Tənzilə Rüstəmxanlı Gülən ilə bağlı MTN-ə 2007-ci ildə yazdığı məktubu açıqladı – ŞOK FAKTLAR

Fətullahçılar siyasi hakimiyyəti ələ keçirməkdə terrordan vasitə kimi istifadə edirlər”

“Fətullahçıların media siyasətinin əsas istiqamətlərindən biri ən müxtəlif kütləvi informasiya vasitələrində təriqət üzvü olan jurnalistlərin yerləşdirilməsidir ki, təriqət hazırda Azərbaycanın demək olar ki, bütün telekanal və aparıcı qəzetlərində bu missiyanı həyata keçirməyə müvəffəq olublar”

Bu gün Fətullah Gülən təhlükəsi aktualdır. Türkiyədə çevrilişə cəhd edərək, qanuni hakimiyyəti yıxmaq istəyən Paralel Dövlət Terror Təşkilatının varlığı hamını narahat etməkdədir. Əksər dairələrdə Gülən təhlükəsi müzakirə edilməkdə və necə bir şəbəkə ilə üz-üzə qalmanın narahatlığı ifadə edilməkdədir. Təəssüf ki, Azərbaycanda illər öncə, həm də heç kimin bu təhlükədən nəinki xəbərinin olduğu, tam əksinə “Hizmət Hərəkatı” adı verərək, təbliğ etdiyi dönəmdə bu şəbəkənin planlarını öncədən görən və buna qarşı mübarizə aparanlar az sayda da olsa insanlar var idi. Məhz bu səbəbdən də, həmin şəxslər Gülən şəbəkəsi tərəfindən min bir iftiraya məruz qalmaqda idilər. Ergenekon və digər iftira kampaniyalarına həmin şəxslərin adları daxil edilir və onların mübarizəsinə kölgə salmaq istəyirdilər.

Azərbaycanda Gülənə qarşı az saylı mübarizlərdən biri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı həm konfranslar təşkil edir, həm də dövlət qurumlarına bu təhlükə ilə bağlı xəbərdarlıq edirdi.

Həmin müraciətlərdən biri Azərbaycan Respublikasının o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudova yazılmışdı. 2007-ci ildə qələmə alınan məktubda Fətullah Gülən təhlükəsi konkret faktlarla sadalanıb və dövləti hansı təhlükələrin gözlədiyi xüsusilə Özbəkistan nümunəsi ilə izah edilib.

Yenicag.az-a açıqlamasında Tənzilə Rüstəmxanlı deyir ki, “mənə qarşı hücumlar bu ərizədən sonra başladı. Türkiyədə dövlətin içərisinə sızmış fətullahçılar adımı “Ergenekon”a bağlamağa çalışdılar. Haqqımda deyilməyən iftira qalmadı. Çox təəssüf ki, MTN də mənim rəsmi qeydiyyatdan keçmiş ərizəmlə bağlı heç bir tədbir görmədi. Tam əksinə, onlar daha da gücləndilər. Əvəzində isə milli qüvvələrin sıxışdırılması prossesi getdi”.

Müraciət belə başlayır: “Məqsədim ölkədə fəaliyyət göstərən fətullahçılıq fəaliyyətinin təhlükəli həddə çatması ilə bağlı fikirlərimi bölüşməkdir. Bir çox dini təriqətlərdən fərqli onların əsas hədəfinin siyasi hakimiyyəti ələ keçirmək olması onların Azərbaycan üçün törətdiyi təhlükənin miqyasını bir neçə dəfə artırır. Diqqətinizi bu problemə cəlb etməkdə əsas məqsədim hazırda Azərbaycanda fətullahçıların siyasi hakimiyyəti ələ keçirməyə üçün digər təriqətlərdən fərqli daha hazırlıqlı olmalarıdır.

Azer-Turk Qadinlar Birliyinin tedbiri 0014

 

2007-ci ildə Gülən əleyhinə keçirilən konfrans

Uzun müddətli strategiyaların nəticəsi olaraq bu gün ölkədə ciddi təhlükə mənbəyi kəsb edən təriqət şəbəkəsi formalaşıb və bu şəbəkə özünə cəmiyyətin və dövlətin bütün sosial-siyasi institutlarında (qanunvericilik orqanları, hakimiyyət strukturları, parlament, siyasi partiyalar, biznes qurumları, təhsil sektoru, kütləvi informasiya vasitələri, ordu və s.) möhkəmlənməyə, strukturlaşmağa imkan tapıb. Fətullahçıların əsas hədəfi ilk növbədə Türkiyədə daha sonra isə digər islam dövlətlərində (o cümlədən Azərbaycanda) dini əsaslara söykənən islam dövlətinin qurulması, şəriət qanunlarının cəmiyyət üçün dəyişməz qanuna çevrilməsinə nail olmaq, islam dinini dövlətin əsasına çevirməkdir. Bütün bu məqsədlərə çatmaq üçün yol siyasi hakimiyyətin ələ keçirilməsindən gedir və fətullahçılar hakimiyyət uğrunda mübarizə apardıqlarını açıq şəkildə bəyan edirlər. Azərbaycanda fətullahçıların fəaliyyətinin ümumi analizi göstərir ki, bu sekta ilk növbədə iqtisadi və siyasi gücə çevrilməyə cəhd göstərir və əsas məqsədin – siyasi hakimiyyəti ələ keçirməyin iqtisadi və siyasi əsasını  formalaşdırmağa çalışırlar. Bu fəaliyyətin əsasını təbliğat təşkil edir və təbliğat prinsipləri hədəfə götürülən sosial qrupdan (şagirdlər, tələbələr, biznes strukturları, hüquq-mühafizə orqanları, icra strukturları, media, millət vəkilləri, siyasi partiyalar, təhlükəsizlik orqanları, məhkəmə, ordu və s.) asılı olaraq dəyişir. Təbliğatda əsas hədəf qeyd olunan sosial qruplar daxilində öz ətraflarına daha çox tərəfdar cəlb etmək, fəaliyyət göstərilən ölkənin (konkret halda Azərbaycanın) bütün sosial, siyasi, iqtisadi strukturlarında şəbəkə yaratmaqdır.

Türkiyədə (ordu istisna olmaqla) cəmiyyətin bütün institutlarında şəbəkə qurmağa nail olan fətullahçılar “Siyasi hakimiyyəti ələ keçirmə strategiyası”nın başqa ölkələrdə də uğurlu nəticələr verəcəyinə inanırlar və bu istiqamətdə fəaliyyəti davam etdirirlər. Təəssüflər olsun ki, bu strategiyanın “uğurla” həyata keçirildiyi ölkələrdən biri məhz Azərbaycandır. Ölkə növbəti prezident seçkilərinə hazırlaşır və seçkilər ərəfəsində Azərbaycanda fətullahçılar kimi təhlükəli bir təriqətin ölkənin bütün strukturlarında şəbəkələşmə prosesini başa çatdırması dövlətin konstitusion əsaslarının mühafizəsinə məsul olan bir orqanın rəhbəri kimi Sizin də diqqətinizdən kənarda qalmamalıdır. Təhlükəli məqam təkcə dini əsaslarda dövlət qurmağa yönəlik strateji hədəfləri olan təriqətin siyasi hakimiyyətə gəlmək şanslarının artması deyil, burada narahatlıq doğuran məqamlardan biri (və bəlkə də birincisi) fətullahçılara xas olan cəhətlərdən biri onların öz məqsədlərinə çatmaq üçün (siyasi hakimiyyəti ələ keçirmək bu məqsədlərdən yalnız biridir) terrordan vasitə kimi istifadə etməsidir”.

Fətullahçıların siyasi hakimiyyəti ələ keçirmək üçün terror əl atmaqdan çəkinmədiklərini bildirən Tənzilə Rüstəmxanlı Özbəkistan nümunəsini misal göstərir: “Fətullahçıların siyasi hakimiyyəti ələ keçirməkdə terrordan vasitə kimi istifadəsinə dair çoxsaylı faktlar var. Özbəkistanda prezident İslam Kərimova qarşı həyata keçirilən sui-qəsd cəhdlərinin araşdırılması zamanı bu hadisənin arxasında ölkədə şəbəkələşməyə müvəffəq olmuş nurçu təriqətinin durduğu müəyyənləşib və nəticədə rəsmi Daşkənd bu təriqətin üzvlərini – Türkiyədən ezam olunmuş çoxsaylı missionerləri ölkədən çıxarıb. Məhz bu qərar sayəsində fətullahçıların hazırda möhkəmlənməyə müvəffəq ola bilmədiyi azsaylı ölkələrdən biri məhz Özbəkistandır. Lakin fətullahçıların İslam Kərimova qarşı hazırladığı terror aktı son nəticədə Türkiyə-Özbəkistan münasibətlərinin soyumasına səbəb olub, o səbəbdən ki, Daşkənd sui-qəsd planlarının Türkiyədən yönləndirildiyini iddia edərək bu ölkə ilə münasibətləri dondurub. Fətullahçıların Özbəkistanda götürdüyü revanşın – Əndican hadisələrinin sonadək araşdırılması bu təhlükə ilə üzləşmək ehtimalı olan bütün ölkələrin xüsusi xidmət orqanları üçün son dərəcə vacibdir.

Əndican hadisələri ölkənin konstitusion quruluşunu dəyişərək dini dövlət qurmağa çalışan qüvvələrin kütləvi zor tətbiqinə dair bəlkə də ilk misaldır. Əndicanda siyasi hakimiyyətin zor gücü ilə ələ keçirilməsində ittiham olunaraq həbs edilən şəxslərin böyük əksəriyyətinin bu və ya digər formada fətullahçılarla əlaqəli olması, yaxud bu təriqət tərəfindən yönləndirilməsi təsdiqini tapmış faktdır. Həm də bu, fətullahçıların terror fəaliyyətinin nəticələrinə dair ilk və son fakt deyil. Bu siyahıya Türkiyədə çoxlu solçu jurnalistlərin qətlə yetirilməsini (sabiq mədəniyyət naziri Ahmet Taner Kışlalı, Bəhriyyə Üçok və b.), İstanbulun mərkəzində HSBC bankı qarşısında partlayışları, Atatürk Universitetinin professoru Nəcim Hablemitoğlunun qətlə yetirilməsini və s. daxil etmək olar. Araşdırmalar zamanı bu terror aktlarının ya fətullahçı təriqət tərəfindən yönləndirildiyi, yaxud da fətullahçılar tərəfindən gerçəkləşdiyi sübuta yetirilib”.

Gülənin Azərbaycandakı “ev”ləri məsələsi də ATQB sədri tərəfindən gündəmə gətirilib: “Azərbaycanda çoxsaylı “işıq evləri” (fətullahçıların sıx toplaşdığı, ibadət etdiyi, əsas təbliğat mərkəzi rolunu oynayan gizli evlər belə adlanır) qurmağa müvəffəq olan fətullahçıların fəaliyyətinin ciddi nəzarət altında saxlanmasını zəruri edən amillərdən biri məhz budur. Türk araşdırmaçılar, o cümlədən ordu təmsilçiləri “İşıq evləri”, yaxud “nur kazarmaları”nı terror təhlükəsinin qaynaqlandığı məkanlar hesab edir, bu yanaşmanı diqqət mərkəzində saxlamağınızı rica edirəm. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, Fətullah Gülən tərəfdarları Türkiyədə qurduqları şəbəkənin analoji formasını Azərbaycanda da yaratmağa müvəffəq olublar. Ən müxtəlif məlumatlara görə, bu gün Bakıda və bölgələrdə Fətullah Gülənin ideoloji baxışının (dini dövlət qurmaq) təbliğ olunduğu 200-ə qədər “işıq evi” fəaliyyət göstərir. Fətullahçıların Azərbaycana göndərdiyi missionerlərin kirayə tutduğu evlərdə bu təriqətə məxsus liseylər (türk özəl liseyləri), hazırlıq kursları (“Araz”) və Qafqaz Universitetində təhsil alan azərbaycanlı gənclər “Risalələr” oxumaq və xilafət qurmağın əsaslarını öyrənməklə məşğuldurlar. Türkiyə ali məhkəmə strukturlarının xüsusi qərarı ilə fətullahçılıq ideologiyasını təbliğ edən vasitələrin – qəzet, jurnal, kitab, videokaset, CD və s. yayımı qadağan olunsa da, Azərbaycanda fətullahçılara məxsus kitab mağazalarında (“Nil”) bu kitablar açıq şəkildə satılır, “işıq evləri”ndə isə bu təbliğat vasitələri azərbaycanlı gənclərə pulsuz paylanılır. Bu “işıq evləri”nin aşkarlanması və nəzarətə götürülməsi dövlətin təhlükəsizliyi və konstitusion quruluşun mühafizəsi baxımından çox önəmlidir”.

2007-ci ildə Gülən əleyhinə keçirilən konfrans

Tənzilə Rüstəmxanlı sanki bu gün Türkiyədə yaşananları görürmüş kimi 10 il öncə dövləti fətullahçıların hansı hədəflərinin olduğunu bir-bir açıqlayır: “Fətullahçıların fəaliyyətinin nə qədər təhlükə kəsb etdiyini sübut etmək üçün bu təriqətin şəbəkə qurmağa çalışdığı qurumların siyahısına diqqət yetirmək kifayət edər. Fətullah Gülən tərəfdarlarının şəbəkə qurmağa çalışdığı üç əsas hədəf – Silahlı Qüvvələr, hüquq-mühafizə orqanları və təhsil sektorudur. Hökumət strukturlarında yüksək vəzifə tutan bürokratlarla sıx əlaqə qurmaq, daxili işlər orqanlarına soxulmaq Fətullah Gülən tərəfindən fətullahçılar qarşısına qoyulan əsas vəzifədir. Təəssüflər olsun ki, bu gün fətullahçılar Azərbaycanın təhsil sektorunda son dərəcə möhkəmlənməyə müvəffəq olublar. Hazırda Bakı, Ağdaş, Mingəçevir, Quba, Lənkəran, Şəki, Sumqayıt, Naxçıvan, Şərur və Ordubadda sırf fətullahçıların nəzarətində olan türk liseyləri, Bakıda ali məktəb (Qafqaz Universiteti), “Çağ” və “Fəza” hazırlıq kursları fəaliyyət göstərir ki, Azərbaycanda fəaliyyət göstərən “işıq evləri”nin əksəriyyəti də adı çəkilən təhsil müəssisələrinə bağlıdır”.

Güləni azərbaycanlı məmurların himayə etməsi də T.Rüstəmxanlının diqqətindən yayınmayıb: “Sözsüz ki, təhsil sektorunda bu cür şəbəkə yaratmaq, “yüksək təhsil” adı altında təriqət üzvlərinin sayını artırmaq, dövlətin müxtəlif sektorlarında şəbəkə yaratmaq məqsədilə mürid yetişdirmək, bu təhsil müəssisələrini bitirən fətullahçıların dövlət strukturlarında təmsilçiliyinə nail olmaq YÜKSƏK VƏZİFƏLİ MƏMURLARIN HİMAYƏSİ OLMADAN MÜMKÜN DEYİL. Fətullahçı təriqətin Azərbaycandakı rəhbərləri “işıq evləri”ndə aparılan təbliğat zamanı bu himayədarların adlarını açıq şəkildə söyləməkdən belə çəkinmirlər. Ən təhlükəli məqam isə son illər ərzində fətullahçılara məxsus liseyləri bitirən (və tam hazırlanmış) gənc təriqət üzvlərinin əvvəlki illərdə olduğu kimi xarici ölkələrdə təhsil almağa deyil, ölkənin hüquq-mühafizə orqanları üçün kadr hazırlayan qurumlara yönləndirilməsidir. Hazırda fətullahçıların əsas hədəfləri Polis Akademiyasına daha çox təriqət üzvü göndərmək, onları bu təhsil ocağını bitirdikdən sonra polis orqanlarına yerləşdirməkdən ibarətdir. Bu, bəlkə də təriqətin dövləti hissə-hissə ələ keçirmək üçün planlaşdırılmış ən uğurlu strategiya hesab oluna bilər. Amma fətullahçılar üçün uğurlu olan bu strategiyanın qarşısı alınmayacağı təqdirdə dövlət üçün hansı təhlükə mənbəyinə çevriləcəyini düşünmək belə tükürpərdicidir.  Fətullahçıların fəaliyyətini nə dərəcədə təhlükə kəsb etdiyini anlamaq üçün onların DÖVLƏTİ ƏLƏ KEÇİRMƏK ÜÇÜN LAZIM OLAN İQTİSADİ KAPİTAL (təqribən 75 milyard dollar!!!), SOSİAL BAZA (700 minə yaxın aktiv təriqətçi, 15 milyona yaxın tərəfdaş) VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ (50-dən artıq) MALİK OLDUĞUNU SÖYLƏMƏK KİFAYƏTDİR. Medianın ictimai rəy formalaşdırmaq prosesində əhəmiyyətli rol oynadığını nəzərə alan fətullahçılar kütləvi informasiya vasitələrində işləmək üçün kadrlar yetişdirməyə əhəmiyyət verir və bu sahəyə uzunmüddətli kapital qoymaqdan çəkinmirlər. Fətullahçıların media sahəsində nə güclü kadrları “Zaman” qəzeti, “Samanyolu” telekanalı, “Sızıntı”, “Yeni Ümid” kimi 14 jurnal və 25 radio kanalında işlə təmin olunur. Bu media qurumlarının Azərbaycanda fəaliyyətini şərh etmək artıqdır. Fətullahçıların media siyasətinin əsas istiqamətlərindən biri ən müxtəlif kütləvi informasiya vasitələrində təriqət üzvü olan jurnalistlərin yerləşdirilməsidir ki, təriqət hazırda Azərbaycanın demək olar ki, bütün telekanal və aparıcı qəzetlərində bu missiyanı həyata keçirməyə müvəffəq olublar.

“Samanyolu” telekanalı fətullahçılar üçün əsas kütləvi  təbliğat vasitəsi sayılır və gələcəkdə həyata keçiriləcək aksiyalarda (siyasi hakimiyyətin ələ keçirilməsi, dini dövlət qurmaq) özünə tərəfdar kütləsi yaratmaq üçün əsas media qurumu funksiyasını yerinə yetirir.  Bu telekanalın fəaliyyətinin, kütləvi təsir imkanlarının, psixoloji təsir üsullarının öyrənilməsi və tədqiq edilməsi son dərəcə vacibdir. İnsanlara mütilik, dini hisslərdən asılılıq kimi hisslər aşılayan bu telekanalın fəaliyyətinin dayandırılması ölkənin konstitusion dövlət quruluşunun mühafizəsi baxımından ciddi addım ola bilər. Analoji fikirləri taktiki planda “işıq evləri”nə cəlb olunan gənclərin şüurunun dəyişdirilməsi, strateji planda isə təriqət sıralarına cəlb etmə işinin effektinin artırılması üçün istifadə olunan “Burc FM” radiosunun və “Zaman” qəzetinin fəaliyyəti haqqında söyləmək olar. Fətullahçıların nəzarətində olan kütləvi informasiya vasitələrinin fəaliyyətinin əsas prinsiplərini kütləvi psixoloji təsir imkanlarının tətbiqi təşkil edir. Bu fəaliyyətdə əsas hədəf kütləyə “ölüm sevgisi”ni aşılamaqdır (Bu vasitənin terrorçuluq fəaliyyəti üçün geniş istifadə olunduğunu söyləmək artıqdır). Uzun müddət Azərbaycanda qadınların problemlərinin araşdırılması ilə məşğul olan bir şəxs kimi hesab edirəm ki, ölkədə intihar hallarının (xüsusilə qadınlar arasında) artmasında “STV” kanalı ilə “ölüm sevgisi”, “axirətə gedən uzun yolun qısaldılması” kimi psixoloji təsir vasitələrinin tətbiqinin əsas rollardan birini oynadığını düşünürəm.  Hər halda psixoloqların “ölüm həddinə çatdırma” kimi psixoloji üsulların adı çəkilən telekanal vasitəsilə tətbiqini araşdırması vacibdir”.

Fətullahçıların ermənilərlə sıx münasibətdə olmasına da toxunan ATQB sədri yazır: ““STV” telekanalının fəaliyyəti ilə bağlı daha bir məqama diqqət çəkmək istəyirəm. Bu kanalın informasiya siyasəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması (deməli Azərbaycanın maraqlarına zidd) üzərində qurulub ki, burada da uzun illər kanalın informasiya siyasətinin milliyyətcə erməni olan Etyen Mahçupyan (Türkiyə vətəndaşıdır) tərəfindən müəyyənləşdirilməsidir. “STV” telekanalında fəaliyyəti ilə yanaşı “Zaman” qəzetində də yüksək vəzifədə çalışan, Ermənistan lehinə verilən bəyanatların müəllifi kimi tanınan Etyen Mahçupyanın erməni jurnalist Hrant Dinkin ölümündən sonra İstanbulda erməni dilində nəşr olunan “Aqos” qəzetinə baş redaktor təyin olması diqqət çəkən məqamdır. Erməni diasporasının maliyyəsi hesabına fəaliyyət göstərən, antitürk, anti-Azərbaycan fəaliyyətinin ruporuna çevrilən “Aqos” qəzetinə fətullahçıların əsas media qurumlarının informasiya siyasətini müəyyənləşdirən şəxsin rəhbər təyin olunması diqqət çəkən məqam deyilmi? Bu, fətullahçıların və erməni diasporasının məqamlarının kəsişdiyi nöqtələrin olmasından xəbər vermirmi? Bu ortaq maraqlar təkcə Ermənistanın blokadadan qurtarılmasına hesablanmayıb, həmçinin erməni siyasətinə qarşı Türkiyə və Azərbaycan cəmiyyətlərində müqavimət hissinin zəiflədilməsi üzərində formalaşıb. Ermənilərlə ortaq marağa malik bir təriqətin Azərbaycanda fəaliyyət dairəsini bu qədər genişləndirməsi ölkənin milli təhlükəsizlik maraqları üçün ciddi təhlükə anlamı daşıyır”.

Tənzilə Rüstəmxanlı sonda dönə-dönə qeyd edir ki, fətullahçıların fəaliyyətinin Azərbaycanda dövlətçilik üçün nə dərəcədə təhlükə törətdiyini bilərək, bu sektanın fəaliyyətinin ciddi nəzarətə alınmasını, onların maliyyə qaynaqlarının və himayədarlarının aşkara çıxarılaraq zərərsizləşdirilməsi imkanlarını dəyərləndirilməlidir.






Fikirlər