320 manatla işə başlayan biznesmen: “Kim deyir ki, Azərbaycanda...” - “VARLANMAGIN SİRRİ”
“Necə varlanmaq, davamlı biznes qurmaq olar?” sualı hər birimizin beynində dolaşır. Xüsusilə də, iş dünyasında Stiv Cobs, Amansio Orteqa, Mark Zukerberq, Karlos Slim, Con Rokfeller kimi kiçik bizneslərdən başlayıb milyardlara sahib bioqrafiyaların mövcud olduğu zamanda. Sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradan Azərbaycanda bu gün “hansı işi qurub, pul qazanmaq mümkündür”, “iş adamlarımız bizneslərinə nə dərəcədə məsuliyyətlə yanaşırlar” kimi suallara “Varlanmağın sirri”rubrikasında işıq salmağa çalışırıq. Beləliklə “Varlanmağın sirri” rubrikası çərçivəsində Publika.az-ın budəfəki qonağı “Beyli Group”un rəhbəri, Caspian Avropa Klubunun idarə heyətinin üzvü, hüquq komitəsinin rəhbəri, “LAYF” xeyriyyə ictimai birliyinin həmtəsisçisi və idarə heyətinin sədriMustafa Abbasbəylidir. - Mustafa bəy, son iki ildir dünyada böhran yaşanır. Əmtəə istehsal edən və ixrac edən şirkətlərdən tutmuş, mobil operatorlara qədər böyük holdinqlər, müəssisələr layihələrini ertələyib, xərclərini azaltmaq üçün bir sıra ixtisarlara gedib. Dünyanın bir parçası olan Azərbaycanın biznes sektoru bu böhrandan minimum itkilərlə çıxmaq üçün nələri etməlidir? - Şirkətin strategiyası normal qurulduqda, böhran dövründə daha az zərər görür. Hər bir halda böhran şirkətin gəlirlərini azaldır. Böhranda istehlakçıların da özünü necə aparması əsas şərtdir. Çünki təklif yerində qalır, tələb isə azalır. Belə şəraitdə şirkətlər də məcburiyyət qarşısında qalıb təklifi aşağı salırlar. Nəticədə gəlirlər aşağı düşür və sair. Ona görə hesab edirəm ki, hər bir şirkət üçün antiböhran strategiyası vacibdir. - Nələr olmalıdır bu strategiyada? - İşçilərə münasibət dəyişməlidir. Yəni əvvəllər daha çox maaş alan işçilərin böhran dövründə bonus sisteminə keçirilməsi təmin edilməlidir. Çünki böhranda işçilərin əhval-ruhiyyəsi aşağı düşür. Bu da məhsuldarlığı azaldır. Belə hallardan yayınmaq üçün maaş sistemində müəyyən dəyişikliklərin müsbət təsiri olur. Digər tərəfdən, böhranda işçilərin təhsilinə, kvalifikasiyasının artırılmasına, şirkətin xərclərinin optimallaşdırılmasına ehtiyac yaranır. Əsas məsələ bazarda qalmaq, iştirakçılığı saxlamaqdır. “Sony” şirkətinin yaradıcısı Akio Moritanın bir lətifəsi var. O deyir ki, dağda iki nəfər çadırda istirahət edir. Pələng səsi gəlir, biri tez ayaqqabılarını geyinməyə başlayır. O biri soruşur ki, sənin pələngdən tez qaçmaq niyyətin var? Cavab verir ki, mən pələngdən deyil, səndən tez qaçmaq istəyirəm. Yəni yanındakını qoyub qaçır ki, pələng gələndə onu yesin. Böhran dövründə şirkətlər də belədir. Əsas odur, axırıncı olmayasan. Axırıncı olsanız, bazarı tərk edəcəksiniz. Bazar payını qoruyub saxlamaq üçün orta mövqedə qərarlaşmaq lazımdır. - Təcrübə göstərir ki, böhran həm də bazara yeni şirkətlər bəxş edir. Böhran illərində iş qurub varlanan kifayət qədər iş adamı var. Yəni böhran həm də fürsətdir. Bu fürsəti necə dəyərləndirmək olar? - Düzdür, böhranın həm də çox müsbət tərəfləri var. Çin dilində böhran iki heroqlifdən ibarətdir. Biri təhlükə, digəri isə yeni imkanlar mənasını verir. Böhran şirkətlərin daha məsuliyyətli olmasına, işçilərinin yeni alətlərə, metodlara əl atmasına məcbur edir. Bu baxımdan şirkətlər yeni fürsətlər axtarmağa başlayırlar. 2008-ci il böhranında maliyyə sektoru ciddi əziyyət çəkdi. Azərbaycanda zəif hiss olunsa da, maliyyə sektoru böhrandan təsirləndi. Bu zaman sektorun iştirakçıları yeni metodlar axtarmağa başladılar. Böhrana qədər banklardan asılı olan sığorta şirkətləri böhrandan sonra yeni gəlir mənbələri tapdılar. Bu baxımdan böhranın özünün üstünlüyü var. Təcrübədə görürük ki, böyük şirkətlər, dövlətlər böhrandan sonra yeni inkişaf mərhələsinə qədəm qoyurlar. - Hazırda da böhrandan ən çox əziyyət çəkən bank sektorudur. Beynəlxalq reytinq agentlikləri belə ilin sonuna qədər bankların vəziyyətinin ağır olacağını irəli sürürlər. Sizcə banklar niyə böhrana bu qədər davamsız təpki verdilər? - Bu böhranın Azərbaycan iqtisadiyyatına təsir etmə istiqaməti var. Böhranın başlama yeri maliyyə sektoru deyil. Böhran idxaldan asılı olan şirkətlərdən başladı. Söhbət avtomobil, gündəlik tələbat malları satışı və bütün başqa idxalçı şirkətlərdən gedir. Hansı ki, onların gətirdikləri məhsulların qiyməti kəskin şəkildə qalxdı. Bu da satışın həcmini azaltdı. Nəticədə idxalçı şirkətlərin gəlirləri endi. Proses zəncirvari digər sektorlara, o cümlədən maliyyə sektoruna təsir etdi. Çünki maliyyə sektorunun gəlirlərinin böyük hissəsi həmin idxal məhsullarının satışına verilən kreditlər idi. Bundan əlavə, banklar xaricdən də böyük həcmdə valyuta krediti cəlb etmişdilər. Həmin vəsaitləri manat şəklində əhaliyə kredit vermişdilər. Bankın əhalidən yığacağı pul manat, ödəyəcəyi öhdəlik dollar şəklində olduğundan böhranın ciddi təsirləri oldu. - Mustafa bəy, Azərbaycanda avtomobil sektoru, xüsusilə idxal avtomobillərinin satışı aşağı düşüb. Vəziyyət nə qədər belə davam edəcək? - Böhrandan ən çox əziyyət çəkən sektor avtomobil sektorudur. Bu sektor çox ciddi problemlər yaşayır. Düzdür, vəziyyət bir qədər stabilləşib. Yəni avtomobil satışı ilə məşğul olan şirkətlər şəraitə uyğunlaşıblar. Amma şirkətlərin gəlirləri kəskin azalıb, işçilər ixtisar edilib. Hətta bəzi şirkətlər faəliyyətlərini dayandırıblar. Avtomobil sektorunun hansı istiqamətə yön alacağı, bir çoxlarının fəaliyyətini davam edib-etdirməyəcəyi sual altındadır. - Avtomobil şirkətləri qaz vurub qazan dolduranda da avtomobilləri baha satırdılar, hazırkı gəlirlərinin azaldığı şəraitdə də. Niyə qiymətlərdə güzəştə getmirlər? - Mən elə deməzdim. Azərbaycanda avtomobil istehsalı yoxdur. İstehlak edilən avtomobillərin 99 faizi xaricdən idxal olunur və manat ekvivalentində müştəriyə təqdim edilir. Şirkətlər avtomobilləri dollarla deyil manatla satdıqlarından, manat ekvivalenti olaraq dəyərini qaldırmaq məcburiyyətində qalıblar. Bu birinci satış bazarına aiddir. İkinci əl bazarında vəziyyət fərqlidir. Avtomobillər əvvəlkindən qat-qat ucuzdur. Hətta maya dəyərindən də ucuzdur. Bu gün belə bir tendensiyada da yaranıb ki, Avropadan Azərbaycana avtomobil gətirmək deyil, Azərbaycandan Avropaya maşın aparıb satmaq daha sərfəlidir. Bununla məşğul olanlar az deyil. - İndiki şəraitdə biznes qurub pul qazanmaq olarmı? - Böhranın belə bir xüsusiyyəti var. Hansı biznes sahəsi müəyyən edəcək ki, bu böhranın ən aşağı nöqtəsidir və bundan sonra yüksəliş başlayacaq, həmin aşağı nöqtədə biznesə daxil olan udacaq. Hazırkı vəziyyət böhranın aşağı nöqtəsidirmi? Və ya bundan aşağı nöqtəsi olacaqmı? Bunu bilmək çətindir. Bilinsə ki, böhranın ən aşağı nöqtəsidir və bu nöqtədən sonra yüksəliş başlayır, təməli qoyulan istənilən biznes uğur qazanacaq. Çünki ən aşağı böhran səviyyəsində biznesin başlanğıcı üçün çəkilən xərclər az olur. - Yaxşı, dünyadakı böhran neçə il davam edəcək? - Düşünürəm ki, aşağı nöqtəni arxada qoymuşuq. Az da olsa yuxarı doğru gedirik. - Mustafa bəy bu gün banklar sahibkarlara kreditləri dayandırıblar. Sizcə sahibkar etibar edib pulunu banka yatırmalıdırmı? - Ümumiyyətlə pul bir yerdə dayanmamalıdır. Daim dövr etməlidir. Hazırda Azərbaycan manatı ilə yatırılan əmanətlər dövlət tərəfindən tam sığortalanır. Eləcə də xarici valyuta ilə 3 faizlə yerləşdirilən əmanətlər də tam şəkildə sığortalanır. Buna əmin olaraq pullar banklara əmanət edilməlidir. Bu bizim maliyyə sektoru üçün vacibdir. Bu gün böhranın əsas səbəblərindən biri insanların əhval ruhiyyəsidir. - Öz işinə sahib olmaq asandır, yoxsa çətin? - İşləyən şəxslə iş sahibi olan şəxs arasında böyük fərq var. Heç də həmişə işçi kimi uğurlu olan insan öz biznesini quranda uğurlu ola bilmir. Çünki şəxsi intizam bir çox hallarda insani yanıldır. İşçi olduğunuz zaman tələb olduğundan daha məsuliyyətli olursunuz. Öz işinizin sahibi olduqda belə bir tələb olmur. İntizam olmayanda uğur qazanmaq mümkün olmur. Azərbaycanda başqa ölkələrlə müqayisədə iş adamı olmaq daha rahatdır. Ölkənin inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, orada hər hansı bir sahədə uğur qazanmaq bir o qədər çətinləşir. Çünki bütün sahələr tutulub. Təsəvvür edin, Avropada elə sahə yoxdur ki, orada rəqib olmasın. Azərbaycanda müəyyən sahələr var ki, hələ də boşdur, dolu olan sahələrdə isə rəqiblər o qədər də güclü deyil. Təbii ki, müəyyən çətinliklər var. Mühit inkişaf etmiş ölkələrdəki kimi deyil. Amma bu çətinliklərə, tələblərə uyğunlaşan iş adamı uğur qazana bilər. - Necə düşünürsünüz, bizim iş adamlarında niyə birdən-birə çox qazanmaq həvəsi var? - Heç bir dövlət, şirkət kəskin inkişafın tərəfdarı deyil. Artan istiqamətdə kəskin inkişaf gələcəkdə problemlərə yol açır. Tədrici inkişaf lazımdır. Birincisi, bu inkişaf dövründə bu tendensiyanı qorumaq asandır. İkincisi, arxasını doldurmaq asandır. Kəskin inkişafda arxanı gətirmək, yəni inkişaf tempini yüksək tutmaq çətindir. - Kobud da olsa Azərbaycanda dövrü olaraq hansısa biznes sahəsi dəbdə olur. Zaman var idi ki, sahibkarlıqla məşğul olmaq istəyənlər bina tikməkdən başlayırdı. Sonra maraq dairəsi marketlərə, şadlıq evlərinin tikintisinə yönəldi. Bu gün hansı biznes növü dəbdədir? - Əvvəllər böyük şirkətlər neft, əlvan metallurgiya istehsalçıları hesab edilirdi. Bu gün belə deyil. İnformasiya texnologiyaları o qədər inkişaf edib ki, bazar dəyərləri qeyd etdiyim böyük şirkətləri üstələyir. BP şirkətinin 100 illik tarixi var, amma onu cəmi 7 illik tarixi olan “Uber ” şirkətinin dəyəri ilə müqayisə edirlər. “Uber” şirkətinin 1 avtomobili belə yoxdur. Amma dəyəri 60 milyarddır. Yəni dünya dəyişib. Azərbaycanda informasiya texnologiyaları sahəsində böyük boşluq var. Halbuki keçmiş sovet məkanından olan Ukrayna, Belorus, Estoniya bu sahədə ciddi uğurlar qazanmaqdadır. - Amma pərakəndə satışla məşğul olan şirkətlərin sahibləri dünyanın ən varlı insanlarının siyahısında hələ də ilk onluqdadırlar. Bəlkə bu stimul verir bizim sahibkarlara? - “Forbes”in 10 il əvvəlki siyahısı ilə son siyahısını müqayisə edin. Düzdür, pərakəndə satış şirkətlərinin sahibləri ilk sıralardadırlar. Lakin siyahıda bir əmlakı belə olmayan “Alibaba” şirkəti də var. Eləcə də “Apple”ni, “Facebook”u, “Google”u misal çəkmək olar. Hesab edirəm ki, yaxın 10 ildə digər sahələr çox geridə qalacaq. Pərakəndə satış şirkətləri onluqdan çıxacaqlar. - Dediniz informasiya texnologiyaları sahəsi boşdur. Məsələn, bu sahədə hər hansı bir ideyası olan gəncə bizim sahibkarların investisiya yatıracağı inandırıcı görünmür... - Belorusda 3 gəncin cəmi 3 ay ərzində ərsəyə gətirdiyi proqram 100 milyon dollar ödənişlə “Facebook” tərəfindən alındı. Onlara nə dövlətin, nə də kiminsə dəstəyi olmamışdı. Bu gün Belorus Avropa məkanında informasiya texnologiyaları ixrac edən ən qabaqcıl ölkələrdən biridir. Belorusda da bizim kimi inkişaf mərhələsində olan ölkədir. Geridə qalmağımızın səbəblərindən biri internet məkanının böyük olmaması, baha olmasıdır. Biznes sektoru üçün internet yol, elektrik enerjisi, qaz kimi vacib bir şeydir. - Bizdə Belorusdakı kimi beyinlər varmı? - Çox olmasa da kifayət qədər yaxşı mütəxəssislərimiz var. Xaricdə təcrübə görən gənclər də var. - Bizim şirkətlər gənclərə yol açmazdan öncə onun dil bilikləri ilə maraqlanırlar... - Şirkət Azərbaycan dilindən başqa dil qabiliyyəti tələb edirsə, o demək deyil ki, millətçiliklə bağlı problemi var. Sadəcə şirkət daha çox qabağı görür və inkişaf etmək istəyir. Çünki xarici dil bilməyən şəxsin məlumat mənbələri məhduddur. - Özünüz neçə dil bilirsiniz? - 4 dili mükəmməl bildiyimi hesab edirəm. Bunlar Azərbaycan, rus, ingilis və türk dilləridir. Fransız və fars dilində də müəyyən qədər bilgiyə sahibəm. - Deyəsən dünyanın 7 işlək dilində danışmaq kimi hədəfiniz var? - Fars dilini öyrənmək mənim seçimim olmayıb. Məktəbdə tədris almışam. Ancaq yeni dillər öyrənmək vacibdir. - Dediniz ki, 15 ildir biznes sektorundasınız. İlk məvacibiniz nə qədər olub? - 320 manat. Sığorta şirkətində işləyirdim. - Necə oldu bu günə gəlib çıxdınız? - İşə düzələndə 22 yaşında adi sığorta agenti idim. Cəmi bir ay sonra hüquq şöbəsinə keçdim. İki ay sonra həmin şöbənin rəhbər vəzifəsini əvəz etməyə başladım. Bir ildən sonra şöbənin rəhbəri təyin edildim. Daha sonra idarə heyətinə daxil oldum. Bununla paralel Sığortaçılar Assosiasiyasını qurduq, orda komitə sədri oldum. Paralel olaraq vəkillər kollegiyasına üzv seçildim. Paralel olaraq bir neçə şirkətlərin müşahidə şuralarında yer aldım. Bu istiqamət yolu ancaq və ancaq əməkdən və zəhmətdən asılıdır. Nə qədər qarşınıza məqsəd qoyub onun uğurunda irəliləyəcəksinizsə, o qədər də uğura tez çatmış olacaqsınız. Hesab edirəm ki, bir işçinin yaxşı işçi olması üçün 3 keyfiyyətə sahib olması vacibdir. Birincisi bacarıq, ikincisi intuziazm, üçüncüsü isə loyallıqdır. Bu xüsusiyyətləri özündə birləşdirən şəxsin inkişafına heç kəs mane ola bilməz. - Deyirsiniz ki, bəxt boş şeydir? - Qarşına məqsəd qoyub o məqsəd uğrunda irəliləməlisən. Şəxsin uğurunun 99 faizi zəhmətdən və cəmi 1 faizi bəxtdən asılıdır. Əsas məsələ odur ki, o 1 faizi bəxtsizin sırasında olmayasan. Hesab edirəm ki, şəxs öz üzərində ciddi çalışmalıdır. İqtisad universitetində tədrislə məşğulam. Ən çox ünvanlanan sual “Azərbaycanda iş qurmağın çətin olması, qohumluq əlaqələrinin vacibliyi” ilə bağlıdır. Bunların hamısı bəhanədir. Səbəb əvəzinə bəhanə axtarsaq, inkişaf edə bilməyəcəyik. Bu gün uğur qazanan insanların bioqrafiyasına baxsaq, hamısı sıfırdan başlayıblar. Komfort həyatları olmayıb, məcburiyyət qarşısında uğur qazanıblar. İşdən qovulan şəxsin biznes qurub milyonçu olmaqdan başqa yolu qalmır. Bəzi hallarda uğur qazanmaq üçün hansısa faciəni yaşamaq lazımdır. - Nə qədər işçiniz var? - 40-a yaxın. - İşə qəbul zamanı onları özünüz intervü edirsiniz? - Mütləq... - Gündəlik neçə saat işləyirsiniz? - Doğrusu, digər şirkətlərdə rəhbər olanda bu qədər işləmirdim. Amma hal-hazırda öz şirkətimdə səhər 08:30-dan axşam 20:30-a qədər iş başında oluram. - İşçilər sizdən əvvəl gedir, yoxsa sonra? - Məndən gec gəlib, mənimlə bərabər çıxırlar. Ofis daxili nizam-intizam fərqlidir. Sizə bir misal deyim. “Uber” şirkətinin CEO-sunun yanına jurnalistlər gəlir. Baxırlar ki, şirkətin rəhbəri əynində cins şalvar, üzü tüklü vəziyyətdədir. Səbəbini soruşurlar. Cavab verir ki, tam rəsmi olanda nizam-intizam olur, amma kreativlik aşağı düşür. Tam boş buraxanda nizam-intizam düşür, kreativlik qalxır. Ona görə orta nöqtəni tapmaq lazımdır. Əvvəllər işçilərə deyirdim 09:00-da işə gəlib 18:00-da çıxmaq lazımdır. Bir müddət belə də işlədik. Sonra xaricdə təcrübə görmüş əməkdaşlarımızdan biri yaxınlaşıb mənə bildirdi ki, İT ailəmində bu, bir qədər doğru metod deyil, onlara sərbəstlik lazımdır. Razılaşdım. Ondan sonra həmin şəxs 11:00-da gəlib, axşam 22:00-da getməyə başladı. Əvvəllər 8 saat işləyirdisə, indi 10 saat işləyir. Amma bu sahədən sahəyə asılıdır. Məsələn, fabrikdə belə metodu tətbiq etmək olmaz, batar... - Bir neçə şirkətin idarə heyətinin üzvüsünüz, tədrislə məşğulsunuz, bir sözlə çoxşaxəli fəaliyyətiniz var. Bütün bunlara necə zaman ayırırsınız? İşlərinizi həll etmək üçün 24 saat sizə kifayət edir? - Gün çatmır, amma maraqlı keçir. İnformasiya texnologiyalar alətləri o qədər inkişaf edib ki, bu məsələlər bir qədər asanlaşıb. Heç bir görüşüm, telefon zəngim telefonun gündəliyində qeyd edilməyə bilməz. İşləmək o demək deyil ki, kabinetdə oturasınız. Bu gün iş günüdürsə, azı 10 saat işləyəcəm, yox istirahət günüdürsə işləməyəcəyəm. - Belə çıxır bazar günü sizi heç bir qüvvə işə gətirə bilməz? - Bəli. Düzdür, müəyyən istisnalar olur. Amma iş günü istirahət etmədiyim kimi, istirahət günü də işləmirəm. - Hobbiniz nədir? - Alpinizm. Azərbaycandakı yüksəkliklərdə, eləcə də Savalan, Elbrus, Kazbek zirvələrində olmuşam. - Yüksəkliyi sevməyiniz nə ilə bağlıdır? - Bu yüksəkliyi sevməyimlə bağlı deyil. Çətinliyi sevirəm. Alpinizmlə məşğul olmaq çox çətin hobbi növüdür. Bu vaxt ərzində insan özü-özünü yetişdirir, iradəsini tərbiyə edir. Yaponların bir sözü var, sizin çətinliyiniz yoxdursa, özünüzə çətinlik yaradın. Çətinlik olmayanda inkişaf olmur. - Bu cür dinamik həyatdan nə zaman yorulub pensiyaya çıxacaqsınız? - Nə zaman o səviyyəyə gəlib çatdığımı hiss etsəm. Mənim uğurum yaxınlarımı, ailəmi, ümumiyyətlə bundan sonrakı həyatımızı təmin edəcək səviyyə çatanda bu barədə düşünə bilərəm. Hələ o mərhələdə deyiləm. - Heç motivasiyadan düşdüyünüz olmur? - Uinston Çörçilli çox təqib edirəm. Deyir ki, inkişaf uğursuzluqdan uğura doğru motivasiyanı itirmədən irəliləmək deməkdir. Problemlə qarşılaşmayan insan yoxdur. Hətta uğurlu insanların qarşısına problemlər digərlərindən daha tez-tez çıxır. Əsas ruhdan düşməyib, davam etməkdir. Bunu bacara bilən insan uğur qazanacaq.