Kəşfiyyat döyüşü keçirmədən böyük bir hərbi əməliyyat planlaşdırmaq çox çətindir. Kəşfiyyat döyüşündən sonra nəticələr əldə olunandan sonra faktiki olaraq iki qərar verilə bilərdi. Cəbhə yarılıbsa artıq oraya Azərbaycan ordusunun korpusları girməli idi, iki briqada yox, 20 briqada girməliydi. Ancaq o döyüş planı keçirilmiş kəşfiyyat döyüşünün əsasında hazırlanmalıdır. Bu da qısa zamanda hazırlanan məsələ deyil. Böyük plan hazır olmadan hərbi əməliyyatları davam etdirmək bir az emosional qərar olardı. 
 
- Bu dörd günlük savaşın növbəti mərhələdə danışıqlara hansı təsiri olacaq? Azərbaycan gücləndimi? 

Öhdəliklər mənə imkan vermir ki, bu haqda daha geniş danışım”

- Mən yuxarıda qeyd etdim ki, ortaya çıxan iki vacib suala 4 günlük müharibə cavab vermiş oldu. Azərbaycan dövlətinin və ordusunun gücünü artıq dünya da qiymətləndirir. Bu isə şübhəsiz ki, danışıqlarda Azərbaycanın mövqeyini gücləndirən amildir. Azərbaycan ordusunun uğuru Azərbaycanın danışıqlarda mövqeyini gücləndirəcək. ABŞ-da, İsraildə, Avropada, hətta Rusiyada ekspertlərin birmənalı mövqeyi var ki, 4 günlük müharibədən sonra Azərbaycan danışıqlarda çox güclü mövqedən çıxış edəcək. Ermənilərin 22 ildir danışıqlarda ortalığa qoyduğu “ermənilər güclüdür” arqumentinin mənasız olduğu ortaya çıxıb. Ermənilərin bu mövqeyi, yumşaq desək, çat verdi. Beynəlxalq aləmin gəldiyi nəticə bu oldu ki, Azərbaycan ordusu əraziləri azad etməyə qadirdir və bu durum Qarabağ məsələsində 22 ildir mövcud olan status-kvonun bundan sonra davam etməsini mümkünsüz edir. 
- 4 günlük müharibə Azərbaycan ordusunun hərbi texnologiyalar sarıdan imkanlarını nümayiş etdirə bildimi? Bu sahədə vəziyyətimiz necədir?

 






Fikirlər