Sürət Hüseynovun həbsdən çıxandan sonra verdiyi məşhur müsahibə:"Elçibəy fevralda Gəncəyə gələndə məni həbs etməliydilər" - TARİX

surethuseynov

Düz 23 ildir eks-prezident Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi və Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışıyla nəticələnən 1993-cü ilin iyun hadisələri hər ilin bu çağlarında medianın diqqətinə gəlsə də, çoxsaylı yazılar, müsahibələr getsə də, yenə də o dövrdə baş verən bir çox olayların əsil mahiyyəti, sirri açılmır ki, açılmır…

Hələ də 1993-cü ilin iyun hadisələrini hakimiyyəti əldən verənlər “dövlətə qarşı qiyam”, hakimiyyətə gələnlərsə “Elçibəy iqtidarının səriştəsiz idarəçiliyinin doğurduğu labüd nəticə” kimi qiymətləndirir, bir-birini Vətənə, dövlətə xəyanətdə suçlamalar, təqsiri bir-birlərinin üzərlərinə yıxmalar davam edir…

Görünür, elə qaranlıq qalan məqamların çoxluğundan və gerçəklərin indiyədək tam çılpaqlığı ilə açıqlanmadığındandır ki, 23 ildir danışılmasına baxmayaraq, hər dəfə bu mövzuda yeni nələrsə söylənir və deyilənlər də, az qala, sensassiya kimi qarşılanır. Elə bugünlərdə Nemət Pənahlının, sabiq baş nazir Pənah Hüseynin, sabiq nazir Əli Nağıyevin, eləcə də deputat Eldar İbrahimovun və hüquqşünas Aslan İsmayılovun açıqlamalarına verilən reaksiyaları xatırlayaq: sanki, 4 iyun 23 il əvvəl yox, elə bu il baş verib…

Şübhəsiz ki, bu hadisələrin içərisində olan, bilərəkdən-bilməyərəkdən bu olaylarda rol alan istənilən şəxsin gördüklərini, bildiklərini hətta hər hansı formada şişirtmə və ya əskiltmə ilə danışması belə, gələcəkdə bu dövr tarixini araşdıranlar üçün çox vacib detallar, qaynaqlar olacaq.

Azərbaycanın müasir tarixinin düyün nöqtələrinin, müəmmalı sayılan olaylarının araşdırılması və yetişməkdə olan gənc nəslin doğru-dürüst məlumat almaları, hadisələri müxtəlif baxışlardan oxuyub özlərinin analiz etmələri və nəticə çıxarmaları üçün Strateq.az saytı tez-tez xüsusən son 30 il ərzində baş verən mühüm hadisələr haqda ayrı-ayrı önəmli şəxslərin indiyədək dövrü mətbuatda gedən və ya getməyən çıxışlarını, müsahibə və məqalələrini “Stenoqram”, “Tarix” və s. bu kimi rubrikalar altında oxuculara təqdim edir.

Bu ənənəmizə sadiq qalaraq,  aşağıda 4 iyun hadisələrinin mərkəzi fiquru – uzun illərdir media üçün əlçatmaz olan sabiq Baş nazir, Mlli Qəhrəman, korpus komandiri və siyasi məhbus Sürət Hüseynovun 2004-cü ilin 17-martında həbsdən çıxdıqdan sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə olan müsahibəsini oxucularımıza təqdim etmək qərarına gəldik.Bəribaşdan qeyd edirik ki, bu, Sürət Hüseynovun indiyədək Azərbaycan mediasında ona ünvanlanmış bütün suallara cavab verdiyi ən geniş və son müsahibəsidir.

Sürət Hüseynovu yenidən dinləmək, hadisələrə baxışında bir dəyişikliyin olub-olmadığını öyrənmək istəsək də, təəssüf ki, yaxınları tərəfindən onun Azərbaycanda olmadığı və hələ də mediaya danışmaq istəmədiyi cavabını aldıq. Buna baxmayaraq, ümid edirik ki, 1993-cü ilin 4 iyununda Gəncədə əslində nələrin baş verdiyini, bu hadisələrədək hansı olayların yaşandığını bilmək, öyrənmək istəyənlər üçün bu müsahibə kifayət qədər çox mətləblərə işıq salacaq…

Beləliklə, aşağıda Sürət Hüseynovun 2004-cü ilin martın 19-da “Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən götürülən və 28 mart – 23 may 2004-cü il aralığında “Xural” qəzetində hissə-hissə dərc olunan məşhur müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik:

 

heyder-suret

– Sürət bəy, həmişə evinizdə, bayramınızı təbrik edirik. Allah içəridə qalanların da hamısının qapısını açsın.

– Amin, sağ olun.

– Özünüzü necə hiss edirsiniz? İsgəndər Həmidov demişdi ki, o qədər səs-küylü, narahat mühitə düşdüm ki, adam istəyir geri qayıtsın. Siz necə düşünürsünüz?

– Düzü, elə bir dəyişiklik hiss etməmişəm. Prezidentin əfv fərmanını eşidəndə də halım dəyişmədi. Çox adi qarşıladım.

– Bu, sizin üçün tamamilə gözlənilməz oldu, yoxsa nələrisə təxmin edirdiniz, ya da sizə nəsə demişdilər?

– “Siyasi məhbus” adlandırılanların hamısı ümid edirlər ki, sentyabra qədər azadlığa buraxılmalıdırlar. Çünki Avropa Şurası (AŞ) Azərbaycanın qarşısında belə bir tələb qoyub. Yəni bu baxımdan ümidsiz insan yoxdur, ələlxüsus da söhbət siyasi məhbus adlandırılandan gedirsə…

– Amma konkret olaraq bu günlərdə azad olunacağınızı gözləmirdiniz, eləmi?

– Xeyr, qətiyyən. Ancaq bunun nə vaxtsa olacağına ümidim vardı.

– Avropa Şurası, Azərbaycan bu təşkilata üzv olandan bəri israrla tələb edir ki, siyasi məhbuslar azad olunsun. Siz özünüz necə qiymətləndirirsiniz, siz Qərbin təzyiqi nəticəsində azad olundunuz, yoxsa sizi İlham Əliyev azad etdi? Həm də belə məlumatlar var ki, ilkin siyahıda adınız olmayıb və prezident öz təşəbbüsü ilə sizin adınızı siyahıya salıb…

– Məsələyə iki prizmadan baxmaq olar. Birincisi, AŞ-nin Azərbaycan qarşısında siyasi məhbusların azad olunması tələbini qoyduğu faktdır. İkinci məsələ də ondan ibarətdir ki, sözügedən məhbusların azadlığa buraxılması Azərbaycan iqtidarının bilavasitə öz ixtiyarındadır. Bu məsələdə iqtidarın özündən çox şey asılıdır və hər hansı məhbusun azadlığa buraxılması barəsində qərarı çıxaran onlardır. Bu da faktdır. Faktı da ki, danmaq olmaz. Bununla bağlı bütün mətbuat işçilərinə, elə sizə də deyirəm ki, mən İlham Əliyevin imzaladığı əfv fərmanını xoş məram kimi qiymətləndirirəm və onu təqdir edirəm.

– Əgər irəliki zamanlarda İlham Əliyevdən görüş təklifi gələrsə, görüşəcəksiniznıi? Və ya sizin İlham Əliyevlə görüş təşəbbüsündə bulunmağınız mümkündürmü?

– Mən də Azərbaycanın vətəndaşıyam. Hesab edirəm ki, prezident kiminlə istəsə, onu görüşə çağıra bilər, görüşə bilər. Kim də istəsə, prezidentlə görüşmək təşəbbüsü ilə çıxış edə bilər. İndi mən demirəm ki, o kimsə müxalifət də ola bilər, başqa bir şəxs də ola bilər. Onların başqa bir fıkri, niyyəti, planı da ola bilər. Ancaq mənim nə elə bir fikrim var, nə də elə bir planım. Nə də prezidentə qarşı müxalifətdə deyiləm ki, o çağırsa, dəvət etsə, getməyim. Çağırarsa, məmnuniyyətlə gedərəm. Mən elə bir adamam ki, məni siz də çağırsanız ki, gəlin, fılan yerdə görüşək, durub gələsiyəm. Yəni söhbət insaniyyətlikdən, kişilikdən gedir. Necə ola bilər ki, getməyəsən? Təbii ki, mən bu sözü prezidentə aid etmirəm, amma tutaq ki, düşmən səni görüşə dəvət edir, getməyəcəksən? Getməlisən. O ayrı məsələdir ki, bu gün respublikada siyasi oyunbazlıqlar cərəyan edir, ancaq hərənin öz dünyagörüşü, siyasi təfəkkürü, siyasi xətti var. Hərə də öz xətti ilə gedir və düz, ya səhv edir, bu, hərənin şəxsi işidir. Bu barədə danışmaq mənim işim deyil. Hər kəs özündən danışa bilər.

– Vaxtilə Sürət Hüseynov, gərək ki, and da içmişdi, Qarabağ məsələsi həll olunmayanadək siyasətə qarışmayacaq. İndi də deyirsiniz ki, nəinki prezident, hətta düşmən çağırsa belə, onunla görüşə gedərəm, çünki müxalifət deyiləm. Siz indi özünüzü siyasi baxımdan müxalifətdəmi hesab edirsiniz? Və ya hansı statusdasınız?

– Türmədən çıxdığım cəmi 2 gündür. Mən hələ bilməliyəm ki, respublikada hansı proseslər gedir, nələr baş verir. Bunları analiz etməmişdən hansısa fikir söyləmək, hansısa statusda olduğunu qeyd etmək, hesab edirəm ki, mən tərəfdən düzgün olmazdı. Amma deməliyəm ki, mənim bu ölkədə heç kimlə düşmənçiliyim yoxdur və istəyərəm ki, hamı ilə dost-qardaş olam. Həm də hesab edirəm ki, Azərbaycan xalqı indiki vəziyyətdə hamısı bir-biri ilə dost-qardaş olmalıdır. Çünki bizim ümumi bir bəlamız var, o da Qarabağ məsələsidir. Torpaqlarımızı azad etməliyik. Bu amal ətrafinda hamının birləşməsi vacibdir. Müxalifətə gəldikdə isə, mən müxalifət sözünü heç o vaxtlar da qəbul etməmişəm. Cəbhə iqtidarı dövründə də demişəm ki, bizim bircə müxalifətimiz var, o da ermənilərdir, bizə ikinci müxalifət yaraşmaz. Düzdü, indi demokratiyadır, Qarabağ məsələsi də atəşkəs vasitəsi ilə 10 ildir ki, dayandırılıb. Ona görə də ölkədə müxtəlif siyasi cərəyanlar mövcuddur və siyasi müstəvidə bəzi hadisələr baş verir. Belə götürəndə, bu məsələlərə baxışda o qədər də optimist deyiləm. Və gəldiyim nəticə də ondan ibarətdir ki, Azərbaycanda müxalifət adında bir şey yoxdur. Bunu siz də, hər bir kəs də təsdiq edə bilər. Çıxıb özünə müxalifət demək, hələ müxalifət olmaq deyil. Müxalifət hərəkət etməlidir, proseslərə müdaxilə etməlidir və onun da xalqın xeyrinə nəticəsi olmalıdır. Əgər belə şeylər yoxsa, o zaman hansı müxalifətdən söhbət gedir? Özünə müxalifət deyənləri seçki zamanı gördük. O zaman bu adamlar bir fikrə gələ bilmədilər. Mən türmədə radiodan və mətbuatdan mümkün qədər bu prosesləri izləyirdim. Əvvəl-əvvəl dedilər ki, bir yerdə olacağıq, bir qüvvə ilə çıxış edəcəyik. Sonra parçalandılar və indi də təmiz yoxa çıxıblar, heç kimin də yeri bilinmir. Demək istəyirəm ki, müxalifət sözünün Azərbaycana aidiyyəti yoxdur. Çünki hələ Azərbaycanda müxalifət yoxdur. İndiki müxalifət isə, elə o zaman da belə idi. O vaxt da belə olmasaydılar və doğrudan da bir olsaydılar, indi Qarabağ məsələsi çoxdan həll olunmuşdu. Elə o vaxt da, indi də bunlar hərəsi bir tərəfə çəkir. O səbəbdəndir ki, bunlar hərəsi bir tərəfə çəkə-çəkə, Qarabağ məsələsi bugünkü vəziyyətə gəlib çıxdı. Qoymadılar ki, müharibə edənlər müharibəsini etsin, onların əl-ayağına dolaşdılar. Mən bunu məhkəmədə də dedim. ATƏT-in Minsk Qrupunun yaranma səbəbləri 1992-ci il iyul ayının 17-də Almatı sazişinə təsadüf edir. Bununla da Qarabağ məsələsinə nöqtə qoyuldu. O gün Tofiq Qasımov getdi atəşkəsə imza atdı. Biz o vaxt uğurlu əməliyyatlar keçirmişdik və artıq Xaçınçaya gedib çıxmışdıq. Gecə saat 03.00-da mən Yevlaxda fabrikdəydim, gəldilər ki, bəs deməzsənmi, a bəy, Tofıq Qasımov Almatıdan gəlib, orada atəşkəsə imza atıb. Ermənilərlə bizimkilər saziş imzalayıblar. Mən də dedim ki, siz kim idiniz ki, gedib elə bir sənədə imza atırdınız? Yəni siz Xocalınımı yadınızdan çıxardınız, işğal olunmuş Şuşanımı, Laçınımı unutdunuz? Ermənilərin vəhşiliklərinəmi göz yumdunuz ki, gedib orada elə bir sənədə imza atdmız? Bir də dedim ki, müharibəni başlayan oğlan mən, bunu mən başlamışam…

– O zaman aktiv əməliyyatların getdiyi vaxt idi, eləmi?

– Bəli, bəli. Dedim ki, bu müharibəni başlayan mən olmuşam və Şaumyandan başlayaraq, düz Xaçınçaya qədər gedib çıxmışam. Özü də mərhum Elçibəyin məni Baş nazirin müavini, Qarabağda səlahiyyətli nümayəndə, Müdafıə nazirinin isə korpus komandiri təyin etməsindən öncə, mən, 1992-ci ilin may ayında Qarabağda döyüşən könüllü batalyon komandirləri tərəfindən ağsaqqal seçilmişdim.

– Yəni deyirsiniz ki, Elçibəyin fərmanları olmasa da, faktiki olaraq nəzarət sizdəydi?

– Təbii ki. Yəni mən artıq komandan idim. Sözüm də onların hamısı üçün qanun idi. O vaxt Qurana da and içmişdik. Hamısının əlini Qurana basdırmışdım ki, biz erməni silahlılarını Qarabağdan axır nəfərinə kimi çıxarandan sonra siyasətə qarışacağıq. Orada xüsusi vurğulamışdıq ki, Qarabağda bircə nəfər erməni qalarsa, bizim siyasətə qarışmağa haqqımız və ixtiyarımız yoxdur, kim də bunu etsə, cəzalandırılacaq. Bunlar məni bu vəzifələrə təyin etməmişdən də bilirdilər ki, onsuz da orada komandan mənəm. Yaxşı bilirdilər ki, onsuz da Qarabağ camaatı məni eşidir və prezidentin xüsusi sərəncamı, əmri olmasa belə, nəzarət məndə idi. Sadəcə, hökumət bunu rəsmiləşdirdi. O zaman mən də bu rəsmiləşməyə razılığımı verdim.

– Tofiq Qasımov Almatıdan gəlmişdi...

– Hə, Pənah dedi ki, a bəy, İsa Qəmbərin razılığını almışıq. Rəhmətlik Elçibəy də həmin vaxt Yevlaxın İcra Hakimiyyətinin qonaq evində idi. Orada yemək-içmək var idi, gəlib mənim yanıma dəyib, ora getdilər. Pənah Hüseynovun mənə dediklərini olduğu kimi deyirəm. Dedi ki, biz demokratıq, ermənilər də Azərbaycanın vətəndaşlarıdır, onların burada yaşamağa haqları var və yaşayacaqlar.

– Pənah Hüseynov bunu sizə dedi?

– Pənah Hüseynov Tofiq Qasımovun yanında bu sözləri mənə deyib. Dedim ki, ermənilər burada yaşaya bilməyəcəklər. O vaxt yaşaya bilərlər ki, birinci növbədə Xocalıda törədilmiş qətliamı onlara bağışlayan oğlanlar varsa, ortaya çıxsın və mən də onların sifətinə baxım görüm, onlar kimlərdir. İkinci şərtim ondan ibarətdir ki, 215 min azərbaycanlını Ermənistandan – Zəngəzur və Göyçədən qovub çıxarıblar. Onlar öz ata-baba torpaqlarına qayıtmalıdırlar. Bundan sonra orada onlara nə status verəcəklərsə, biz də burada Qarabağ ermənilərinə həmin statusu verəcəyik, ondan artıq da ola bilməz. Dedi ki, a bəy, sən nə danışırsan, kimdir oraya qayıdan, sən elə bilirsən ki, oraya camaatı qaytarmaq olar?

Sonda bildirdi ki, biz gedirik Bəyin yanına. Mən də əsəbiləşdim – indi bunu yalnız sizə deyirəm – və dedim ki, istəyirsiniz lap Bəyin dədəsinin yanına gedin, atəşkəs nədir, zad nədir? İkisini də biabır elədim və kabinetdən qovdum. Getdilər və bir daha bu söhbətə qayıtmadılar, sonra nə oldu, nə təhər oldu, deyə bilmərəm…

Görün, bunlar nə ediblər? İndi dediklərim məhkəmədə də sübuta yetirildi. Mən Dadaş Rzayevə sual verdim ki, o vaxtı Qazaxdan Daşkəsənə kimi birinci korpusun komandiri olmuşdun, bu ərazilərdə ermənilərlə müştərək postlar yaradılmasına kim imza atmışdı? O, öz boynundan atdı və dedi ki, imzanı icra hakimi atıb. Sonra İsa Sadıqov gəldi, o da Dadaş Rzayevin yanında briqada komandiri olmuşdu. Həmin sualı ona da verdim. O, etiraf etdi ki, həmin imza Dadaş Rzayevə məxsus olub. Görün, Daşkəsənlə Qazax arasındakı məsafə nə qədərdir və burada həm o tərəfdən, həm də bu tərəfdən nə qədər qüvvələr olub? Bunlar müştərək post yaradaraq, ermənilərlə yeyib-içir, kef edirdilər. Sürət Hüseynov da 2-ci korpusun komandiridir, bütün Qarabağ da mənim ərazimdə, heç nədən də xəbərim yox. Mənə heç deməyiblər ki, belə bir iş görmüşük. Axı mən, həm Bas nazirin müavini, həm də prezidentin Qarabağda səlahiyyətli nümayəndəsiyəm. Belə məsələləri atüstü həll etmirlər, bunu oturub saatlarla müzakirə edib, hamının fikirlərini dinləyəndən sonra qərar çıxarırlar. Mənim heç nədən xəbərim yox, sən də orada ermənilərlə müştərək postlar yaradırsan. Ermənilər də İcevandan Vardenisə qədər bütün qüvvələrinin hamısını çrxarıb Qarabağa doldurublar…

– Yəni bağlanmış saziş nəticəsində rahatlayıblar…

– A kişi, erməni ilə azərbaycanlı müştərək postda durur, yeyib-içirlər, deyirəm. Dadaş Rzayev də Qazaxdakı texnikanı özündə saxlayıb. Mən Seyfəli poliqonunda qoşun hazırlayıram. Ruslara pul verib demişəm ki, “davay”, uşaqları hazırlayın. Öz aramızdır, onda mənim 3 tonluq 4 dənə bombam var idi. Bunları atmağa təyyarə yox idi. O vaxtı yalvarırdım ki, mənə təyyarə alın, dövlətin puludur, dədənizin pulu deyil ki, verin, alın. Mən olan puluma təyyarələr də almışdım, “nayomniklər” də gətirmişdim, rusları da pul verib işlədirdim. Sonra mənim adımı da qoydular ki, rusların adamıdır. Mən niyə rusların adamı oluram, siz adınızı “bəy” qoymusunuz, mənim iki babamı, iki nənəmi – babalarımın da hamısı bəy olub – ruslar güllələyiblər. Ona görə ki, onlar 1920-ci ildə Demokratik Respublikaya maliyyə köməyi edirlərmiş. Əsil bəy mənəm, siz heç babanızın babasını tanımırsınız, amma özünüzə “bəy” deyirsiniz.

– Yeri gəlmişkən, sizin haqqınızda söhbət düşəndə həmişə Şerbakın adını hallandırırdılar. Hətta deyirdilər ki, Şerbak Sürətin qayınatasıdır. Buna nə deyirsiniz?

– (Gülür…) Birincisi, Şerbakla məni tanış edən Rahim Qazıyev olub. Mən Şerbak-zad vecimə alan adam olmamışam. Özü də o, məndən 2-3 yaş böyük olardı. Bu şayiələri o vaxt Xalq Cəbhəsi məni gözdən salmaq üçün yayırdı. Ki, guya yoldaşı rusdur, özü də rusların adamıdır və s. Onlar adamı gözdən salmaq üçün hər cür çirkin, uşaq oyunlarına gedirdilər. Bir növ, o dövrdə bundan “qara piar” kimi istifadə edirdilər. Bunlar belə işlərlə məşğul idilər, mən də müharibə edirdim. İnanın ki, həmişə fabrikdə işçilərimə də deyirdim ki, Qarabağı özüm alacam, bircə özümüzünkülər məni arxadan vurmasınlar, badalaq gəlməsinlər. Fəhlələrim də həmişə deyirdilər ki, nə danışırsınız, sizə kimi badalaq vura bilər? Deyirdim ki, ürəyimə damıb, bunu hiss edirəm, ona görə sizə də deyirəm.

– Bəlkə günahınız o olub ki, açıq deyibsiniz ki, Qarabağı mən alacağam? Onlar da qorxublar ki, Qarabağı Sürət Hüseynov alsa, biz nə edəcəyik?

– Mən bu sözü sizin yanınızda açıq deyirəm, fabrikin işçiləri də Allah şahididirlər. Rahim Qazıyevlə həmin İsgəndər Həmidov mənim yanımdan çıxanda, İskəndər gördü ki, camaat onlara pis baxır, kişi kimi dedi ki, ay camaat, bizə niyə belə baxırsınız, biz çıxıb orada artistlik edirik ki, o rayonu belə aldıq, bu kəndi belə azad etdik, alan oğlan isə budur, biz, ancaq artistlik edib, bunu öz adımıza çıxırıq. İsgəndər bu sözü 500-600 adamın içində deyib. Mən də orada demişəm ki, a kişi, mənə ad lazım deyil, qoy ad sizin, ancaq torpaq millətin olsun. Bir də ad mənim nəyimə lazımdır, mənim öz adım özümə bəs idi. Mən ad qazanmaq üçün müharibəyə girişməmişdim. Kim gedib müharibə edər ki, öz cibinin pulunu xərcləsin. Cavan oğlan idim, pulum da var idi, gedərdim Türkiyəyə, Fransaya və s. ölkələrə, kefimi çəkərdim. Heç kim də bir qəpik pul vermirdi. Müharibə gedən dövrdə bircə nəfər, “Cin” ləqəbli birisi, qabaqlar “kanditer” fabrikinin direktoru olub, cəmi 115 min rubl pul gətirdi. Qapıda uşaqlara deyib ki, pul vermək istəyirəm. Mən də dedim ki, əşşi, rədd edin getsin, mənim pula-zada ehtiyacım yoxdur, gətirib pul verəcək, sonra da orda-burda adımızı biabır edəcək. O da əl çəkmir ki, yox, hələ mənə bir kağız da yazıb versin ki, mən bura pul köçürmüşəm. Mən də uşaqlara dedım ki, pulu alın və kağız da yazıb verin. O vaxt “Qaz 31” almışdım. Qiyməti 3 milyon yarım idi. Yəni onu demək istəyirəm ki, o adamın gətirdiyi pul, mənim maşınımın hansısa xırda bir hissəsini ya edirdi, ya da etmirdi. Bu boyda Azərbaycanda o qədər varlıların içində mənə kömək edən təkcə o 115 min rubl gətirən “Cin” ləqəbli Zirəddin adlı adam olub (Xeyli gülür…)

Deməyim odur ki, Gürcüstanda lotular hakimiyyətdə olanda, bax, həmin Elçibəy iqtidarına nə qədər yalvardım-yapışdım ki, orada “Su-25” təyyarələri satırlar. 25 milyon qiyməti var, amma 5 milyona satırlar, gəlin bundan 20 dənə alaq. Görün, nə qədər irəli düşə bilərdik. Almadılar, elə bil, dədələrinin pulu idi. Axı, bu, millətin pulu idi. Müharibə edən ölkə pul xərcləyər, əslində müharibəni pulla udarlar, müharibə sözlə udulmaz.

– Burada yenə bir haşiyəyə çıxaq. O vaxtlarda belə bir fikir də vardı ki, Sürət Hüseynov narkobarondur, özü də narkotika qəbul edir, eyni zamanda beynəlxalq narkotika alveri ilə məşğul olur. Xərclədiyiniz pullann da bu alverdən gəldiyini deyirdilər. Bax, buna nə izah verirsiniz?

– Mən Yevlax yun zavodunun “generalnı” direktoru olmuşam. Bütün rayonların hamısında tədarük idarələrim olub. Fabriki elə bir vəziyyətə gətirmişdim ki, əvvəllər yeyinti-dağıntısı çox olan bir fabrik gəlirlə işləməyə başlamışdı. Özü də fabrikdə işləyəndə, mən işçilərimin atası olmuşam, onlara müdir olmamışam. Mənə ata kimi baxıblar, mən də onlara ata qayğısı ilə yanaşmışam, onların problemi mənim problemim olub. Hər gün mənim yanıma 50-100 arası adam gəlib, biri də deyə bilməz ki, üstünə getmişəm, məni əliboş qaytarıb, ya da 10 manat istəmişəm, 9 manat verib. İnanın Allaha, heç adlarını da bilməmişəm. Sadəcə demişəm ki, Allah mənə verib, mən də onun bəndəsinə verirəm. Çoxları gəlib məndən borc istəyiblər, mən də istədiyi qədər vermişəm və demişəm ki, haçansa artıq pulun olar, yadına düşsəm, gətirərsən, yadına düşməsəm, bəri başdan halal edirəm. Heç vaxt, heç kimə borc pul verməmişəm. Borca pul vermək, əslində düşmən qazanmaqdır. Kişi pulu verər və deyər ki, apar, xərclə. Elə olurdu ki, bu ildən o ilə 3 milyon borcla keçirdim. Amma adımı eşidib, üstümə gələnləri yenə də boş qaytarmırdım. O narkotika söhbəti-fılan da bu şeylərə kölgə salmaq üçün idi. Əvvəla, bu narkotika və narkobaron məsələsində məntiq yoxdur. Yəni mənim ehtiyacımmı var idi ki, öz təmiz adımı biabır edib, narkotika almaq və ya satmaqla məşğul olum? Pulu mən onsuz da qazanırdım və camaata xərcləyirdim. Elə pul hərisi olsaydım, pulu belə xərcləməzdim. Dünyada kim elə narkobaron görüb ki, pulunu kasıb-kusuba paylasm? Əgər beləsi varsa, adını desinlər, mən də deyim ki, bəlkə elə mən də narkobaron olmuşam? Pulu qazanmağa nə var ki, kişi ona deyirəm ki, qazandığı pulu xərcləyə bilsin. İnanın Allaha ki, bir kasıba pul verəndə elə yüngülləşirdim, sankı özümü mələk kimi hiss edirdim. Mən hələ fabrikin direktoru olmamışdan əvvəl, demək olar ki, 18 yaşımdan messenatlıq etmişəm. Hələ fabrikdə sex rəisi olanda mənim qapımın ağzında növbəyə duranların sayı-hesabı olmazdı. O zaman qazandığımı kasıb-kusuba paylamaqla məşğul olmuşam…

Sonralar həbsdə eşitdiyim maraqlı bir əhvalatı danışım. Biri bir həftə evdə güzgünün qabağında məşq edir ki, gedib Sürət bəydən pul alacağam. 7 min manat pul lazım imiş, bu cür “moşenniklik”lə almaq istəyirmiş. Məşqi də ona görə edib ki, məni inandıra bilsin. Nəhayət, gəlib çıxır mənim yanıma, ağzını açan kimi 7 mini verirəm, çıxıb gedir. Sonra gəlir evə, başına ikiəlli qapaz vurur ki, ay abırsız, bu kişi elə bir adamdır ki, onsuz da istədiyin qədər pulu verir, daha niyə bu qədər məşq edirdin ki? Bu əhvalatı həmin adam türməyə düşəndə rəisə danışıb. Özü də deyib ki, Sürət bəy hiss elədi ki, mən yalan danışıram. Sonra həmin rəis bu əhvalatı danışanda məndən soruşdu ki, siz bilə-bilə ki, o sizi aldadır, niyə ona pulu verdiniz? Dedim ki, pulu ona görə verdim ki, gedib orda-burda deməsin ki, getdim Sürət Hüseynovun üstünə, mənə pul vermədi. Ola bilər ki, məni aldatmaq üçün gəlmişdi, amma mən o sözün yayılmasını özümə sığışdırmadım. Çünki mənə şərəf gətirmir. Mən öz adımın təmizliyini saxlamışam və saxlayacam da.

– Siz döyüş əməliyyatlarına başladınız və ard-arda rayonları, kəndləri işğaldan azad edə-edə getdiniz. Və birdən dayandınız, səbəb nə idi? Hətta əfsanələr dolaşır ki, Sürət Hüseynov bir-iki günə Xankəndini alacaqdı…qiqətdə hara qədər gəlmişdiniz və niyə dayandınız, niyə qayıtdınız?

– Mən sizə indi hər şeyi əsas məqama kimi danışacağam. Əsas məqamı isə dediyim kimi, bəylərlə söhbətdən sonra deyəcəyəm. Bəli, o vaxtı mən Seyfəlidə 5 min nəfərlik qoşun hazırlayırdım. Rus zabitlərini də “nayomnik” kımi pul verib cəlb eləmişdim ki, əsgərlərimizi öyrətsinlər. 5 min nəfər 3 ay təlim keçməli idi. Fikrim var idi ki, 3 aydan sonra onları hərbi şəhərciyə yığam və yenidən həmin poliqona 5 min nəfərlik yeni qüvvə toplayam. Növbəti 3 aya qədər də yaz gəlirdi. Yazda da hücum əməliyyatına başlayaq və bununla da Qarabağ məsələsini yekunlaşdırıb, bitirək.

– Yəni biryolluq həll edək?

– Bəli, biryolluq həll etmək istəyirdim məsələni. Bir briqada hazır olanda Müdafiə naziri kimi Rahim Qazıyevi də çağırdım. Qərargah rəisi də, digərləri də gəldilər və hər şeyi kasetə çəkdilər. “Uçeniya” keçirtdik. Uşaqlar da yaxşı təlim keçmişdilər və yaxşı da təsir bağışladılar. Müdafiə Nazirliyinin kameraları hər şeyi çəkdilər. Sonra kasetləri gətirənlər gəldilər prezident Elçibəyin kabinetinə. Hamı oturub baxar və… deyərlər ki, bu nədir, qoşun, təyyarə, vertolyot – hamısı bir cavan oğlanın əlindədir. Bu, “lyuboy vremya” çevriliş edə bilər. Təsəvvür edin. Siz bunların pisniyyətliliklərinə fikir verin!

– Hələ döyüş əməliyyatı başlamayıb?

– Yox, sadəcə kasetə baxıblar. Nurəddin Sadıxov o vaxt general idi, qərargah rəisi idi. O da Allah şahididir, bunu Rahim Qazıyevin özü də, orada olanların əksəriyyəti də təsdiq edə bilər ki, mən sizə necə danışıramsa, eləcə də olub. Deyiblər ki, bu qədər qüvvə bir cavan oğlanın əlindədir. Elə bil ki, bunların dədələri mənə bu təyyarələri, vertolyotları, qoşunu hədiyyə veriblər. Bu, mənim öz əlimin əməyi idi, siz mənə neynəmişdiniz ki? Axı, sizin burada bir qəpiklik köməyiniz olmayıb, Bakıda oturmusunuz, kababdan yeyib, əlinizi kreslonun üstünə sürtməkdən başqa işiniz olmayıb axı? Hələ pul yığmaq məsələsini demirəm. Bunlara müharibə o qədər asan gəlirdi ki, zəng edirdilar ki, a bəy, Bəy deyir ki, 4 dənə kənd alınsa, yaxşı olardı. İnanın Allaha, belə idi. Mən də deyirdim ki, Bəyə deyin, sabah 4 dənə kənd alınacaq. Sabah 4 kənd alırdım. Deyirdim ki, aldım. Onlar da deyirdilər ki, sağ ol, var ol, bəy. Bunlara elə gəlirdi ki, kənd almaq gedib alma dərməkdir. Düşürsən bağa, 4 dənə almanı götürürsən və çıxırsan (Ürəkdən qəhqəhə çəkir…).

Birini qoyub, o birinə gedim. Niyə mənə “narkoman’ dedilər? O vaxtı Yevlaxdan Mingəçevirə köçdüm. Gecə-gündüz yatmırdım. Korpusun 140 nəfər işçisi var idi. Bütün işlər də mənim üzərimdə idi. Bir də mənə İlham adlı polkovnik var idi – Şuşadan – o kömək edirdi. Bütün qara işləri də fabrikin işçiləri görürdülər. Belə bir şəraitdə bütün işləri aparıram, az qala, çənəmin çivi çıxıb, ovurdum-ovurduma yapışıb. Nə vaxtlı-vaxtında çörək yeyə, nə də yata bilirəm. Gün ərzində 2-3 saat yata bilmirdim. Köçməyimin bir səbəbi də o idi ki, fabrikdə çoxlu silah-sursat var idi və camaat da işə gəlirdi. Mənə də xəbər çatmışdı ki, təhlükə var, bu fabrikə bir dənə qranatamyot buraxsalar, göyə uçacaq.

– Partlada bilərdilər?

– Bəli. Camaat qırıla bilərdi. Mən də öz camaatımı elə çox istəyirdim ki, onlar hamısı mənim anam-bacım-qardaşım olublar. Fikirləşdim, həm də bir az zəifləmişdim deyə, Kürün qırağında yaxşı hava olduğundan oranı məsləhət görmüşdülər. Nə isə, köçdüm ora. Ora gələndən sonra Rahimə dedim ki, taqətdən düşmüşəm, məndə “pereutomleniya” getmişdi, özümü pis hiss edirəm, bəlkə çıxım. Dedi ki, yox, sən nə danışırsan, sən çıxdın Qarabağ batdı.

– Yəni istefaya getmək istəyirdiniz?

– Bəli, dedim ki, müalicəyə getmək istəyirəm. Rahim dedi ki, bu dəqiqə həkim göndərirəm. Dərhal zəng vurdu, Gəncədən, desantların xəstəxanasından üç nəfər həkim gəldi. Həkimlər gəlib dedilər ki, sizə gündə azı 6 saat yatmaq lazımdır. Həmin an Pənah Hüseynov Ağdamdan zəng elədi ki, a bəy, istəyirik yanınıza gələk. Dedim, gəlin. Özüm də dərman atmışam. Həkimlər yatmaq üçün dərman veriblər ki, içim yatım. Sistem də birləşdirmişdilər. Sistemi ayırandan sonra dedilər ki, hər şey öz qaydasında olacaq. Bir də iynə-dərman, vitamin yazdılar ki, iç, özünə gəl. Pənah zəng edəndə artıq dərman atmışdım, ona baxmayaraq dedim ki, gəlin. Pənah, o vaxt Baş nazirin müavini olan Vahid Əhmədov, bir də Arif Hacıyev – Ağdamdan durub gəliblər. Mən də qonaq evindəyəm. Gördüm, yuxu məni tutur, İmmiyə dedim ki… – andıra qalsın İmmini (hamı gülür…) qadın 14 il srok yatıb. Buna baxmayaraq, çox mətanətli və sədaqətli bir qadın idi – nə isə, ona demişəm ki, ay İmmi, birdən yatıb-eləyərəm, Pənahgil gəlməlidir, gələn kimi məni qaldırarsan. O da deyib ki, əşşi, heç nə olmaz, gələrlər, qaldıraram. İmmiyə nə var… Beləcə, məni yuxu tutar, yataram. Bunlar da maşınla gələrlər. “Oxrana”lar İmmiyə deyərlər ki, Pənah Hüseynovgil gəlib, Sürət bəylə görüşmək istəyirlər. “Ayə, o yana rədd elə. Sürət bəy yatıb, dincəlir. Özünə də sistem qoyulub.” Təsəvvür edin ki, sistem qoyulmaq sözünə görə, bunlar deyiblər ki, bu, narkomandır, sistemi də ona görə qoydurub ki, yəqin, qanını-zadını təmizlətdirir. Bundan sonra, qardaş, mənim adım qaldı narkoman. Ondan sonra qayıdıblar Bakıya və deyiblər ki, Sürət Hüseynov narkomandır. Halbuki ölürdüm eee… Məni diriltmək üçün sistem qoyublar. Bunlar da elə təsəvvür ediblər ki, mən narkomanam.

– Yəni bu söhbət oradan başlayıb?

– Necə deyirəm, elə də olub.

– Sürət bəy, indi gələk əməliyyatlara. Necə oldu ki, birdən-birə dayandınız və niyə geri qayıtdınız?

– Yox, mən geri qayıtmadım. Ümumiyyətlə, geri qayıtmaq məsələsi olmayıb. Artıq sizə danışdım ki, bunlar o kasetə baxandan sonra deyiblər ki, cavan oğlandır, əlində də bu qədər qoşun, fılan-feşman, nə vaxt istəsə, çevriliş edə bilər. Ki, indi o 4 iyun qiyamı deyirlər, o qiyamı mən yox, hakimiyyət etmişdi. Mən necə olub, elə danışıram və bunu təsdiq edənlər də çoxdur. Çünki söhbət özlərinin içində olub, özü də orada çox olublar. Hamısı o kasetə baxıb, havalanıblar və başlayıblar… Qısqanıblarmı, ya paxıllıqlarımı tutub, bilmirəm. Elə oradaca mənim hökmümü çıxarıblar. Deyiblər ki, nə edək, necə edək? Qərara gəliblər ki, qoşununu çıxaraq döyüş bölgəsinə, hamısını arxadan güllələyib qıraq, qoşunu məhv edək, sonra da özünü məhv edək, qurtarsın getsin. ATƏT də söz verib, işlərimiz gedəcək. İndi Kəlbəcər haqqında çox danışırlar. Bu haqda danışmaq istəmirəm, amma Kəlbəcərə ermənilər hücum edəndən ay yarım qabaq, fevralın 9-da məni kənarlaşdırmışdılar. Mən kim idim ki, Kəlbəcərə görə cavab verim? Axı o zaman heç kim olmuşam. Gedin, əmrləri qaldırın, baxın.

– Fevralın 9-da AXC İcraiyyə Komitəsi bəyanat yaydı ki, Sürət Hüseynov vətən xainidir…

– Fərəc Quliyevin bəyanatı fevralın 4-5-də “Tərtər” qəzetində getmişdi. Bunu fevralın 9-da Azərbaycan televiziyası da verdi. Deməli, bunlar məşvərət edərlər ki, bəs deməzsənmi, Sürəti aradan götürmək lazımdır, daha bəsdir. Artıq o, öz işini görüb qurtardı, ATƏT-lə də danışmışıq, atəşkəsə imza atmışıq. Amerika, Fransa, Rusiya bu məsələyə əl qoyub və bu yolla məsələ həll olunacaq. Ermənilərə də statusdan-mtatusdan verəcəyik, vəssalam. Ermənilər də burada yaşayacaq, biz demokratıq, ermənilər də Azərbaycanın vətəndaşlarıdır. Bir sözlə, bu demokratların beynini qərblilər elə yeyiblər ki, bunlar olublar toyuq-cücə. Görün, bunlarda heç ağıl varmı? Mən hələ bunlara dedim ki, Xocalı məsələsi var, üstəgəl, 215 min azərbaycanlı Ermənistandan qovulub. Bəs bunları haraya yazacaqsınız, axı bizim Ermənistanda bir nəfər də azərbaycanlımız yoxdur? Bəs biz ermənini burada necə yaşada bilərik, deyirsiniz ki, erməni buranın vətəndaşıdır?

1992-ci ilin dekabr ayının 26-da Müdafiə Nazirliyinin Baş Qərargahının 64 nəfər nümayəndəsi, Nurəddin Sadıxov da başda olmaqla, tökülüb gəldilər Gəncəyə. Çünki o vaxt mənim korpusum Gəncədə idi. Poliqonlar yaxın idi deyə, köçmüşdüm Gəncəyə. Hansı ki, o hərbi hissəni də ruslardan mən almışdım.

– 709-u?

– 709-cu hərbi hissə 366-cı polkun diviziyasının yerində idi. Bu diviziyanı mən mühasirəyə alıb, tərksilah etdim və ora da köçüb, korpusu da orada yaratdım. Ora həm Kürdəmir, həm də Seyfəli poliqonuna yaxın idi. Burada mən korpus komandiri kimi özümə “rezerv” qüvvələr hazırlayırdım ki, “rezerv” briqadalarım olsun, hücum əməliyyatlarını apara bilim. Yəni bunsuz korpus komandiri heç kimdi. Necə deyərlər, “ordusuz general heç kimdir.” Başqa sözlə, ordusu olmayan general, general yox, quru ağac – çomaq ola bilər. Bu nümayəndə heyəti gələndə, düzü, pərt oldum. Dedim ki, iş gördüyüm vaxtda mənim başımı qatmağamı gəlmisiniz, gəlişinizin məqsədini deyin. Dedilər ki, vallah, bilmirik, Ali Baş Komandan göstəriş verib, gəlmişik. Beləliklə, Nurəddin Sadıxovu da götürdüm, dedim ki, gedək Hacıkənddə yeyib-içək. Qış idi, Hacıkəndə qalxıb, elə ikimiz oturduq. Ordan-burdan söhbət etdik. Dedim ki, Nurəddin müəllim, siz hərbçisiniz, generalsınız, özünüz də yaxşı bilirsiniz ki, qışın bu zırhazırında, oğlan çağında, qar qurşaqdan yuxarı çıxan vaxtda, bu dağlarda əməliyyat keçirmək olmaz. Dedi ki, Ali Baş Komandan əmr verib, hücuma keçmək lazımdır.

– Bəlkə, Xocalının qisasını almaq istəyirdilər?

– A kişi, ora Xocalı-mocalı deyildi. Nə Xocalı? Açıqca deyirdilər ki, kişinin kefi belə istəyir. Araqdan vurublar, sonra da deyiblər ki, artıq vaxtdır, göndərək bunları getsin. Hər şey öz əllərində idi, iqtidar idilər. Deyirəm ki, a kişi, sən nə danışırsan, bəs özün bilmirsən ki, bu ölümdür, biz uşaqları ölümə aparırıq? Qışdır, dağlarda ən azı 35-40 dərəcə şaxta var. Özü də o vaxt 3 il dalbadal qış çox sərt oldu. Başa saldım ki, sən özün generalsan, bu əsgər piyada çıxacaq dağın başına, tərləyəcək, sonra da gecə orada qalacaq. Deyir “hə”. Deməli, əsgərləri don vuracaq və bu da orada öləcək. Heç güllə-filan da lazım deyil, biz bunları ölümə aparırıq, sən nə danışırsan? O da cavab verdi ki, Sürət müəllim, əgər siz Elçibəyin əmrini yerinə yetirməsəniz, onlar deyəcəklər ki, elə siz çevriliş etmək istəyirsiniz. Dedim, lənət şeytana, a qardaş, mən əlimi Qurana basmışam, o qədər camaatın içində bütün komandir batalyonlar əllərini Qurana basıblar ki, biz Qarabağdan erməniləri təmizləyəndən sonra siyasətə qarışacağıq. Bizim müraciətdə beləcə də yazılıb. Nə isə, dedi ki, Sürət müəllim, özünüz bilərsiniz, amma əmr belədir. Oturub fıkirləşdim ki, nə edim? Bəlkə, gedib istefa verib çıxıb gedim, qoy nə edirlər etsinlər? Yenə də Rahim dedi ki, yox, nə istefa? İstefa verdinsə, Qarabağ batacaq, bu qədər əziyyət çəkibsən, Qarabağın yarısı bizdə ola-ola, sən gərək bu fikrə düşməyəsən. Hətta bildirdi ki, sən istefa yazsan da, qəbul etməyəcəm. Dedim ki, a kişi, uşaqları ölümə aparırlar.

– Prezidentlə o vaxt niyə əlaqə saxlamırdınız?

– O zaman prezidentlə əlaqə saxlayırdım, yəni hərdən işdə olanda, vəziyyəti yaxşı olanda əlaqəmiz olurdu. Gəlin, düzünü danışaq, ən təmizinə, ən düzünə cəbhəçi mən olmuşam. Onlar özlərini heç cəbhəçi saymırdılar və ona görə uduzdular ki, əsil cəbhəçilərin mənə daha çox hörməti var idi. Əsil cəbhəçilər cəbhədə olublar, gedib döyüşüblər. Amma qondarma cəbhəçi olmaz, niyə KQB-nin arxivlərini açmağa qoymadılar?

– Niyə?

 – Özləri “protiv” getdilər ki, yox, KQB-nin arxivləri açılmasın. Niyə açdırmadılar? Açdıraydılar, özü də ən çox əleyhinə gedən müxalifətdən olan deputatlar idi. O vaxt “Demblok” deyirdilər, həmin blok imkan vermədi, arxivlər açılsaydı, kimin kim olduğu bilinərdi… Burada danışılası çox şeylər var, bunları qoyaq bir yana. Mən heç özüm də istəmirəm… Çox şeyi danışsaq, çox da söz-söhbət olacaq. Mənim də o qədər vaxtım yoxdur ki, durub kiminləsə çənə-boğaza girəm. Amma düzü-düzünə Qarabağı məndən yaxşı bilən ikinci bir adam yoxdur. Bunu qarabağlılar da yaxşı bilir. Nəinki hansısa bir kənddən, bütün Qarabağdan olan məlumatları mən bilirəm. Bilirəm ki, nə və niyə baş verir? Kimin günahı var, kimin yoxdur. Kimin doğrudan da orada əziyyəti olub, kimin olmayıb – hamısını bilirəm. Onu da bilirəm ki, kimlərə yalandan ad verilib, kimlərə isə doğrudan da verilməlidir. Bütün döyüşçülər də bunu təsdiq edə bilərlər.

– Sürət bəy, mətləb üstünə gələk… Az qala Xankəndinə qədər getmişdiniz. Belə söhbət də dolaşır ki, o zaman bir də baxmısınız ki, arxanız boşdur və ermənilər sizi mühasirəyə ala bilər. Və qayıdırsınız Tərtərə və oradan da gəlirsiniz Gəncəyə…

– Yox, elə şey olmayıb. İndi deyirəm… Nurəddin Sadıxovla görüşdən sonra biz o fikirdə dayandıq ki, hücum əməliyyatını keçirək. Müdafiə Nazirliyinə dedim ki, heç olmasa, uşaqlara tuluplar verilsin ki, yuxarıda postda dayananlar donub ölməsin. Tuluplar gəldi, mən də əməliyyatı şəxsən özüm hazırladım. İki istiqamətdə. Çünki 4.500 nəfər hazır qoşunum var idi və bunun da briqadaya dəxli yox idi. Hər briqadanın özünün 4.000-5.000 döyüşçüsü var idi. Amma sonralar Nəcməddin Sadıxov ekspert rəyi kimi kağız göndərmişdi ki, guya, bir briqadada cəmi 680 nəfər olub. 680 nəfər bir batalyonda olur. Sonra bir-bir komandir batalyonları çağırıb soruşdular. Məsələn, Daxili Qoşunlar komandiri 900 nəfər, o biri 650 nəfər, digəri 600 nəfər dedi. Hələ bir neçə batalyon komandiri gəlib çıxmamış, ümumi qüvvələrin sayı 4.500 nəfərə çıxdı. O ki qaldı mənim “rezerv” qüvvəmin yenidən dislokasiya yerinə qaytarılmasına, yeni əməliyyatı keçirmək üçün onları hazırlaşdırmaq lazım idi. Yəni bu, bilavasitə korpus komandiri kimi mənim hüququm idi.

Amma hələlik sözügedən hücum əməliyyatına gələk. Deməli, iki istiqamətdən hücuma keçdik. Birinci, Mehman Səlimov – o, mənim yeni hazırladığım briqada komandiri idi – 2.300 nəfərlə Ağdam-Fərrux istiq






Fikirlər