Mehdi Mehdiyev: “Ananın qarşısına necə çıxım?”
Mayın 17-də Azərbaycan ordusu daha bir şəhid verdi. Təmas xəttində atəşkəsin pozulması nəticəsində ordumuzun əsgəri, 19 yaşlı Natiq Namiq oğlu Tahirli şəhid oldu.
Lerik rayonunun Almu kəndində anadan olan N.Tahirli mayın 18-də doğma kəndində torpağa tapşırılıb.
Şəhidimizin dəfn mərasimində Lerik rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Şəhid əsgərimizin 7 mərasimi Bakıda, Nizami rayonunda keçiriləcək.
19 yaşında vətənin müdafiəsi uğrunda şəhid olan Natiq Qarabağ döyüşçüsü, xalq hərəkatının fəal üzvlərindən biri, keçmiş bələdiyyə polisinin rəisi olmuş Mehdi Mehdiyevə ömrü boyunca yaddaşından silinməyəcək bir xatirə qoyub getdi. Şəhidimiz əsgərliyə getməmişdən əvvəl sosial şəbəkədə fon şəklinə Mehdi Mediyevin 1992-ci il, may ayının 15-də Azadlıq meydanında çəkilən - bayrağımızın fonunda, hərbi formada, əlində avtomat olan fotosunu yerləşdirib.
“Sağlamlığım imkan vermədi ki, şəhidimizin yas mərasimində iştirak edim”
|
Bu fotonu görənlər M.Mehdiyevlə əlaqə saxlayaraq şəhidimizin onun qohumu və ya tanışı olub-olmaması ilə bağlı sual ediblər. Hadisədən təsirlənən Qarabağ döyüşçüsünün öz facebook səhifəsində yazdığı fikirlər belədir: “Natiq Tahirli! Oğlum, vallah o bayrağa görə şəhid olmağa dəyər. Bağışla ki, səhhətimə görə səni son mənzilə yola salmağa gələ bilmədim. Natiq, sən tək Qarabağ dərdimi yox, həm də şəhid olmuş dostlarımı bir-bir yadıma saldın. Oğlum, günah mənim-biz valideynlərindir ki, bu yükü siz balalarımıza verməməli idik. Oğlum, mənə lap çətin oldu. Bağışla məni. Rahat yat”.
Mehdi Mehdiyev musavat.com-a danışarkən göz yaşlarını saxlaya bilmədi. Qarabağ döyüşçüsü şəhid Natiqin ona, bütün valideynlərə, vətənini sevənlərə bu torpağı əmanət edərək getdiyini kövrələrək deyir.
Dost, yoldaş, silahdaş itkisinin nə olduğunu hələ Qarabağ döyüşlərində görən, bu acını yaşayan M.Mehdiyev 19 yaşlı şəhidin ailəsi ilə görüşməyə utandığını deyir: “Mənim üzüm yoxdur ki, şəhidimizin anasının qarşısına çıxım. Necə deyim ki, siz şəhid anasısınız. Mənə deməzmi ki, siz niyə bu torpağı qoruya bilmədiniz? Hansı ki, mən onlarla silahdaşımı, dostumu, qohumumu şəhid vermişəm”.
Sonuncu cümlədən sonra M.Mehdiyev göz yaşlarını saxlaya bilmədi: “Döyüşdə əsgərimə, dostuma, silahdaşıma heç vaxt irəli keçməsini deməmişəm. Arxamda olmalarını istəmişəm. Qardaşlarımın şəhid olduğunu görmüşəm. Əsgərimizin öz facebook hesabında mənim şəklimi qoyduğunu dostlar mənə deyəndə maraqlandım. Natiqin səhifəsinə baxanda məhv oldum, dəhşətə gəldim. ”Əsgərəm" yazmışdı. Mən özümü günahkar sayıram. O mənə, bizə görə şəhid olub. Biz onu qoruya bilmədik. İndi həmin şəkli görəndə utanıram".
M.Mehdiyev bu hadisədən sonra özünü heç vaxt bağışlamayacağını deyir: “Natiq bizə böyük yük qoyub getdi. Hər dəfə xatırlayanda özümü saxlaya bilmirəm. Səhhətimdə ciddi problem var. Facebookda bir neçə cümlə yazmaq istədim. Özümü ancaq toparladım. Bir kiçik qardaşa vida sözləri yazmaq çox ağırdır. Sağlamlığım imkan vermədi ki, şəhidimizin yas mərasimində iştirak edim. Dostlar dedi ki, şərait yaradaq, ailəsi ilə danış. Ancaq utandım. Mən onlara necə təsəlli verə bilərəm?
İndi də erməni bizim kəndə atır, torpaqlarımız işğal altındadır. Bir keçmiş döyüşçü kimi, vətəndaş kimi bunu düşünmək ağırdır. Mən yaşadıqca özümü günahkar biləcəm. Biz indi də döyüşmək qabiliyyətindəyik. Buna görə də gənclər şəhid olmamalıdır. Biz onları itirməməliyik".