Zeynal Əliyevin Balakən zülmü: kənd içində ferma

balaken1

Baxmayaraq ki, Balakən rayonu haqqında xeyli şikayətlər dövrü mətbuatda tirajlanır, ancaq burada vəziyyət düzəlmir ki, düzəlmir.

Təsadüfi adamların dövləti postlara yerləşdirilməsi, Balakəni bataqlığın lap dərinliklərinə yuvarlayıb. İcra hakimiyyətində uzun illər kök salmış mafioz təbiətli müavin və şöbə müdirləri, rayonu qanunlardan kənar idarə edirlər. Rayona dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin himayədarlığı ilə icra başçısı təyin olunmuş İslam Rzayev heç bir qanunsuzluğa şəxsən imza atmır və “ilanı seyid Əhmədin əliylə tutur”. Uzun vaxtlar apardığımız müşahidələr bunun belə olduğu qənaətini hasil edir.

Bəli, İslam Rzayevin siyasi iradəsi olmadığına görə tabeçiliyində olan şəxslərin öhdəsindən gələ bilmir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, müavin və şöbə müdirləri icra başçısını eşitmir, yalnız prosedur qaydaları xatirinə iclaslarda iştirak edir və müəyyən qeydlər aparırlar. Reallıqda isə baş verənlər günü-gündən rayonun və əhalinin vəziyyətini çətinləşdirir. Hər ötən gün Balakəndə narazıların sayı artmaqda davam edir.
Rayondakı mənbəmiz icra başçısı İslam Rzayevin gizli əməllərindən birini diqqətimizə çatdırdı. Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin qudası Zeynal Əliyev Balakəndəki yem zovudunun müdiri vəzifəsində çalışır. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Z.Əliyevlə icra başçısı bir neçə biznes layihəsində ortaqdırlar. Bu dediklərimizə sübut olaraq, Qazbinə kəndindən bir nəfər fəal vətəndaşın yazdıqlarını Balakənə gedərək yerindəcə araşdırdıq. Şikayətçinin anonimliyini saxlayacağımıza söz verdiyimiz üçün onun kimliyini açıqlamayacağıq. Əslində burada nə baş verir?rr
Balakənə gedən yolda Katex kəndindən keçən yolun sağ sahilində Zeynal Əliyevə məxsus olduğu deyilən böyük alma bağı var. Burada bir neçə ay bundan əvvələ kimi iri buynuzlu mal saxlamaq üçün iri ferma tikilisi var idi. Bir neçə ay bundan əvvəl həmin ferma sökülüb və yerində hazırda balıq saxlamaq üçün göllər inşa edilib. Ərazidən sökülmüş ferma Qazbinə kəndinə daşınaraq, kəndin mərkəzi hissəsində inşa edilmişdir. Burada fermanın dörd bir tərəfində yaşayış evləri var. Bu əraziyə üfunət iyindən yaxınlaşmaq olmur. Kənd camaatı fermanın neft şirkətinin prezidenti Rövnəq Abdullayevin olduğunu qeyd edirlər. Sadəcə bildirirlər ki, Balakəndəki bütün layihələri Rövnəq müəllimin qudası Zeynal Əliyev həyata keçirir. Adının çəkilməsini istəməyən Qazbinə kəndinin sakininin cumhuriyyet.az-a dediklərindən: “baxmayaraq ki, hazırda bizlər iyirmi birinci əsrdə yaşayırıq. Ancaq çox təəssüf ki, hələ də orta əsrlər səviyyəsində olan vətəndaşlarımız var. Fikir verin və dərindən düşünün. Görürsünüz də bizim güzəranımızı. Qazbinə camaatı, axşamı günortanı, gecəni bir neçə aydır ki, nəcisli, sidikli hava ilə keçirir. Daha ciyərlərimiz də çürüyüb. Bu camaat uzun müddətdir ki, səhərin təmiz havasına həsrət qalıb. Niyə? Kimdir günahkar? Yaxud Qazbinə camaatının günahı nədir?Deməli hansısa harınlamış məmur pul qazanacaq, bütöv bir kəndin əhalisi əzab çəkəcək, təmiz havaya həsrət qalacaq? Bu nə özbaşnalıqdır? Bu rayonun bir rəhbəri var ya yox? Cənab prezident Balakənə İslam Rzayevi icra başçısı təyin edib, yoxsa Zeynal Əliyevi? Ümumiyyətlə, icra başçısını dövlət başçısı təyin edir, yoxsa neft şirkətinin prezidenti? Niyə Balakən əhalisinin xidmətində dayanmır? İslam Rzayevi hansı maraq Zeynal Əliyevə bağlayır? Bəs deyil? Axı bizim də qocamız, uşağımız, xəstəmiz var. Vallah kəndə bir qonaq gələndə utanırıq. Hamı burnunu tutur. Artıq üst-başımıza da peyin iyi hopub. Məgər Balakəndə başqa yer yox idi ki, onlar fermanı gətirib kəndin lap ortasında tikdilər? Ləyaqəti, vicdanı, şəxsi səliq1əsi olan şəxs belə hərəkət edər? İslam Rzayev razı olar ki, Göyçayda onun yaşadığı məhəllədə lap evinin yanında üfunət saçan belə bir ferma tikilsin? Yaxud Zeynal Əliyev razı olar ki, onun evinin yanında belə bir tikili inşa olunsun? Ya onların ailə uşaqlarının, bizimkilərdən nəyi artıqdır? Bizlər onlardan fərqli olaraq halal zəhmətlə, halal çörəklə ailə-uşaq saxlayırıq. Hərçənd onlar bunun nə olduğunu anlamazlar, çünki pul gözlərini tutub.tt
Mən Qazbinə camaatı adından dövlətimizin başçısı cənab İlham Əliyevə müraciət edirəm. Cənab prezident, Rövnəq Abdullayevin qudası Zeynal Əliyev balakənlilərin başında qoz sındırır. Fermerlərin torpaqlarını əllərindən almaq üçün onları min bir bəhanə ilə şərləyərək məhkəmə yollarına salır. Cənab prezident, heç bir müxalifətçinin bacarmadığı işı İslam Rzayev sizə qarşı edir. Yəni İslam Rzayevin yaritmaz fəaliyyəti Balakən camaatını hökumətimizdən, dövlətimizdən narazı salır. Cənab prezident, xahiş edirik ki, göstəriş verəsiniz xüsusi adamlar gəlib Qazbinə kəndində monitorinq aparsınlar. Görsünlər ki, bizləri üfunət içərisində necə boğurlar. Cənab prezident, vallah biz üfunət içərisində boğulub qırıldıq. Xahiş edirik təcili şəkildə bizə kömək əlinizi uzadın. Xahiş edirik, bizləri bir qrup nəfsinin əsiri olmuş harın məmurların ümidinə qoymayın. Ümidimiz göydə allaha, yerdə sizədir”.
Redaksiyadan: Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq. Sonda adı çəkilən kənddə tikilmiş fermadan əldə etdiyimiz video görüntüləri sizə təqdim edirik.
Elçin İsmayıllı. Cumhuriyyət. az






Fikirlər